Çıx bayıra!

cix-bayira-
Oxunma sayı: 663

Başa düşmürəm, sosializmdən kapitalizmə necə gəldik, olmaya, tarixin təkərini geri döndərdik? Bəs, vəd olunan kommunizm necə oldu? “Sənin beş yüz manatın cəhənnəm, bəs, mənim bir abbasım hara getdi?”

Türkiyədə bu məsələ tamam qıcqırma həddinə çatıb. İstanbulda olanda əsəb xəstəliyinə tutulmuşdum. Bir yandan səhər-günorta-axşam əzan səsi adamı birbaşa ərəb quldarlığına sürükləyir, bir yandan da kapitalizmin müasir qulları adamın abrını aparırdı. Küçələrdən rahat keçmək mümkün deyildi. Kafe-restoranların yanında duran kəpənək qalstuklu gənclər robot kimi yoldan ötənlərin hamısını öz yeməkxanalarına dəvət edirdilər. Onların dəvətilə içəri girəni heç görmədim. Əksinə, camaat onlardan perikib bir az da aralı gedirdi. Mən hər dəfə onların bu ciddi dəvətini pozaraq öz ayrım ləhcəmdə “nə var, a bala, qoysanız camaat öz yolunnan gedə, adamın zəhləsini az töksəniz!” deyirdim. Onlar da deyəsən, heç məni başa düşmür, başa düşsələr də üstünü vurmur, manikenlər kimi üzümə gülümsəyirdilər.

Bir dəfə lap əsəbiləşdim. Kafenin yanında durub dəvət eləyənlərin birindən soruşdum, müdiriniz hardadı? Robot oğlan sevinmiş dedi ki, odu bax, küncdəki stolda oturub. Gəlib müdirlə salamlaşıb tanış oldum. Dedim, mən Azərbaycandan gəlmişəm, özüm də yazaram. Kişi elə bildi mən ondan pulsuz yemək istəyirəm. Bir az üzünü turşudaraq dedi, keçin, o stola, deyərəm, indi sizə bir qab yemək verərlər. Dedim, a kişi, mən bura yeməyə gəlməmişəm, mən sizin bu metodu pisləməyə gəlmişəm. Kişini danlamağa başladım. Dedim, küçəyə qoyduğun o uşaqlar nə haqla onun-bunun zəhləsini tökürlər? Bu nə ticarətdi? Sən bilirsənmi, adamlar belə çağırışlardan, əksinə, qaçırlar? Dedi, əfəndim, neyniyək, hamı belə eləyir, məcburuq, biz də eləyək. Dedim, a kişi, ayıbdı, camaatın abrını töküb öz ticarətinizə ziyan vurmayın.

Nə isə, kişini o qədər danladım, yazıq başını aşağı salıb - bəlkə də ömründə birinci dəfə - xeyli düşündü. Kafedən çıxmaq istəyəndə məni yenə yeməyə dəvət elədi. Dedim, əfəndim, mən belə yerlərdə yemək yeyə bilmərəm.

... Ankarada dostumla bazar yaxınlığındakı oteldə qalırdıq. Bazara girirdin, ağız deyəni qulaq eşitmirdi. Yan-yana, məsələn, pomidor satanların hamısı “domatesin tatlısı burda!”, balıq satanların hamısı “yaxşı balıq burda!” deyə bağırırdılar. Bu hələ harasıdı?! Hər həftənin altıncı-bazar günü bazarın qarşısında yarmarka olurdu. Artıq burda bağırmaq azlıq eləyirdi. Hərə əlinə bir səsgücləndirici alıb bar-bar bağırırdı: “Üçü bir lirəyə, beşi bir lirəyə!” Sadəcə, dəhşət idi! Kədərlə fikirləşirdim, güvəndiyimiz Türkiyənin baş kəndi nə gündədi, ey ulu Tanrı!

Belə şeylər Bakıya da yoluxub. Avtobusun marşrutunu bağıranlar, şadlıq saraylarında, restoranlarda araqsüzənlər, nə bilim, prestijli mağazalarda öz yardımını təklif edən satıcılar...

...Bir qış günündə Bakıda “Gənclik” metrosu tərəfdə adam gözləyirdim. Külək qarı göyə sovurub adamın üzünə çırpırdı.Yaxında, çay içmək bəhanəsi ilə girib isinməyə çayxana da yox idi. Qarşıda böyük bir mebel mağazası vardı. Pilləkənlərlə qalxıb özümü mağazaya verdim. Tərs kimi, əlimdəki, içərisinə bir qəzeti dörd büküb qoyduğum xırda çantam da pul çantasına bənzəyirdi. İçəridə özümü mebellərlə maraqlanan adam kimi göstərməyə çalışır, gəzinib ora-bura boylanırdım. Satıcı qız dərhal başımın üstünü kəsdirdi: “Sizi hansı mebel maraqlandırır? Sizə necə kömək eləyə bilərəm?” Boş durmamaq üçün qarşıdakı divar mebelinin qiymətini soruşdum. Xanım dedi, onun qiyməti 50 min manatdı, endirim də eləyə bilərik. Tez ordan aralanıb bir çarpayının yanında dayandım. Dedi, bunu sizə 15 minə verərik. Dedim, xanım, ta, özüm baxacam, siz əziyyət çəkməyin. Xeyri olmadı, qız yanımdan əl çəkmirdi. Mənimlə bir az yanaşı gəzişdikdən sonra uzaqda oturan müdir onu işarəylə öz yanına çağırdı. Sonra xanım yanıma qayıdıb məndən soruşdu ki, müəllim, siz konkret nəsə almaq istəyirsinizmi? Dedim, xanım, sizcə, mən 50 mini olan adama oxşayıram? Xanım qayıtdı ki, müdirimiz deyir, nəsə almaq istəmirsinizsə, xahiş edirəm, bizə mane olmayın.

Bayırda xanımın bu sözlərini özüm üçün belə tərcümə elədim: “Bir şey almayacaqsansa, çıx bayıra!”

Teleqraf.com