Camaatın dərisini soyan qohumum

camaatin-derisini-soyan-qohumum
Oxunma sayı: 656

Universitet məzunu olan Elvinin bu sözləri məni əməlli-başlı təəccübləndirdi. İş vaxtı başa çatdığı üçün mən onu çay içməyə dəvət etdim. Biz yaxınlıqdakı parkda əyləşib, bir qədər ordan-burdan danışdıq. Elvinin mətləbin üstünə gəlməsi çox çəkmədi. Məlum oldu ki, qohumum ötən ay bank olmayan bir kredit təşkilatında işə düzəlib. Dedi ki, işlədiyi kollektivdə yaxşı hörməti var, yüksək maaş alır. Təbii ki, bu yerdə mən özümü saxlaya bilməyib, qohumumun nədən narazı olduğunu soruşdum. Elvin ətrafa boylanıb, axtardığını tapmış adamlar kimi sevincək qoluma toxundu: “Avtobusda gedən adamları görürəsən?” Qeyri-ixtiyari olaraq, mənim nəzərlərim də onun baxdığı istiqamətə tuşlandı. 6 nömrəli avtobus ləngər vura-vura yanımızdan ötüb keçirdi. İçəridə adam çox olduğu üçün sürücü qapıları bağlamamışdı. Elvin bir-birinə yapışmış adamları göstərib, belə dedi: “Bu insanların böyük əksəriyyəti işdən qayıdır. Camaat gecə-gündüz çalışır, amma onların zəhmətinin bəhrəsini banklar, kredit təşkilatları görür”.

Söhbət əsnasında Elvin dedi ki, işlədiyi kredit təşkilatına bu gün 20 nəfər müraciət edib. Amma təşkilat cəmi 3 adama kredit ayırmağa qərar verib. Mən, qohumumdam digər vətəndaşlara niyə kredit ayırmadıqlarını soruşanda, o, belə cavab verdi: “On yeddi nəfərdən ən azı on ikisi başqa banklardan kredit götürüb. Mərkəzi Bank vahid nəzarət mexanizmi yaratdığı üçün biz müraciət edən vətəndaşların digər banklara və kredit təşkilatlarına borclu olub-olmadığını asanlıqla müəyyənləşdirə bilirik. Məsələn, bu gün Suraxanı rayonunda qeydiyyatda olan bir kişi kredit götürmək üçün bizə müraciət etmişdi. Biz Mərkəzi Bankın yaratdığı sistemə daxil olub, həmin kişinin hər ay iki ayrı banka üst-üstə 400 manat kredit ödədiyini müəyyənləşdirdik. Onun aylıq maaşı 600 manatdır. Daxili nizamnamə həmin şəxsə kredit verməyi qadağan etdiyi üçün biz onu əlibış yola saldıq”.

Mən, Elvindən insanların daha çox hansı məqsədlə kredit götürdüklərini soruşdum. Qohumum dedi ki, dünən bir qadın BDU-da oxuyan qızının təhsil haqqını ödəmək üçün onlardan 1500 manat kredit götürüb. Başqa bir kişi isə nişanlı qızına cehiz almaq üçün borca girməli olub. Kredit üçün onlara müraciət edən adamların arasında xəstə övladlarını müalicə elətdirmək istəyən valideynlər də az deyil. Acınacaqlısı isə odur ki, bu adamlar uzun müddət əziyyət çəkib tələb olunan sənədləri toplayandan sonra cəmi 1500-2000 manat vəsait ala bilirlər.

Söhbətimiz başa çatanda mən müştərilərə neçə faizlə kredit verildiyi ilə maraqlandım. Elvin dedi ki, dünən bir kişiyə 1000 manat kredit veriblər. Bir il ərzində həmin müştəri onların təşkilatına ayda 110 manat pul ödəyəcək. Bu isə bir ildə 1320 manat edir. Deməli, 1000 manat kredit alan müştəri il ərzində 320 manat əlavə vəsait ödəməli olacaq.

Faizin bu qədər yüksək olması məni əməlli-başlı qəzəbləndirdi. Özümü saxlaya bilməyib, Elvinin üstünə qışqırdım: “Belə də insanlıq olar?! Siz camaatın dərisini soyursunuz!”

Elvin qəmli baxışlarını üzümə zilləyib, mülayim səslə dedi: ”Kinoteatrın qarşısında siz məndən hansı işlə məşğul olduğumu soruşanda, elə mən də bu sözləri demişdim...”

Bu söhbətdən sonra mən Elvinin niyə bu qədər kədərli olduğunu daha yaxşı anladım. Və bir daha əmin oldum ki, vicdanlı adamların bu ölkədə yaşaması çətin, çox çətindir...