Cəsur komandir haqqında nə bilirik?..

cesur-komandir-haqqinda-ne-bilirik
Oxunma sayı: 12492

Bu günlərdə Danimarkada dünyasını dəyişən Azərbaycan-Danimarka Dostluq Cəmiyyətinin sədri, I Qarabağ müharibəsi iştirakçısı, istefada olan polkovnik Elxan Hüseynovun vəfatı onu tanıyanları dərindən kədərləndirdi. Onun ölümü Azərbaycan və diaspor üçün ağır itkidir. Çünki Elxan Hüseynov bu ölkədə erməni diasporuna qarşı sistemli şəkildə mübarizə aparan cəmiyyət sədrlərimizdən sayılırdı və Danimarkada Azərbaycan və Qarabağ münaqişəsi ilə bağlı fikirlərin formalaşmasında böyük xidmətləri olub.
Nə etmək olar, ölüm haqdan gələn əmrdir. Bir gün yaranan, bir gündə həyatdan getməlidir. Sadəcə olaraq, ona belə ölüm yaraşmırdı. Qarabağ müharibəsinin ilk günündən, sonuncü gününə kimi döyüşən bir cəsur komandirin xərçəng xəstəliyindən dünyasını dəyişməsi, onu tanıyan insanları yandırmaya bilməz.
Bəs diaspor rəhbələrimiz, yazarlarımızın məhrum haqqında düşüncələri nədən ibarətdir və onu necə xatırlayırlar?..
"Elxan Hüseynov bütün şüurlu həyatını Azərbaycana həsr etmiş və diaspor işində önəmli xidmətləri olan diaspor rəhbərlərimizdən idi. ömrünün böyük bir hissəsini Azərbaycanın müstəqilliyi işinə həsr edərək bu yolda fəallıq göstərib".
Bu sözləri Danimarka Azərbaycan-Türk Qadınlar Birliyinin sədri Anaxanım Hüseynova dedi.
"Azərbaycanın Danimarkada tanıdılması yolunda təqdirəlayiq xidmətləri olub. Onun ölümü Azərbaycan diasporuna ağır zərbədir və Elxan Hüseynov əsl Azərbaycan oğlu idi".
Anaxanım Hüseynova Elxan Hüseynovun Qarabağ müharibənin birinci günündən axırıncı gününə kimi fəal iştirak etdiyini qeyd etdi: "Elxan Hüseynov istefada olan polkovnik idi və Azərbaycanın işğal edilmiş torpaqlarının qaytarılması uğrunda fəal iştirak edib. Tərtərin müdafiə olunmasında Elxan Hüseynovun böyük xidmətləri olub. Həmin rayonda ermənilərə ağır zərbə vuran əsas komandirlərdən biri olub".
"Elxan Hüseynov özünü Azərbaycan davasına həsr etmiş, əlindən gəldiyi qədər Azərbaycan məsələsini təbliğ edən, ölkəsinə dost qazandırmağı bacaran insan idi".
Bu sözləri isə Danimarka parlamentinin sabiq üzvü, Hüseyin Arac üzüntü ilə söylədi.
"Onun özü dəfələrlə məni Danimarka parlamentində ziyarət edib, Azərbaycanda bir milyon məcburi köçkünün vəziyyəti haqqında geniş bilgilər verirdi. Xüsusilə, onunla Danimarka-Azərbaycan əlaqələrinin inkişaf etməsi üçün birgə uğurlu çalışmalarımız olub. O, ciddi, səmimi və mübarizəsinə inanan insan idi. Yaxın dostumu itirmək mənimçün olduqca ağırdır. Onun ailəsinə başsağlığı verirəm. Elxanın yolu davam etdirməlidir ki, onun ruhu şad olsun".
"Mənim Elxan bəylə şəxsi tanışlığım olmasa da, onu Azərbaycan diasporunun üzdə olan simalarından biri kimi tanıyırdım. Diaspor haqqında kitablarımda onun sədri olduğu Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti barədə ətraflı məlumat vermişəm".
Bu sözləri diaspor üzrə tanınmış araşdırmaçı, "Diaspor və Lobbi" Strateji Araşdırmalar Mərkəzinin sədri Zaur Əliyev dedi.
"Hesab edirəm ki, bu gün Danimarkada az sayda soydaşlarımızın yaşamasına baxmayaraq, onların fəaliyyəti diqqətəlayiqdir və bu işdə şübhəsiz Elxan Hüseynovun rolu olmuşdur. Məhz onun müəllifi olduğu xəritə üzərində "Ermənilərin Xocalı genosidi planı" adlı layihəsi təkcə Skandinav ölkələrində deyil, Avropanın bir neçə ölkəsində xalqımızın ən ağrılı faciəsinin tanınmasında əməyi olmuşdur. Eyni zamanda Danimarkada Azərbaycanı təbliğ edən stendin sərgilənməsi və burada dövlət rəmzləri, dövlət başçısı haqqında məlumat, Ermənistan hərbi birləşmələrinin işğal etdiyi ərazilərimizin xəritəsi və bununla bağlı ərtaflı izahat, eləcə də ölkəmiz haqqında digər bilgilərin olması məhz onun adı ilə bağlıdır. "Fergli ve Birge" layihəsinin işçi qrupunun üzvü, Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Elxan Hüseynov vaxtsız vəfatından kədərlənirəm".
Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri, Ayhan Dəmirçi Elxan Hüseynovun bir şəxsiyyət olduğunu qeyd edərək, onun vaxtsız vəfatını Azərbaycan diasporunun böyük itkisi kimi dəyərləndirdi və onun adının hər zaman dostlarının qəlbində yaşacağını söylədi.
İsveçdə fəaliyyət göstərən "Vahid Azərbaycan Təşkilatı"nın sədri, Ayə Coşkun Elxanın ölümü ilə barışa bilmədiyini bildirirək, onun həyatda olmadığına inanmadığını söylədi.
"Elxan haqqında onu deyə bilərəm ki, o, əsl Azərbaycan oğlu idi və xalqımız böyük oğlunu itirdi. Mənimçün onun ölümündən sonra danışmaq olduqca çətindir", - deyə dərnək sədri bildirdi.
Almaniyadan "Azərbaycanın Dostları" cəmiyyətinin sədri Elman Mustafazadə Elxan Hüseynov haqqında hər zaman gözəl xəbərlər eşitdiyini söyləyərək, onun Azərbaycan diasporunun güclənməsi üçün böyük işlər gördüyünü qeyd etdi.
Hollandiya-Azərbaycan Türk Mədəniyyət Mərkəzinin sədri İlhan Aşkın Elxan Hüseynov şəxsiyyətinin diaspor üçün hər zaman doğma olduğunu və Azərbaycan davasına könüldən dəstək verən insanların önündə olduğunu vurğuladı.
İzmir Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Camal Mehmetxanoğlu da Elxan Hüseynovun Avropada Azərbaycan diasporunun formalaşmasında böyük əmək sərt etdiyini bildirirək, onun vəfatını Azərbaycan diasporu üçün böyük itki hesab etdi.
Sonda onu bildirək ki, Elxan Hüseynov heç zaman yaddaşlardan silinməyəcək, ömür-gün yoldaşı, Azərbaycan musiqisini Danimarkada təbliğ edən Kəmalə Hüseynovaya başsağlığı veririk. Millətimizin başı sağ olsun!

Elnur Eltürk