Danimarkadan “Avrovizion -2012”-ni - boykot təşəbbüsü

danimarkadan-avrovizion-2012-ni-boykot-tesebbusu
Oxunma sayı: 663




Danimarkanın OGAE klubu yayım şirkətlərini Bakıda keçiriləcək “Avrovizion -2012” yarışmasını boykot etməyə çağırıb. “Qafqazinfo”nun “Eurovisionary.com” saytına istinadən verdiyi xəbərə görə, fan klub üzvləri müsabiqə üçün tikiləcək yeni arena ilə bağlı insan haqlarının pozulmasını əsas gətiriblər. Bütün bunlar Avroviziya müsabiqəsi fanatlarının baş təşkilatına (OGAE) Danimarka filialının prezidenti İohan Sorensen tərəfindən göndərilən press-relizdə əks etdirilib: “Azərbaycanda indi 2012-ci ilin mayında keçiriləcək “Avrovizion” müsabiqəsi ilə bağlı yeni arenanın tikintisi gedir, ancaq layihə ləğv olunmasın deyə 65 evi sökmək və ərazini təmizləmək lazımdır. Bu baş verəndə isə bu evlərdə yaşayan 300 insan oranı tərk etməli olacaq, əgər onlar Yeni ilə qədər evlərini öz xoşları ilə tərk etməsələr onları güclə çıxaracaqlar, onların isə getməyə heç bir yerləri yoxdur”.

Fan-klub onu da qeyd edib ki, Azərbaycan hökuməti həmin sakinlərin evlərinin bazar qiymətindən dəfələrlə az kompensasiya təklif etməklə onları şəhərin mərkəzindəki evlərindən çıxaraq kənar yerlərdə daha kiçik mənzillərdə yaşamalı olacaqlar: “Əgər Azərbaycan hökuməti insan haqlarına hörmət etməyi və səmərəli kompensasiya verməyi bacarmırsa, o zaman Avropa Yayım Birliyi müsabiqənin keçirilməsi üçün başqa bir ölkə seçməlidir”.

AYB-nin kommunikasiyalar üzrə direktoru Yarmo Siym bu məsələyə şərh verərək bildirib ki, həmin evlər yeni arenanın tikintisi ilə bağlı sökülməyib: “Müsabiqənin məhz bu konsert salonunda keçirilməsi ilə bağlı yekun qərar qəbul edilməyib və hələ məlum deyil ki, Azərbaycan konsert zalını “Avrovizion” başlayana qədər tikib başa çatdıra biləcək”. O, həmçinin müsabiqənin siyasi xarakter daşımadığını, müsabiqənin təşkilatının hakimiyyətin deyil, ictimai yayımın əlində olduğunu qeyd edib.

Səidə