“Çoxu vücudunu qoyulan qiymətə sata bilmir”

coxu-vucudunu-qoyulan-qiymete-sata-bilmir-
Oxunma sayı: 670


Yuxu


Hava soyuq, ev isti,
Pəncərəmə qar yağır.
Məni yataqda görüb
Pəncərəm də ağlayır.
Yəqin sevgilim gəlib,
Məni çöldə gözləyir.
Bəlkə elə onunçün
Qar da çölə səsləyir.
Tez düşürəm aşağı,
Bu nə çovğun, bu nə qar?!
Yollar da buz bağlamış.
Heyhat! Bir kimsə yoxdur...
Ürəyim elə yanır
Bu qışın istisində...
Bir yandan da bu zəngli
Saat elə bağırır
Yuxuma haram qatan
İyulun 7-sində...

***

Sevgililər gününü
ya tənha bir otaqda,
yığılmamış yataqda
külqabı, viski ilə
həyatın ölüm qoxan
tənhalıq riski ilə
keçirəcəyəm.
Sevgililər günündə
səssizliklə

sənsizliklə baş-başa-
bu gün bir aktyorun
monoloqu-tamaşa...
Ürəyindən savayı
dinləyicisi olmaz,
gözlərindən başqa
seyrçisi...
Sevgililər günündə
qoluma boşluq girər,
parfüm dükanlarının,
çiçəklərin yanından
ötərəm yapa-yalnız.
Sevgililər günündə
məni dərd tapar yalnız...

***

Bu şəhərdə yad adamlar kimi sənə yuxarıdan aşağı baxır göydələnlər... Çoxunun işığı yanmır, ... çoxuna insan nəfəsi dəymir... Çoxu vücudunu qoyulan qiymətə sata bilmir... Hamı yatır bu şəhərdə, təkcə qaranlıq otağı çox olan göydələnlər yata bilmir...

***

Sən məni olduğum kimi tanı, arkadaş... Mən beləyəm... Şeirlərim ya bir qaşıq bal, ya da bir qaşıq zəhər kimi boğazını yandıracaq... Çünki ... onların hər misrasında bir sevgi doğulur, ya da iki ürək ayrılır bir-birindən... İntihar-bunun adı, arkadaş, intihar- Ürəyin şah damarından asılmaq, Məzarı ürəkdə qazılmaq və Tanrının sərxoş, sevgidən bihuş halında taleyi qara rənglə yazılmaq!!!

***

Bu qış ölüm qoxuyur,
Gözlərimdən qar gedir.
Paltar sərdiyim ipdə
Buzlar intihar edir...

***

Üşüyürsən məzarda,
Qar yağır asta-asta...
Elə bil, narın-narın
Duz yağır yaram üstə...

***

Dörd yanında qızılgültək açaram,
Axşam olar, sarmaşıqtək bükülləm.
Məzarına çiçək-çiçək qar yağar,
Mən də burda ləçək-ləçək tökülləm...

***

Yox, daha qısqanmaram, Gəl ömrümə yenidən. Gətir özunlə birgə Kohnə sevgi, yeni qəm...
***

Sevgi hopdu ruhuma, Mən sevgidən doğuldum. Bir ürəyin qanında Xəyanətdən boğuldum...
***

Gecələrdən danışma, dostum, Gecələr qara taleli insanların həyatının fon rəngidi... Gecələrin qadıni çox vaxt gündüzlərin anası olur... Onlar gecələr öz göz yaşlarında boğulası, gündüzlər başını balasının çiyninə söykəyib için-için yanası olur...

***
Səni çox istəyirəm... Lap çox...
Amma məndən uzaq dur, nolar?!
Mən, Anadolu türkləri demiş,
bir sürü xəstəliklə uğraşan bir adamam...
Boğularsan ya bir bənd şeirdə,
ya bir qədəh ichkidə...
Ya da bir mp3 Ahmet Kaya şərqisində...
Dermanlarımdan birinin adı
Bilirsənmi nədi, dostum: "Lirika"...
Lirikaya bax, mən ölüm…
Yəqin 8 notda yazılıb alnıma…

Novruz yaxınlaşır... Bacım Arzu üçün Mən də səməni çücərtdim... Göz yaşlarımla suvardım sünbül dənlərini. Belinə qara lent bağladım, Sığallayıb yaşıl tellərini doyunca ağladım. Çərşənbələr gəlib keçir, ... Ürəyimə dərd köçür, Novruz yaxınlaşır... Mənim qaladığım tonqal özümü yandırır, dərdlərim qovurğa əvəzinə özümü qovurur... Od çərşənbəsində külümü göyə sovurur... Novruz yaxınlaşır... 20 il əziyyət çək, övlad böyüt, ay Arzu, Ağırlığımız, uğurluğumuz özümüzə qalsın. Səmənilərimiz qara bağlasın... İçimizdə tonqal qalansın... Bənövşələr Turalın məzarı yanında boynunu büksün, Gözlərimiz bir qara daşa baxıb yol çəksin...