Cavid Qurbanov piyada keçidi yerinə, ticarət mərkəzi tikir

cavid-qurbanov-piyada-kecidi-yerine-ticaret-merkezi-tikir
Oxunma sayı: 769

Aylardır evlərinin düz içərisinə girən tikinti onların yuxusunu ərşə çəkib. Sözügedən ünvanda yaşayan 10-dan çox ailə evlərinin 5 metrliyində tikilən ticarət mərkəzinə görə avqustun 25-də yaxınlıqdan keçən yolu bağladılar. Ticarət mərkəzinin tikintisinin dayandırılmasının tələb edən sakinlər evlərində iri çatların meydana gəldiyini, həyatlarını təhlükə altında olduğunu bildirdilər.

FHN-in qərarı: “Məktub icraata götürülüb...”

Aksiya iştirakçılarından Gülman Novruzov, Zaur Həsəni, Əlpaşa Abbasov, Səməd Mahmudov, Adil Səmədov, Qurban Səmədov, Bahəddin Sadiqi qəzetimizə açıqlamalarında bildirdilər ki, 10-dan çox ailənin günü göy əsgiyə bükülüb. Aksiya iştirakçılarından Gülman Novruzov bildirdi ki, ticarət mərkəzi tikilməmişdən qabaq Fövqəladə Hallar Nazirliyinin “112" qaynar xəttinə zəng edərək məlumat veriblər:

”Daha sonra sakinlər adından rəsmi məktub yazıb nazirliyin Bakı Regional Şöbəsinə göndərdik. Evlərimizin uçulub dağılmasını da çəkib nazirliyə təqdim etmişik. Bu dəqiqə elə vəziyyət yaranıb ki, bir balaca tərpəniş olsa evimiz başımıza uçacaq. Tikintidən qopan dəmir, beton parçalar evimizin üstünə düşür. Səs-küydən evdə otura bilmirik. Bəzi ailələrin mənzillərinin içərisi qum və daş parçaları ilə doludur. Nazirliyə ünvanladığımız məktuba FHN-nin Bakı Regional Şöbəsindən Tale Şançıyevin imzası ilə cavab gəlib ki, şikayət məktubunuz icraata götürülüb və Yasamal Rayon İcra Hakimiyyətinə göndərilib. İcra hakimiyyətindən də nümayəndələr gəlib evlərimizə baxıb getdilər. Hələ indiyə kimi bu qurumlar bizə rəsmi bir cavab verməyiblər".

Sakinlər məsələ ilə bağlı ticarət mərkəzini tikdirən sahibkara da müraciət etdiklərini bildirdilər: “Biznesmen dedi ki, lazım gəlsə evinizi təmir etdirərik. Evlərimiz tən ortadan bölünüb. Bu adamlar bizim problemimizi ciddiyə almır. Üstəlik qanunla tələb olunan bütün tikinti normalarını kobudcasına tapdalayırlar. Qanunda da var ki, yeni tikinti mövcud tikilidən 11-18 metr aralıda yerləşməlidir”.

Bahəddin Sadiqi adlı məhəllə sakini isə bilirdi ki, dörd yol qovşağında tikilən ticarət mərkəzi qanunsuzdur: “ Görmüşük ki, yol qovşağında körpü, tunel və ya keçid tikərlər. Bunlar təmir olunan Şərifzadə prospektinin tən ortasında özlərinə bazar açır. Bu dövlət hara baxır?”

Ticarət mərkəzini Cavid Qurbanov tikdirir

İnşası davam edən ticarət mərkəzində də olduq. Tikintidə çalışan fəhlələr bildirdilər ki, ticarət mərkəzini sahibi əraziyə gec-gec gəlir: “Ticarət mərkəzi tikilir. Başqa məlumat da bilmirik. Sadəcə işimizi görürük”.

Araşdırmalarımız nəticəsində isə öyrəndik ki, ticarət mərkəzini “Azəryolservis” ASC-nin rəhbəri Cavid Qurbanov tikdirir. Tikintiyə “Kəlbəcərli Mahmud” kimi tanınan bir iş adamı rəhbərlik edir. Deyilənə görə, genişləndirilən və təmir olunan Şərifzadə prospektinin həmin ərazidən keçən planını C.Qurbanov dəyişdirib. Belə ki, layihədə dörd yol qovşağında piyada keçidinin tikilməsi nəzərdə tutulubmuş. Lakin deputat Cavid Qurbanov keçid tikiləcək yeri alaraq ticarət mərkəzi tikdirməyə başlayıb. Qeyd edək ki, hazırda ticarət mərkəzinə görə təmir olunacaq yol bir necə yerdən qazılıb. Magistral yol ticarət mərkəzinə çatmamış nəqliyyatın üzünə bağlanıb. Ərazidə yaşayanlar isə yüz metrlərlə yolu toz-torpağın içində qət etmək məcburiyyətində qalırlar.

Onu da qeyd edək ki, Cavid Qurbanov Zabratda xalqa zülm edir. Onun tikdirdiyi “Zabrat” ticarət mərkəzinə görə Bakının 14 kənd və qəsəbəsi - Sabunçu, Balaxanı, Ramanı, Zabrat, Məhəmmədi, Kürdəxanı, Pirşağı, Nardaran, Maştağa, Buzovna, Bilgəh, ətrafda olan Savalan, “Sovxoz” deyilən əraziləri ilə demək olar ki, əlaqə kəsilib./musavat.com/