“Çoban sözünü eşidəndə quzu kimi oluram...” - Cavab

coban-sozunu-esidende-quzu-kimi-oluram-cavab
Oxunma sayı: 905



Mən Şahvələd bəyin yazılarına nə üçün Çobanoğlu imzası qoyduğunu bilmirəm. Ancaq özüm sözün birbaşa mənasında çoban oğluyam. Mərhum atam (biz ona qağa demişik) uşaqlığında kəndin quzularını otarıb. Mənim ağlım kəsəndə o, kəndin qoyun sürüsünün çobanı idi. Qağamın kəndin çobanı olduğu günlər yaddaşımda tarixini dəqiq müəyyən etmək mümkün olan bir hadisə ilə qalıb. 4-5 yaşım olardı. Sürünün qabağına çıxmışdım. Birdən gün tutuldu. Qaranlıq hər yanı bürüdü.

Adamlar qışqırdı. Tüfəng səsləri gəldi. Mən qorxub qağama tərəf qaçdım. Gördüm ki, eynən mənim kimi qoyun-quzu da ona tərəf qaçır. Gün açılana qədər mən və qoyunlar qağamın ətrafında toplanıb dayanmışdıq və qağam mənə də, qoyunlara da ürək-dirək verirdi. Mənə insan dilində, qoyunlara qoyun dilində...
Sonralar qağam kolxozda suçu və taxıl briqadiri işləyib. Vəfat edəndə 50-yə yaxın qoyun-quzu, 8 baş inək, mən daxil olmaqla 12 övlad, 16 nəvə, 2 nəticə qoyub gedib. İndi kəndə gedəndə mən onun yatdığı otaqda yatıram.
Görünür, ağlım kəsəndə dünyanın ən güclü, ən iri, ən qorxmaz, ən ağıllı, ən güvəncli, ən mərhəmətli, ən mərd adamını çoban gördüyümdəndir ki, indi də çobanlara, çoban sözünə xüsusi sevgim var. Bu sözü eşidəndə hirsim yatır. Əsəblərim yumşalır. Quzu kimi oluram...

***

“Yeni Müsavat”ın redaksiyasında mənə “Şahvələd Çobanoğlu ”Azadlıq"ın 20 dekabr tarixli sayında “Dünyəvilik sualları” yazısında sənin də adını çəkib" deyib rəyimi almaq üçün müraciət etdilər. Əvvəl “oxumamışam” dedim. Sonra qəzeti gətirdilər. Baxdım. Yazıda birbaşa qoyulan və ya mətndən çıxan sualların sadə cavablarının olduğunu bildirdim. Mövzunun müzakirə, polemika, habelə debat formasında polemika üçün maraqlı olduğunu qeyd elədim. Əgər Şahvələd bəyin həvəsi və vaxtı varsa, özümün də buna hazır olduğumu dedim. Əlavə elədim ki, əgər onun bu və ya digər səbəbdən vaxtı, həvəsi olmasa, bir yazı ilə cavab vermək imkanı qalır. Xahiş elədim ki, sabah, yəni ayın 22-də Borçalıda, yaxın dostumun anasının yas mərasimində olmalıyam, ona görə də Şahvələd bəy redaksiyaya gəlməyə razılıq verirsə, həmin gün və ya səhəri saat 13-ə qədər olsun ki, səfəri planlaşdıra bilim. Və təkrar xahiş elədim ki, aydınlaşdırıb mənə də desinlər.
Bir qədərdən sonra redaksiyada bildirdilər ki, Şahvələd bəylə danışıblar. Səhər Gəncəyə gedəcək. Ona görə də bəlkə alınmadı; amma getməsə, gələcəyinə söz verib. O da deyildi ki, bu məsələyə sonra da qayıdıla bilər, vəssalam.
Mən Marneuliyə getdim. Şahvələd bəyin Gəncəyə gedib-getmədiyini bilmirəm. Ancaq iki gün sonra qayıtdıqda mənə onun qəzetdə dərc olunan cavabını göstərdilər. Sən demə, o, Pənah bəyin debat təklifinə gülübmüş; deyibmiş ki, Pənah bəy orada debat rinqi açıb, amma debatları da alınmır. Üstəlik deyibmiş ki, “O (yəni Pənah Hüseyn-P.H.) dərk etməlidir ki, dünyəvilik demokratik azlığın sualları deyil; konvensiyanın, bəyannamənin tələbləridir. Daha sonra da deyibmiş ki, bu fikirdə olan adamlar (yəni o cümlədən Pənah Hüseyn-P.H.) bu tələblərə, həm də rəmzi olaraq liderləri saydıqları Məhəmməd Əmin Rəsulzadəyə qarşı çıxırlar.

