“Dahi” yengələrə...

dahi-yengelere
Oxunma sayı: 706

Belə baxanda dahiyanə pozada şəkil çəkdirib, eşitdiyi bütün filosofların və əcnəbi yazarların adlarını sıralayan bəzi köşə yazarlarımıza ancaq dahilik mərəzinə tutlmuş “xəstə” demək olar. Çünki ulu nənələrimiz bütün filosoflardan daha üstün düşünüblər. Sadəcə nənələrimizi babalarımız başıqapazlı etdiklərindən yazıqlar sözü bəzək-düzəkli deməyiblər, elə sadə şəkildə ifadə ediblər. Məsələn böyük hind filosofu Oşo deyirdi: “Hər zaman yaşamın axarı ilə get. Əsla, axara qarşı getmə, axardan sürətli olmağa çalışma!”. Nənəm isə deyir, “palaza bürün, elnən sürün”. Amma bəzi özünü dahi hesab edən, yəni dahilik mərəzinə tutlmuş köşə yazarları nənlərimizi bəyənməyib, başlarından yuxarı hoppanmağa cəhd edirlər. Bu isə alınmır. Çünki nənəm deyər ki, gücün çatmayan daşa, güc eləmə, altında qalıb xıncımlanarsan. Bax belə. İndiki söz köşə yazarlarından düşdü, bəzi dahilik xəstəliyinə tutulanlara deyim ki, siz ha çalışsanız da nə novruzəlilikdən, nə də fatmanisəlikdən uzaqlaşa bilməyəcəksiniz. Çünki böyük hind filosofu Oşo və ondan qabaqkılar da deyirdi ki, insanı altşüur idarə edir. Hər kəs gördüyünü, qanının və geninin ona təlqin etdiyini təkrar edir. Bundan uzağa getmək istəyəndə isə, çox şit bir zad alınır. Buna da əllaməçilik deyirlər. İraq olsun.

İndi özünü köşələrində dahi sayıb, xalqa yuxarıdan aşağı baxıb, ağıl dərsi öyrətmək istəyən “xəstələrdən” biri bacısının hicab bağlamasından və namaz qılmasından ürək dolusu danışırdı. Çünki Novruzəliyə, Fatmanisəyə yuxarıdan aşağı baxan bu adam özü də bilmədən geninin, qanının ona təlqin etdiyini ifadə edirdi. Yəni maskasını atmışdı və özü olmuşdu. O, da əslində babalarımız kimi örtülü, həyalı qadınlara pərəstiş etdiyini özü də bilmədən etiraf etdirdi bu çıxışıyla. Qəribə cəmiyyətdə yaşayırıq, ateist islama qarşı çıxış edir, sonra isə atasını İslam qaydaları ilə dəfn edir. Dəfn mərasimi bitən kimi yenidən İslama qarşı çıxır və özünü ateist kimi göstərməyə can atır. Hə, İslam dininə nifrət edən Rafiq Tağını da İslam adətləri ilə dəfn etdilər. Axı onun ata-babalarını da bu qayda ilə dəfn etmişdilər.

Bacısının hicab örtməsiylə fəxr edib, başqalarına “Bakirə qalmayın” təbliğatı aparan bu adamın üzünə tüpürəsən ki, bəs xalxın qızlarına niyə hay salımısan? Özününkünün hicabda olması ilə fəxr edirsənsə başqalarına niyə əxlaqsızlıq dərsi keçirsən? Guya bu adam dahidir. Sən əgər dahisənsə, get, daha qlobal problemlərlə məşğul ol. Sənin, toy gecəsi qapının arxasını pusan yengədən fərqin nədir? Xülasə, ay “xəstə” sən dahi deyilsən, sən yengəsən, get yengəliyini elə.
...Ötən gün 85 saylı marşrutun tıxaca düşməsindən istifadə edib, çantamdakı kitabı çıxarıb oxumağa başladım. Elə bismillah eləmişdim ki, arxa oturacaqda oturan sərnişin telefonda qışqırmağa başladı: “İt qızı, min dəfə demişəm, evə çatanda zəng elə, de ki, çatdım. Sən özbaşına zadsan”. Guya indi bu gədə sevglisini qısqanır və “kişiliyini” camaata sərgiləyir. Bu isə bir nəfərin timsalındakı 70 faizmizin əksidir.

Xeyli düşündüm. Bu zaman sualımın cavabını deyil, tamam başqa bir zadı kəşf etdim. Siz bilirsizmi, indi qızlar və oğlanlar sevgilərini telefonda yaşayırlar. Sovet dönəmində kinotetalarda, tamaşalarda, bağlarda, pambıq tarlalarında, hətta örüşlərdə yaşanan sevgi indi “nara”, “cinə”, “simə” yerləşib. Görün, sevgimiz nə qədər kiçilib. Deməli, indi sevənlər bir-birlərinə 20 və ya 10 dəqiqəlik limit qoyurlar, bu limit bitənə qədər zəng gəlmədisə, demək sevmir. İlahi, bizi hifz et! Nə günlərə qaldıq? İndi nənələr də day dünya filosoflarını heyran qoyan cümlələr demirlər, çünki başları Brzailiya serallarına, “Toy olsun!”a, “Onun yarısı”na qarışıb. Çox kiçilmişik.
“Evə çatan kimi mənə zəng elə ki, çatdım” və ya dəlicəsinə sevməklə məşğul olan bir rəfiqəm deyir ki, hər axşam sevglisinə zəng edib “pişiyim mən yatıram gecən xeyrə qalsın”, səhərlər “pişiyim mən oyandım sabahın xeyir ” deməsə dünya gözündə qaralar. İndi sevənlər “cinə”, “simə”, “nara” hesabat verirlər.

Bağlara, kinoteatrlara, tamaşa zallarına, örüşlərə, pambıq, üzüm, tütün tarlalarına, ormanlara sığmayan sevgilərimiz indi balaca kartlara yerləşib. Çox kiçilmişik, çox. Axı sevgi hesabat deyil, axı sevgi sevdiyinin üstünə atılmış yük deyil, sevgi yüklərdən xilas olmadır. Sevgi çərçivə deyil, sevgi hüdudsuzluqdur. Sevgi ümumiyyətlə xilas olmadır. Sevgi millətə, xalqa, Fatmanisəyə, Novruzəliyə nifrətdən xilas olmadır. Sevgi qoprxudan, yalandan, rəzillikdən, xırdalanmaqdan və xırda hisslərdən xilas olmadır.
Gəlin, kiçilmiş, balaca kartlara yerləşmiş sevgiləri bu kartlardan çıxaraq və göylərə pərvazlandıraq. O zaman sevgilərimizi nə “nara”, nə “cinə”, nə də “simə” möhtac qoymarıq. Sevgilərimizi də xilas edərik. Bir-birimizə ehtiyacımız olar, telefona yox. Sevgi ehtiyacı, qurtuluş ehtiyacı.