Buz bağlanmış yollarda xəsarət alanların sayı açıqlandı

buz-baglanmis-yollarda-xesaret-alanlarin-sayi-aciqlandi
Oxunma sayı: 663

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov Trend-ə deyib ki, sürüşmə nəticəsində yanvarın 28-də 24 nəfər travma alıb, onlardan 23-ü xəstəxanaya çatdırılaraq yardım göstərilib. Yanvarın 29-dan indiyədək isə sürüşmə nəticəsində 11 nəfər travma alıb. Onlardan 7-si xəstəxanaya çatdırılıb. Sürüşmə nəticəsində insanlarda əsasən sınıq, çıxıq, əzilmə olub.

“Xəstəxanaya yerləşdirilənlərin bəziləri ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılırlar”, - baş həkim qeyd edib.

O əlavə edib ki, yanvarın 28-nə nisbətən 29-da təcili tibbi yardım stansiyalarına daha çox müraciət daxil olub. Yanvarın 28-də təcili tibbi yardım stansiyalarına 1313 çağırış daxil olduğu halda, yanvarın 29-da çağırışların sayı 1435-ə çatıb. Çağırışların sayının artması havanın soyuması və yanvarın 29-da ambulator poliklinikanın işləməməsi ilə əlaqədardır.

Hazırda adi rejimdə fəaliyyət göstərdiklərini deyən Mürsəl Həmidov bildirib ki, ümumilikdə yanvarın 28 və 29-da qeydə alınan çağırışların sayı digər günlərlə müqayisədə də elə də çox hesab edilə bilməz. Baş həkimin sözlərinə görə, adətən, gün ərzində orta hesabla 1300-1500 çağırış olur, istirahət günlərində çağırışların sayı hətta 1600-ə çatır.