Cavid Qurbanovun adı yenə pis işlərdə

cavid-qurbanovun-adi-yene-pis-islerde
Oxunma sayı: 768

Ağdamdakı mənbələr bildirir ki, bir neçə ay öncə yenicə təmirdən çıxmış Ağdam Rayon 1 saylı Doğum Evi yenidən təmirə bağlanıb. Xəstəxanada çalışan heyət məzuniyyətdən geri çağırılaraq təmizlik işlərinə cəlb edilib. Baş vermiş qanunsuzluq həm həkimlərin, həm də rayon sakinlərinin hiddətinə səbəb olub. Adının çəkilməsini istəməyən həkim yerli mənbəmizə bildirib ki, bu qanunsuzluqlara etiraz edənlər işdən qovulur: “Sadəcə özümüzü işdən qovsa dərd yarıdır. Ailədə, qohum-əqrəbada kim işləyirsə hamısı incidilir. Biz nə üçün bir aylıq maaşımızı xəstəxananın təmirinə verməliyik? Aldığımız maaş çox olsa etiraz etmərik. Ancaq 170-180 manat maaş özümüzü ancaq görür. Prezident gəlirsə, bunun bizim məzuniyyətimizə nə aidiyyatı var axı? İl boyu işləyirik, 1 aylıq məzuniyyətimiz var, onu da burnumuzdan gətirirlər”.

Ən acınacaqlı hal sakinlərindir. Belə ki, rayonda kimsə xəstələnsə və ya anidən başlarına hansısa hadisə gəlsəb yaxın rayonlara, Bərdəyə ya da Tərtərə aparılmalı olurlar: “Biz qaçqın adamlarıq, o qədər pulumuz yoxdur ki, taksilərə verib gedək başqa rayonlara. Yayın istisində özlərindən nə hoqqa çıxardırlar bunlar, baş açmaq olmur”

Hər məmura 5 manat...

Sentyabrda ölkə prezidentinin Ağdam rayonuna səfəri gözlənilir. Mənbəmiz bildirdi ki, bununla bağlı rayon rəhbərliyi fürsətdən istifadə edib yerli məmurlardan pul yığmağa başlayıb. Yığılan pulun məbləğinin 5 min manat olduğu deyilir. Qaynağımız dedi ki, pul yığımı guya rayonda informasiya mərkəzinin tikintisinə ayrılacaq.

Təcili yardımın rəhbərinin təcili qovulması

Mənbəmizin dediyinə görə, Ağdam Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım mərkəzinin rəhbəri Muradxan Nizami Sadıqovun qəzəbinə tuş gəlib: “Ötən gün bura gəlmişdi. Muradxan həkimin otağına girəndə divar kağızının birinin kiçik bir hissəsini görüb içəridə hay-küy saldı. Daha sonra dedi ki, bir günün içərisində otağı təmir etdirsin. Başçı gedəndən sonra qopmuş hissəni kleylə yapışdırdıq. 1 gündən sonra başçı gəlib gördü ki, otaq təmir edilməyib. Ona görə də gəlib Muradxan həkimi otağında döyüb sonra da işdən qovdu. İndi onun yerinə uşaq həkimi olan Reyhan Eyvazovanı qoyublar”.
Deyilənə görə, doğum evində də vəziyyət kritikdir. Ağdam rayonunda 1 ildir istifadəyə verilən doğum evində yığılan pullar isə doğulan uşaqların sayından dəfələrlə çoxdur. Belə ki, doğum evinin rəhbəri Fəridə Bağırova bir uşağın doğumuna 300 manat alır: “Bizim imkanımız yoxdur axı 300-400 manat verək bir doğuma. Hamımız heyvandarlıqla, təsərrüfatla məşğul olan adamlarıq. Bəzilərimiz günü 6 manata pambıq sahələrinə ayaq döyən insanlarıq. Fəridə həkimə etiraz edəndə deyir ki, pulun yoxdursa, neynirsən uşağı? Deyir, mən bu pulu tək yemirəm ki, Gülnar həkimə gedir yarıdan çoxu. Gülnar Abbasova da buranın baş həkimidir. İndi pul yoxdur deyə bu camaat doğmasın?”.

