Daha bir ölkədə narıncı inqilab

daha-bir-olkede-narinci-inqilab-
Oxunma sayı: 676

Yaxın Şərq və Şimali Afrika ölkələrini bürüyən üsyan dalğasının başlandığı Tunisdə, 32 illik Hüsnü Mübarək rejiminin devrildiyi Misirdə, eləcə də Mərakeşdə keçirilən parlament seçkilərində mütləq qələbə qazanan islamçı “Müsəlman Qardaşları” bu dəfə də Küveytdə eyni zəfərini təkrarlayıb. Liberal islamçı təşkilat Küveyt parlamentinə keçirilən seçkilərdə 50 kürsüdən 23-nü qazanıb. Radikal islamçı “Sələfilər” hərəkatı isə Küveyt parlamentində 11 yerə sahib olub.
Seçkidə ən ciddi zərbə qadın və liberal namizədlərə dəyib. Liberallar yeni parlamentdə 9 kürsü qazansa da, qadın namizədlərdən heç biri millət vəkili ola bilməyib. Halbuki, bundan əvvəlki Küveyt parlamentində 4 qadın millət vəkili vardı. Ümumiyyətlə, sünni iqtidarla birlikdə hərəkət edən şiələr 7 deputat mandatı qazanıblar.
Ölkədə siyasi partiyalar olmadığından siyasi iddialar din və tayfa bağları vasitəsilə şəkillənir. Küveytdə iqtidar Əl Sabah ailəsinin əlində cəmləşib və hökumətə ailə içindən təyin olunmuş 15 nazir də parlamentdəki digər millət vəkilləri kimi, səsvermə hüququna malikdilər.
Xatırladaq ki, Küveyt əmiri Şeyx Sabah Əl Əhməd Əl Sabah ölkə müxalifətinin baş nazirə qarşı irəli sürdüyü vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarından və müxalif deputatların parlamenti tərk etməsindən sonra ötən ilin dekabrında qanunverici hakimiyyətin buraxılması barədə qərar qəbul etmişdi. Müxalif millət vəkillərinin dirənişindən sonra nazirlərin hakimiyyətyönlü deputatlara dəstək qarşılığında rüşvət verdikləri ittihamları üzrə də istintaq başlanmışdı.
Küveyt hökuməti xalqın “Ərəb baharı”ndan ilhamlanaraq küçələrə axışmasından ehtiyatlanaraq, ölkə vətəndaşlarına birdəfəlik yardımlar etmişdi. Tunis, Misir, Yəmən və Liviyada insanlar küçələrə axışıb siyasi və sosial istəklərini dilə gətirdikləri vaxt Küveyt əmiri hər bir vətəndaşa 3500 dollar maliyyə yardımı, ilboyu pulsuz ərzaq alınması üçün xüsusi talonlar və s. imtiyazlar verilməsi barədə qərar qəbul etmişdi.

azadliq.info