Cavid Qurbanovdan “orijinal” addım

cavid-qurbanovdan-orijinal-addim
Oxunma sayı: 653

Aldığımız məlumata görə, ticarət mərkəzinin sahibi “Azəryolservis” ASC-nin rəhbəri Cavid Qurbanov babası Aşıq Şəmşirin şərəfinə “Zabrat” ticarət mərkəzini “Ş” hərfi formasında tikdirir.

Ərazidə olarkən tikintidə işləyən fəhlələr də faktı təsdiqlədilər. Ticarət mərkəzinə kimi yolun bağlanaraq işlərin dayandırılması səbəbinə gəlincə, onlar bildirdilər ki, bu ticarət mərkəzinin tikintisinə görə kanalizasiya sisteminin yenidən qurulması ilə bağlıdır: “Ticarət mərkəzinin əsas binasında heç bir iş aparılmır. Əlavə bina tikilib, ona birləşdirildi. Biz görməmişik, amma deyirlər ki, ticarət mərkəzi peykdən ”Ş" hərfi formasında görünür".

***

“Şəmşirəm, bilirəm dürr qiymətini,
Cavan qiymətini, pir qiymətini.
Zərgər olan bilər zər qiymətini,
Verin qədirbilənlərə sözümü" - deyən Aşıq Şəmşirin adını əbədiləşdirən nəvə Qurbanov “Zabrat” ticarət mərkəzini vaxtilə Respublika Hərbi Komissarlığına rəhbərlik etmiş Əlağa Hüseynovdan alıb. Hörmətli Əlağa müəllim Salyana icra başçısı təyin olunarkən “Azəryolservis” ASC-nin sədri ticarət mərkəzini ona satmağı xahiş edib.

“Cavid Qurbanov Bakının 14 kəndinin əhalisinə zülm verir”


Bakı ətrafında yerləşən 14 kənd və qəsəbəni - Sabunçu, Balaxanı, Ramanı, Zabrat, Məhəmmədi, Kürdəxanı, Pirşağı, Nardaran, Maştağa, Buzovna, Bilgəh, ətrafda olan Savalan, “Sovxoz” deyilən əraziləri birləşdirən və hazırda bir hissəsi təmirə bağlanan şəhər şossesinin (Zabrat yolu) nə vaxt açılacağı məlum deyil. Ərazidə olarkən taksi sürücülərindən bir neçəsi qəzetimizə açıqlamalarında bildirdilər ki, axırıncı dəfə təxminən 5-6 il əvvəl təmir olunmuş və bu qədər kənd-qəsəbəni əhatə edən yolu bilərəkdən viran vəziyyətinə qoyublar: “Özləri bilə-bilə ağır yük maşınlarının burada şütüməyinə şərait yaratdılar. Nəticəsi də budur - yol iri dəliklər və partlayan su borularından axan su ilə dolub, gölməçəni xatırladır. Balaxanı istiqamətində olan işıqforun qarşısındakı yolayrıcında bir-birinə yol vermək istəməyən sürücülərin yüksək səsli siqnallarından qulaq tutulur. Bu yolu elə bərbad hala salıblar ki, ağır yük maşını düşsə onu heç cür çıxarmaq olmayacaq. Sərnişin avtobusları ara küçələrdən istifadə edir. Bu da bəzən təhlükəli halların yaranmasına gətirib çıxarır. Məsələn, 2-3 gün öncə ara küçədən Balaxanı dairəsinə çıxan sərnişinlə dolu avtobuslardan biri az qalsın aşacaqdı”.
Sürücülərin sözlərinə pik saatlarında bu ərazidən keçmək əsl cəhənnəmdir: “Cavid Qurbanov özü neçə dəfə əraziyə gəlib. Bu adam Bakının 14 kəndinin əhalisinə zülm verir. Adi vaxtlarda 2-3 dəqiqəyə keçdiyimiz yolu, pik saatlarında 2-3 saata ancaq keçirik”.

Taksi sürücüləri bildirdilər ki, burada yolun bərbad vəziyyətdə olması ilə yanaşı, həmçinin yolayrıcının düzgün tənzimlənməməsi tıxac yaranmasına səbəb olur. /Yeni Müsavat/