Daşqınlarla bağlı dövlət qurumları ilə birgə toplantı keçiriləcək

dasqinlarla-bagli-dovlet-qurumlari-ile-birge-toplanti-kecirilecek
Oxunma sayı: 678

“Qafqazinfo”nun məlumatına görə, bu barədə “Kür” Qərargahının koordinatoru Oqtay Gülalıyev bildirib. Onun dediyinə görə 19 iyulda keçiriləcək “Kür daşqınları ilə bağlı sərəncamdan ötən bir il; xərcləmələr, görülən işlər və mövcud problemlər” mövzusunda toplantıda iştirak üçün aidiyyatı dövlət qurumlarına dəvət göndərilib: “Nazirlər Kabinetinin məlum sərəncamından bir il ötür. Biz istəyirik ki, Kür daşqınları ilə bağlı imzalanmış bu sərəncamın ötən bir il ərzində yerinə yetirilmə vəziyyətini ictimai müzakirəyə təqdim edək. Sərəncam çərçivəsində ayrılan vəsaitlərin xərclənməsi təkcə vətəndaş cəmiyyəti institutlarını deyil, sadə insanları da düşündürür. Amma ötən müddət ərzində görülən işlərlə yanaşı kifayət qədər görülməyən işlər, həllini gözləyən problemlər, cavabı istənilən suallar var. Hökümət hələ indiyə qədər Kür daşqınlarının nəticələrinin aradan qaldırılması üçün ayrılmış 300 milyon manat vəsaitin xərclənməsi və bu vəsaitlə hansı işlərin görülməsi ilə bağlı təfsilatlı və aydın hesabat təqdim etməyib”.

Tədbirdə Fövqaladə Hallar Nazirliyini, Meliorasiya və Su Təsərrüfatı ASC, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və digər qurumların nümayəndələriin də iştirakı gözlənilir: “Hazırda daşqın bölgəsində təsirlərə məruz qalmış yüzlərlə insan var ki, evləri yaşayış üçün yarasızdır və bu insanlar bu günə qədər bir manat da olsun kompensasiya almayıblar. Baxmayaraq ki, Kür daşqınlarının baş verməsindən 15 aya yaxın vaxt keçir. Dünyanın heç bir yerində fəlakətə məruz qalmış vətəndaşa belə “diqqət” yoxdur. Doğrudan da bu yanaşma analoqu olmayan yanaşmadır”.

Səidə Teyyubqızı