***

Allah, Allah. Bu ədalar, bu iddialar bu insanlarda nədən, haradan?!
Əvvəla, Pənah Hüseynin, ya bir qeyrisinin təklifinə nə üçün gülmək?! Belə başa düşmək olar ki, şaqqanaq çəkib gülübmüş, çünki jurnalist xanım rəyi telefonla aldığına görə, məsələn, gülümsəsəydi, bunu görə bilməzdi ki. Yəqindir eşidib. Açığı, bu gülmək məsələsi mənə maraqlı gəlir. Axı demişdilər ki, Şahvələd bəy mənim təklifimi birmənalı rədd etməyib. Sadəcə cavab verib ki, Gəncəyə gedəcək, odur ki, ola bilər çatdıra bilməsin, gələndən sonra baxarıq, ola da bilər ki, imkan eləsin.
Vallah, vəbala girmək istəmirəm, belə görünür ki, sonradan nə düşünübsə, yazılı bir mətn hazırlayıb, ya göndərib, ya da telefonla oxuyub ki, “Pənah bəyin debat təklifinə də güldü”. Nə isə...
“O, dərk etməlidir ki...”. Nə üçün, məsələn, “bilir ki”, ya “bilməlidir ki”, yaxud “bilməmiş deyil ki” və ya “ola bilməz ki, bilməsin” kimi yox, məhz “dərk etməlidir ki”? Opponentə münasibətdə etika, xoş məram... Davam eləmək istəmirəm. Bu da heç.
Ən maraqlısı odur ki, mən dərk etməliyəmmiş ki, “dünyəvilik azlığın sualları deyil, konstitusiyanın, Avropa İnsan Haqları Konvensiyasının, BMT İnsan haqları Bəyannaməsinin tələbləridir.
Daha bu qədər olmaz, Şahvələd bəy. Etmə, Allahı sevərsən! Bunlar orta məktəbin ictimaiyyət dərsliyində olan məsələləridir. Bunları bilməyən varmı? Ya bəlkə siz ciddən düşünürsünüz ki, sizin, Şahvələd Çobanoğlunun sualları şəxsən dünyəviliyin suallarıdır və siz dünyəviliyin insan formasında təcəllisisiniz? Dünyəvilik məsələsində mütləq instansiyasınız?! Sizin fikirlərinizə qarşı çıxmaq dünyəviliyə qarşı çıxmaqdır?!
Mən sizi debata dəvət edəndə dünyəviliklə ilgili yox, sizin suallarınız, dünyəvilik barədə təsəvvürləriniz, görüşləriniz, baxışlarınız barədə polemika aparmaq istəyirdim. Bu da üzbəüz qarşılıqlı suallar, aydınlaşdırmalar, dəqiqləşdirmələr olmadan çətindir. Həm də dünyəvilik barədə indi yalnız bizdə yox, bütün dünyada polemikalar getməkdədir. Bir sıra ölkələrdə, o cümlədən bizdə bu məsələ çox aktualdır. Dünyəviliyin çağdaş mədəniyyətin və əxlaqın universal dəyərlərindən biri kimi hamı və hər yer üçün ümumi olan, mütləq olan tərəfləri var. Lakin hətta bir ölkə daxilində də konkret məqamlar üzrə dünyəvilik məsələsində fikir ayrılıqları yayğın bir şəkildə mövcuddur. Məsələn, Türkiyədə bir kəsim hesab edir ki, rəsmi yerlərdə və ya təhsil müəssisələrində baş örtüsü dünyəviliyə ziddir. Digər kəsim əsaslandırır ki, zidd deyil, hətta əksinə, baş örtüsünə qadağa dünyəvi dövlət prinsipinə ziddir. Elə şey var ki, məsələn, Fransada dünyəvilik baxımından zəruri hesab edilir. Lakin ABŞ da belə qəbul olunmur. Bununla ABŞ dünyəvi dövlət olmaqdan çıxmır ki!
Mən də mövzunun bu tərəflərini insanlarımız üçün maraqlı və faydalı sayıb debat təklifini vermişdim. Məqsəd Sizinlə və ya bir qeyrisi ilə döyüşmək yox, bu cür məsələlərdə fərqli mövqeləri cəmiyyətə sivil formada təqdim etmək, çatdırmaq, informasiyaları, bilgiləri, ideyaları, idealları, təklifləri açıqlamaqdır ki, mən bunu sosial faydalı iş hesab edirəm. Məncə, haqlılığına, düzgünlüyünə, əsaslılığına əmin olan, mövqeyini müdafiə etməyə sözü, arqumenti, dəlili, məntiqi olan şəxs gərək bu imkandan çəkinməsin. Məsələn, mən “Aşura günü iş günü olmasın” təklifini vermişəm. Aşuranın qeyri-iş günü olmasını Azərbaycanda əsas insan hüquq və azadlıqlarının təmin olunması baxımından vacib sayıram, dünyəviliyə zidd və ya sizin ifadənizlə, dünyəvilik tələblərinə qarşı çıxmaq hesab etmirəm. Mənim mövqeyimi izah edən dəlillərim, əsaslarım, arqumentlərim var. Sizin hüququnuz var ki, düşünəsiniz, fərqli mövqedə olasınız, təbliğat aparasınız, ifadə edəsiniz ki, bu təklif dünyəviliyə qarşı çıxmaqdır, geriçilikdir, irticaçılıqdır və s. Əsaslandırın. Bəlkə məni də inandırdınız. Sizi inandırıram ki, dünyəvilik məsələləri barədə danışmalı xeyli zəruri, aktual, faydalı şeylər var. Yeri gəlmişkən, əlbəttə, təqdir sizindir, lakin mən debat təklifimi bir də verirəm.

