Çörək dalınca... Dubaya

corek-dalinca-dubaya
Oxunma sayı: 668

Bu hadisəni mənə ötən həftə Türkiyədə səfərdə olan jurnalist həmkarım danışıb. Rusiya mətbuatının təmsilçiləri ilə eyni heyətdə İstanbula səfər edən azərbaycanlı jurnalist eşitdiklərinə əvvəlcə inanmayıb. Jurnalist marağı güc gəldiyi üçün aldadılıb Türkiyəyə aparılan azərbaycanlı qadınların biri ilə görüşüb. Türkiyədə pozğun həyat tərzi keçirən qadın üz bioqrafiyasını tanımadığı adama həvəslə danışıb. Jurnalistlərin İstanbul səfəri bir həftə əvvəl başa çatsa da, dostum hələ də qardaş ölkədə eşitdiklərinin təsiri altındadır...

Tolstoyun xoşbəxt və bədbəxt ailələr haqqındakı məşhur fikri belədir: “Bütün xoşbəxt ailələr bir–birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir”. Bu fikrin ikinci hissəsini insan alverinin qurbanlarına da şamil etmək olar. Onların böyük əksəriyyətini aldadıb ölkədən çıxarırlar. Sonradan pozğun həyat tərzi keçirməyə məcbur olan bu qadınlar Türkiyəyə, o cümlədən müxtəlif ərəb ölkələrinə işləmək üçün gedirlər. Bu adamlar “tələ”yə düşdüklərini biləndə isə çox gec olur.

İstanbulda səfərdə olan jurnalist həmkarıma öz müdhiş həyat hekayəsini nəql edən azərbaycanlı qadın da insan alverinin qurbanı olan digər soydaşlarımızla eyni taleyi bölüşür. Dediyinə görə, hər şey ondan başlayıb ki, işsizlikdən bezən həyat yoldaşı ailəsini dolandırmaq üçün Rusiyaya pənah aparıb. Amma uşaqlarına sovqat göndərməyə macal tapmamış qara tabutda onun özünü geri göndəriblər. Həyat yoldaşı rus millətçiləri tərəfindən qətlə yetirilən qadın iki uşağın ilə damın altında tək qalıb. Qohum–qardaş arasında bu ailəyə sahib çıxan tapılmadığından qadın özü başına çarə qılmalı olub. Amma iki yetimlə damın altında tək qalan bu zavalı qadına heç kim normal iş təklif etməyib. Əli hər yerdən üzüləndən sonra aclıqdan əziyyət çəkən övladlarını uşaq evinə yerləşdirib. Özü isə yaxın bir qohumunun vasitəçiliyi ilə iş dalınca İstanbula gedib. Bakıda olanda ona satıcı işləyəcəyini desələr də, nəsə satmağına ehtiyac qalmayıb. İnsan alveri ilə məşğul olan şəbəkə onun özünü müxtəlif adamlara satıb...

ATV–də “Səni axtarıram” adlı populyar bir veriliş var. Hər dəfə bu veriliş çəkiləndə ən azı 30 adam müxtəlif vaxtlarda itkin düşmüş qohumlarının şəkilləri ilə studiyaya gəlir. Çəkiliş zamanı məlum olur ki, bu 30 adamın ən azı 25-i Rusiyada itkin düşüb. Bu verilişdən sonra bir dəfə belə yazmışdım: “Rusiya adlı “əjdaha” Azərbaycanın say–seçmə oğullarını udmaqla məşğuldur”. Təəssüf ki, oğullarımızı Rusiya, qızlarımızı isə İstanbul, Dubay kimi məşhur şəhərlər “udur”. Sadəcə, Azərbaycan xalqının mentaliteti imkan vermir ki, hansısa valideyn itkin düşmüş qızının şəkli ilə efirə çıxıb, onun barəsində axtarış versin. Əgər mentalitetimiz buna imkan versə, studiyada qızlarını axtaranların sayı oğlanlarını axtaranların sayından iki dəfə çox olar.