Çiy südün nəyi pisdi ki?!

ciy-sudun-neyi-pisdi-ki
Oxunma sayı: 1351

Azərbaycanlılar olaraq leksikonumuzda çox tez-tez işlətdiyimiz bir ifadə var – insan çiy süd əmib. Yəni guya ana südü çiy olur və biz insanlar da ondan qidalandığımız üçün hər cür pis əməli törədirik, yaxud törədə bilərik. Amma...

Bu məsələnin bir əmması var. Vaxt var idi insanlar həqiqətən də çiy süd, yəni ana südü əmirdilər və yəqin ki, hər kəs mənlə razılaşar-o insanlar biz insanlardan qat-qat yaxşı idi. Fərd olaraq hər biri hər birimizdən yaxşı idi deyə iddia etmirəm, sadəcə olaraq o insanların arasında pisləri daha az idi, nəinki biz insanların arasında. Biz insanların arasında pis əməl sahibləri daha çoxdur, nəinki o insanların arasında. Biz insanlar anamızı öldürürük, çünki onun çiy deyib bəyənmədiyimiz südünü əmməmişik. Atamızı öldürürük, çünki zəmanə pis gəlib, obyektiv səbəblər üzündən atalarımız bizə lazımı diqqəti, qayğını göstərə bilməyib, bir çox hallarda isə atalı ikən atasız böyüyürük. Atalarımız nənələrimizin “Ərəsey” dediyi Rusiyanın çöllərində biz balalar isə burada birbaşına. Qardaşlarımızı, bacılarımızı, dost-doğma övladlarımızı öldürürük, çünki bəyənmədiyimiz çiy süddən əmməmişik, süd qardaşlığı, süd bacılığı, qarşımızı kəsən süd yoxdu aramızda. İnanmırsınızsa açın kriminal xəbərlərə baxın.

Hələ mən anadan olmamışdan əvvəl rayonumuzda bir hadisə baş vermişdi. Meşəbəyi yalan məlumatlara aldanıb gənc qızını güllələmişdi. Guya qız hamiləymiş. Amma qızın meyiti ekspertizadan keçiriləndən sonra ata yanıldığını başa düşmüşdü. Kişi elə o dərddən bir neçə ilin içində dünyasını dəyişmişdi. Bu, o zamanlar üçün nadir hadisə olduğundan bir neçə onillik idi ki, dəhşətlə xatırlanırdı. Amma artıq belə hadisələr adi hala çevrilib. Doğmaların bir-birini xüsusi qəddarlıqla qətlə yetirməsi hər gün oxuyub sadəcə təəssüfləndiyimiz xəbərlər sırasındadır.

Yalan, şər, böhtan ən adi məşğuliyyət olub biz insanlar üçün. Bir qızı aldadan oğlan illər uzunu qınaq obyekti olurdu çiy süd əmən insanların zamanında. Bir kişinin yalanının üstü açılardısa o nüfuzdan düşərdi el içində. Bir qadın yad kişiyə baxardısa cəzasını çiy süd əmmiş insanlar verərdilər-tənələri, qınaqları ilə. İndi kişilərin aldığı nəfəs də yalandı, qadınların gözləri elə hey onda-bundadı.

Oğurluq edən adam eldən təcrid edilərdi çiy süd əmən insanların dövründə. Birinin halal malına haram qatmaq ən böyük günah hesab edilərdi. İndi isə oğurluq yaşayış vasitəsinə çevrilib. Oğurluq edirlər, hələ üstəlik, kamera qarşısında bunu etiraf edir, çox vaxt da özlərinə haqq qazandırırlar ki, başqa yolum yox idi.

Biz çiy süd əmmirik, biz süni qidaları alıb bişirir, onunla qidalanırıq. Onlar isə çiy süd əmmişdilər-ana südü. Onlar yaxşı İNSAN idilər, yoxsa biz? Özünüz qərar verin...