***

Gələk sizin məlum yazınıza. Əvvəlcə yazının başlığı barədə. Belə başa düşürəm ki, anlaşılmazlıqların götürülməsi üçün ilk olaraq başlığa aydınlıq gətirilməlidir. Müasir Azərbaycan türkcəsində uzun müddət rus dilinin təsiri, bir sıra anlayışların kalka formasında tərcümə edilib dilə daxil olması üzündən bəzi söz və terminlər yerində işlənmir və fikrin qüsurlu əksini, təsvirini verir. Məsələn, “Voprosı filosofii” jurnalının adını “Fəlsəfə sualları” kimi tərcümə etsək qüsurlu olar. Bunu “Fəlsəfə məsələləri” kimi tərcümə edirlər. Doğrusu budur.
Lakin “voprosı” sözü suallar, problemlər, Türkiyə tükcəsində olduğu kimi sorunlar, hətta başqa bir kontekstdə “komplekslər” kimi də tərcümə oluna bilər. “Azadlıq”dakı yazınızda əslində şəxsən məndə bu şeylər ətrafında sual yaranmamışdı. Ancaq “Yeni Müsavat”dakı şərhiniz vəziyyəti dəyişdi.
İndi məndə ehtiyac yaranıb aydınlaşdırım: məsələn, siz hesab edirsinizmi ki, İctimai Palatada və ya İctimai Palatanın, yaxud ayrı-ayrı siyasi liderlərin dünyəvilik problemi, ya dünyəviliklə problemi, sorunu, kompleksi var? Siz bunumu demək istəyirsiniz? Yox, əgər siz “dünyəvilik sualları” ifadəsində sual sözünü elə hamının başa düşdüyü mənada işlədirsinizsə ki, İctimai Palatanın axırıncı sessiyasının iclasında Rafiq Tağının xatirəsi nə üçün bir dəqiqəlik sükutla yad edilməyib, belə bir təklif niyə havadan asılı qalıb, necə olub ki, Hacı İlqar həmin iclasın sədri olub, dünyəvi İctimai Palatada Hacı İlqar haradandır; Pənah Hüseynin İctimai Palatanın iclasında Aşuranı qeyri-iş günü olması təklifi dünyəviliklə neçə bir araya sığa bilər; yaxud necə olur ki, dünyəvi, demokrat siyasətçi Əli Kərimli Hacı İlqarı müdafiə edir, onda bunlar başqa sıradan olan məsələlərdir!
Sizin yazınızın mətnindən də bunlar çıxırdı. Yazıdakı etirazlarınız da bu tipdən olan konkret məsələlər ətrafında idi. Mən də, sözün doğrusu, “bu sualların hamısının sadə cavabları var, bunları azlığın suallarıdır” deyərkən bu cəhəti nəzərdə tutmuşdum. Ona görə azlığın sualları ki, İctimai Palata üzvlərinin əksəriyyəti üçün bu məsələlərdə istər informativ baxımdan, istərsə də mahiyyət baxımından aydınlıq var və sual yaratmır.
“Debata gəlməsəniz, bir yazı yazmaq imkanı qalır” deyərkən də əsasən bunları nəzərdə tutmuşdum ki, ola bilər sizin və sizin kimi düşünənlərin əksəriyyətinin İctimai Palatanın fəaliyyətində fəal iştirak etmədiyiniz üçün bəzi konkret məsələlər barədə həm də informasiyalarınız azdır. “Yeni Müsavat”da əlavə şərhiniz aşkara çıxardı ki, məsələ bu qədər də bəsit deyil.

***




Bir halda ki sizin “Dünyəvilik sualları” yazınızla bağlı məndən rəy alanda söz vermişdim ki, debat olmasa, yazı olacaq, bu vədi yerinə yetirmək lazım gəlir. Birinci cavabım yazınızın əsas hədəfi olan Hacı İlqar İbrahimoğlu barədə qoyduğunuz və yaxud yaratmaq istədiyiniz sual və ya suallar barədədir: Hacı İlqar necə oldu ki, İctimai Palataya gəldi və Koordinasiya Şurasının üzvü oldu?

(ardı var)

Pənah HÜSEYN

musavat.com