Daralan çəmbər və ya inadkar Bəşər

daralan-cember-ve-ya-inadkar-beser
Oxunma sayı: 711

Bəşərin məhəllə-məhəllə, qapı-qapı gəzib insanları qıracağını isə heç hesaba almamışdılar. Müsəlmanlar üçün müqəddəs hesab olunan Ramazan ayında belə Bəşər xalqını qırmaqdan usanmır, əliyalın insanları məscidlərdə də güllə atəşinə məruz qoyur. Təki atası Hafizdən devr aldığı hakimiyyətinin sütunları laxlamasın, ancaq yanılır. 40 illik tiraniyaya üsyan etməklə suriyalılar zatən Bəşərin kreslosunu laxlatmağı başardılar. Şiə azlığının idarə etdiyi Suriyada əhalinin çox hissəsini sunni müsəlmanlar təşkil edir. İlkin açıqlamalara görə mart ayından bu yana ölənlərin sayı 2000-ə yaxınlaşmaq üzrədir. “Dəməşq qəssabı” Bəşərə qarşı isə xalqın qəzəbi soyumaq bilmir, iş artıq prinsip məsələsinə dönüb. Bəşər isə israrla bildirir ki, apardıqları mübarizə terrorçu qruplara qarşıdır. Terrorçu qruplarla xalq arasında ayrım etməyin zamanı deyilmi? Yoxsa günahsız yerə beşiklərdə qətlə yetirilən körpələrdə “terrorçu qrup”ların üzvləridir? Bəşər yalan danışır, tipik diktator psixologiyası ilə davranır. “Qorxduğundan qəddarlıq edir, qəddar olduğu üçün qorxur”. 30 ildən çoxdur davam edən “fövqəladə vəziyyət rejimi”ni aradan qaldıran, kütləvi amnistiya elan edən və çoxpartiyalı sistemə keçid üçün start vermək məcburiyyətində qalan despot bütün bunları “terrorçu qrup”ların təzyiqi altında qəbul edib? Hakimiyyəti devr aldığı zaman suni şəkildə yaradılmış “islahatçı demokrat” mifi artıq dağılıb. Üzərinə snayper nişangahları tuşlanan xalq sakitləşmək bilmir. İstənilən reformlar qarşısında yalnız bir tələb qoyulub: “Bəşər Əsəd və komandası istefa verməlidir!”.

Qəzəbli aslan kimi Bəşərin posterlərinə, rəsimlərinə saldıran suriyalılar tələblərində israrlıdırlar. Xarici mətbuata danışan gənc bir suriyalının dedikləri mənzərəni təsəvvür etmək üçün bizə az bir az yardımçı ola bilər: “Ona yox deməyimiz üçün bizə güc verdi. Devrimi başlatmağımız üçün bizə güc verdi. Ona, suriyalıların qanının nə dərəcə dəyərli olduğunu anladacağıq”. Suriyalılar “İllərdir dözməyimiz bəsdir, artıq yetər!” şüarını əllərində bayraq edib. Ancaq Bəşər Əsəd bir gün belə dinc dayanmır, əmrindəki ordu birləşmələrini xalqın üzərinə göndərir. Ailəsi və çevrəsinin maraqları naminə ən xırda vasitələrə belə əl atmaqdan çəkinmir. Bəşərin ətrafındakı “yaltaq sürüsü” isə bir ağızdan “bir Allah, bir Suriya, bir Bəşər” hayqırır. Hətta “cənab prezident, Suriya sizə azdır, siz dünyanı idarə etməyə layiqsiniz” deyən ağıldan kəm məxluqlarada rast gəlmək mümkündür. Qardaşı Mahirin komandanlığı altında tanklarla, snayperlərlə, buldozerlərlə şəhər-şəhər insanların qanını axıdan bir rejim nə qədər tab gətirə bilər axı. İsrail tərəfindən işğal olunan Colan təpəliklərinin hələ də rəsmi çaxalın nəzarəti altında olması Bəşəri daha da ürəkləndirir. Bir növ Qərbi şantajla məşğuldur: “Torpaqlarımı azad edin, istədiyinizi edim” kimi. Misirin devrilmiş diktatoru Hüsnü Mübarəkə açıq şəkildə “Getməlisən!” deyən Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan Suriya məsələsində “səbrimiz daşır” bildirməklə xarici işlər naziri Əhməd Davudoğlunu Bəşərin hüzuruna göndərdi.

Bir zamanlar “PKK” lideri, uşaq qatili Abdullah Öcalana sığınacaq verən Suriya Türkiyə üçün əhəmiyyətli bir qonşudur. Minlərlə suriyalının Türkiyə sərhədinə üz tutmasıda bunu bir daha təsdiq etmiş oldu. 16 yaşından “BƏƏS” partiyasının üzvü olan, “dişi canavar” rolunu üstlənən Əsədin danışmanı 58 yaşlı Butina Şaban isə onlara qarşı təzyiq edənləri cavabsız qoymayacaqları ilə hədələyir. ABŞ-ın Ankaradakı səfirindən tutmuş Türkiyə Silahlı Qüvvələrinin generalitetinə qədər bu problem Ankarada dartışılır. İlk siqnal isə Vaşinqtondan, dövlət katibi xanım Hillari Klintondan gəldi: “Lazım olarsa hərbi güc tətbiq edin”. Problemdə İran faktorunu unutmaq isə yalnız sadəlövhlük olardı. Sunni Türkiyə məsələnin əhalisinin yarısından çoxu məzhəbdaşları olduğu suriyalıların lehinə bitməsində maraqlıdır. Şiə İranın isə Bəşər Əsədə “stavka” etməkdən başqa çıxış yolu yoxdur. Bir zamanlar Suriyanın kimyəvi qırğın silahlarını məhv edən İsrailə qarşı Suriya İran üçün açar rolunu oynamaqdadır.

2005-ci ilə kimi Livanda qoşunlarını saxlayan Bəşər və qardaşı Mahir Livanın keçmiş baş naziri Rəfiq Həririnin qətlində də ittiham olunur. Artıq Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn öz səfirlərini Dəməşqdən geri çağırıblar. Artıq “Dəməşq qəssabı” üçün çəmbər daralmaqdadır. Bəşərin Liviya despotu, polkovnik Muammar Qəddafinin aqibətini yaşayacağını deyənlərdə az deyil. Liviyada konkret olaraq diktator Qəddafinin, yoxsa ki, mövqeləri bilinməyən üsyançıların arasında var-gəl edən Qərb üçün Suriya başdan-başa neft yataqları ilə zəngin deyil. Qərb demokratiyanı neftə qurban vermək məcbutiyyətində qalmayacaq. Çıxışlarında ABŞ-ın “can dostu” İsraili hədəf almaqdan çəkinməyən Bəşər görsənən odur ki, “böyük oynayır” və arxasını İrana dayamaqla ona atılan ilk güllənin regionu fəlakətə aparacağını gözəl dərk edir. Ancaq istənilən halda ilk qurbanın Bəşər olacağı şübhəsizdir. Rusiya prezidenti D.Medvedyevin təbirincə desək “B.Əsədin sonu kədərli olacaq...”