Çörəyimizin də analoqu olmayacaq

coreyimizin-de-analoqu-olmayacaq-
Oxunma sayı: 689

Azərbaycanda ilk dəfə 40-dan artıq çörək və un məmulatları növü istehsal edəcək zavod tikiləcək. Ümumi dəyəri 25 milyon manat olacaq “Sağlam Qida” zavodunun təməlqoyma mərasimi bu ilin avqust ayının ilk on günlüyündə keçiriləcək. Zavodun istehsal edəcəyi çörəyin qiyməti növündən asılı olaraq 0,3 - 2 AZN arasında dəyişəcək.

“Sağlam Qida” zavodu Sumqayıt şəhərində tikiləcək. Zavod İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun, “Paşabank”ın və “KommertsBank”ın ayırdığı kreditlər və Delta Group şirkətinin daxili maliyyə resursları hesabına tikiləcək. Delta Group-dan “Qafqazinfo”ya verilən məlumata görə, zavodda istehsalat prosesi alman Werner Pfleiderer şirkətinin texnologiyaları əsasında və beynəlxalq standartlara uyğun şəkildə qurulacaq. Tikinti işləri Türkiyənin Meytek şirkəti tərəfindən aparılacaq. Zavodda 500 nəfər işçinin çalışacağı planlaşdırılır. Gündəlik istehsal gücü 124 ton olacaq. 2013 cu ilin əvvəlinə bu rəqəmin 200 tona çıxarılacağı planlaşdırılır. İlk çörək məhsullarının 2012-ci il mayında satışa buraxılacağı gözlənilir.

Yeni çörək zavodunun tikintisi məsələsini şərh edən Delta Group-un təsisçisi Aydın Mehdiyev deyib ki, zavodun Azərbaycanda analoqu olmayacaq: “İstehsalat prosesi beynəlxalq keyfiyyət standartlarına tam cavab verəcək. İstehsal edəcəyimiz çörək və un məmulatları HACCP giqiyena standartlarına uyğun istehsal olunacaq. Bizim üçün əsas olan alıcılarımızı münasib qiymətə yüksək keyfiyyətli çörək məhsulları ilə təmin etməkdir”.

Nigar Məmmədli