Qarabağ soyğunu

Son günlər futbolla bağlı qalmaqal da hər kəsin dilindədir. Sən demə, başçı komanda sayəsində külli miqdarda pul əldə edib. Belə ki, 28 mart tarixində “Qarabağ” və “Qəbələ” futbol komandalarının oyunu da Nizami Sadıqovun gəlir yerinə çevrilib: “Yerli məmurlar bu oyunun güdazına gedərək xərcə düşüblər. Hər bir bələdiyyə sədrindən, icra nümayəndəsindən, orta məktəb direktorundan 50 manatdan, idarə və müəssisə rəhbərlərindən isə 100 manatdan futbolpulu adı altında pul yığılıb. Həmin pullar da təbii ki, Nizami Sadıqova çatıb. Stadion artıq yararsız hala düşüb. Komanda isə şəraitin pis olmağından şikayətlənərək stadiona getmək istəmir”.

İcra başçısının “Toylar kralı” qalmaqalı

Rayonda hər bir məsələ pulla həll edilir. İcra başçısının növbəti fısqırıqlarından biri ANS-də yayımlanan “Toylar kralı” yarışması ilə bağlıdır. Belə ki, tanınmış mərhum sənətçimiz Qədir Rüstəmovun oğlu ANS telekanalında yayımlanan “Toylar Kralı” müsabiqəsinə qatılıb. Bu da Nizami Sadıqovun əlində bəhanə olub ki, yerli məmurları talasın. Qədir Rüstəmovun oğluna sms göndərmək adı altında icra başçısı büdcə təşkilatlarında çalışanlardan 10-20 manat arası konturpulu toplayıb ki, müğənnini toylar kralı seçsin.

İcra başçılığına yeni iddialılar

Xəbər qaynağımızın bildirdiyinə görə, son aylar Ağdamda icra başçısı olmaq uğrunda qızğın mübarizə gedir. Mənbə deyir ki, Ağdam rayon maliyyə şöbəsinin müdiri Elşad Əhmədov İH başçısı olmaq üçün bütün imkanlarını səfərbər edib: “Elşad Əhmədov məzuniyyətdə olan müavinini təcili geri çağırıb və özü məzuniyyətə çıxaraq Rusiyaya yollanıb. E.Əhmədovun təcili Rusiyaya getməsinin səbəbi deyilənə görə, ona Moskvada hakimiyyətə yaxın olan tanınmış bir biznesmenlə görüş vədi verilməsi olub”.

Bu istiqamətdəki xəbərlərin davamı bu cürdür ki, E.Əhmədov icra başçısı təyin olunması üçün arada olan bir deputata start olaraq 200 min manat verib. Xatırladaq ki, Elşad Əhmədov əvvəllər Ağdam rayon icra hakimiyyəti başçısının 1-ci müavini vəzifəsində çalışıb və onu bu vəzifədən məhz indiki başçısı Nizami Sadıqov çıxarıb.

Rayondakı mənbələrin bizə verdiyi məlumatda o da bildirilir ki, icra başçılığı uğrunda mübarizə aparan şəxslərdən biri də Ağdamın təhsil şöbəsinin müdiri Elmira Şükürovadır. Belə ki, Elmira Şükürova icra başçısı olmaq üçün yaxın qohumu, “Azəryolservis” ASC-nin rəhbəri, deputat Cavid Qurbanova külli miqdarda pul verib. Xatırladaq ki, C.Qurbanovun öz qohumunu Ağdama icra başçısı təyin etdirmək istəyində olması haqda mətbuatda indiyədək xeyli məlumatlar dərc olunub. Mənbəmiz bildirir ki, Elmira xanım yaxın çevrəsində olan adamlara deyib ki, yaxınlarda icra başçısı olacaq.

Yazıda adı çəkilən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq.