“Çempionlar Liqasında “Neftçi” azarkeşlərini sevindirəcəm”

cempionlar-liqasinda-neftci-azarkeslerini-sevindirecem
Oxunma sayı: 659

“Qafqazinfo”nun verdiyi məlumata görə, “Neftçi”nin düşərgəsinə gələn Çili yığma komandasının hücumçusu Nikolas Kanales, səhər saatlarında tibbi müayinədən uğurla keçdikdən sonra, klub futbolçu ilə rəsmi müqavilə bağlayıb. İmzalama mərasimində Nikolas Kanales bunları deyib: “Neftçi” kimi iddialı kluba gəldiyim üçün çox şadam. Komandanın Çempionlar Liqasında oynaması mənim qərar verməyimə təsirini göstərdi.Çünki istər Çili, istərsə də digər xarici çempionatlarda çıxış edən komandalardan təkliflərim çox idi. Bura gəldiyim andan özümə qarşı xoş münasibəti, komanda daxilində olan səmimiliyi görəndən sonra düzgün qərar verdiyim bir daha təsdiqini tapdı və öz istəyimlə 11 nömrəli futbolkanı mənə təqdim etdilər. "Neftçi"nin heyətində ilk rəsmi oyunumu Bakıda, Çempionlar Liqası turnirində "Zestafoni" klubuna qarşı keçirəcəyəm. “Neftçi” azarkeşləri əmin olsunlar ki, elə həmin matçda vuracağım qollarla onları sevindirəcəyəm”.

Qeyd edək ki, Nikolas Kanales “Neftçi”yə Çilinin “Palestino” klubundan gəlib. 182 sm boya malik futbolçu hücumda çıxış edir. Bu gün 27 yaşını qeyd edən forvard Çili yığmasında 14 oyun keçirib. Kanales 20 yaşlılardan ibarət millidə 13 oyuna 6 top vurub. Əsas yığmada 1 oyun keçirən hücumçu fərqlənə bilməyib.