Daha bir qalmaqal

daha-bir-qalmaqal
Oxunma sayı: 664

Nəqliyyat naziri Ziya Məmmədovun qoçuları vətəndaş Şöhlət Mehdiyevi amansızlıqla döyüb. Hadisə dünən səhər saatlarında Beynəlxalq Avtovağzalda baş verib. Şöhlət Mehdiyev “Azadlıq”a bildirib ki, səhər saatlarında tanışını şəxsi avtomobili ilə avtovağzala aparıb: “Taksi xidməti göstərmirəm. Sadəcə tanışım idi, xahiş etdi, mən də xahişini yerə salmadım. Gətirdim avtovağzala. Heç avtovağzalın ərazisinə keçmədim. Tanışım avtomabildən düşdü. Mən də onun veşlərini düşürdüm və arabaya yükləyib, özüm dərhal maşına qayıtdım. Ehtiyat edirdim ki, maşını evakuator aparar. Maşını işə salmaq istəyəndə, idmançı görkəmli bir nəfər mülki geyimli şəxs maşına oturdu. Və mənə dedi ki, sən Quba-Bakı işləyirsən? Cavab verdim ki, xeyr, mən taksi xidməti göstərmirəm. O isə bildirdi ki, şəxsiyyət vəsiqəni ver. Soruşdum ki, siz kimsiniz, özünüzü təqdim edin. O, cavab verdi ki, biz avtovağzala baxırıq. Dedim avtovağzala baxırsız, çox gözəl, mənim şəxsiyyət vəsiqəmi nəyinə lazımdır? Lakin o mənim dediklərimə əhəmiyyət verməyərək şəxsiyyət vəsiqəsini tələb etdi. Bu zaman maşına tərəf daha 6-7 nəfər gəldi. Hamısı mülki geyimdə idi. Mən təbii ki, tanımadığım mülki geyimli bu şəxslərə şəxsiyyət vəsiqəsini təqdim etməkdən imtina etdim. Onlar isə zorakılıqla maşının açarını məndən almaq istədilər. Məqsədlərinə çatmadıqlarını görüb, məni döyməyə başladılar. Sir-sifətimi al-qana buladılar”.

56 yaşlı Şöhlət Mehdiyev Ziya Məmmədovun qoçuları tərəfindən döyüldükdən sonra dərhal Daxili Işlər Nazirliyinin 102 xidmətinə zəng vurub. Oradan isə onu Binəqədi Rayon Polis Idarəsinin 40-cı polis bölməsinə istiqamətləndiriblər. Şöhlət Mehdiyev bölmədə izahat yazıb. Ona tibbi ekspertizadan keçmək üçün arayış veriblər. Lakin zərərçəkən düşünür ki, polis Ziya Məmmədovun qoçularını cəzalandırmayacaq: “Çünki orada mənə dedilər ki, Ziya Məmmədovdan belə şikayətlərin sayı yüzlərlədir. Amma heç bir nəticəsi yoxdur. Digər tərəfdən bölməyə məni döyən şəxslərin hamısını gətirmədilər. Bir-ikisi gəlmişdi, onlar da izahat yazdılar ki, guya belə hadisə baş verməyib”.
Şikayətçi bildirib ki, o məsələni belə qoymaq niyyətində deyil: “Mən sona qədər mübarizə aparacağam ki, bu adamlar cəzalandırılsın. Bu qədər qudurğanlıq, harınlıq olmaz axı. Yaşlı bir adamı 7-8 nəfər yekəpər səhər-səhər camaatın gözü qarşısında döyür. Mən məsələ ilə bağlı bütün müvafiq qurumlara müraciət edəcəyəm. Əgər məni döyənlər cəzalandırılmayacaqsa, Ilham Əliyevə müraciət edəcəm ki, məni Azərbaycan vətəndaşlığından çıxarsın. Mən belə qanunsuzluq hökm sürən ölkədə yaşamaq istəmirəm”.