“Demokratik dəyərlər siyasi ambisiyaya qurban verildi - Bunun başqa adı yoxdur”

demokratik-deyerler-siyasi-ambisiyaya-qurban-verildi-bunun-basqa-adi-yoxdur
Oxunma sayı: 643

“Senatda “erməni soyqırımı”n inkar edənlərin cəzalandırılmasına dair qanun layihəsinin qəbulu Fransa tarixi üçün bu bir qara ləkədir”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Modern.az saytına Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib. Onun fikrincə, prezident Nikola Sarkozi 1789-cu ildən bəri Fransada hökm sürən söz və fikir azadlığını, demokratik dəyərləri öz siyasi ambisiyasına qurban verib: “Bunun başqa adı yoxdur. Çünki, Fransa ictimaiyyətinin də böyük hissəsi, ayrı –ayrı qeyri-hökumət təşkilatları Senatın Konstitusiya Komissiyası və digər çoxluq bunun əleyhinə olsa da, Sarkozinin partiyası Senatda həmin qanunun qəbul edilməsinə nail oldu. Mən bir daha deyirəm, bu bütövlükdə Avropanın, insan hüquqları dəyərlərinə tamamilə ziddir”.

Bundan sonra atılacaq addımlara gəldikdə, millət vəkilinin fikrincə, iki yol var: “Əvvəla, fransız senatorlar bu qanundan Konstitusiya Məhkəməsinə şikayət edəcəklər. Konstitusiya Məhkəməsində qanunun Fransa Konstitusiyasına uyğun olub-olmamasını vurğulayacaqlar. Mən ümid edirəm ki, qanunun qüvvəyə minməməsi üçün şans var. Əgər bu da alınmasa, ikinci yol qalır. Bu da Avropa İnsan Haqları Məhkəməsidir. Görünən budur ki, Avropa İnsan Haqları Məhkəməsi qanunun keçməsinə tam qarşıdır. Çünki Avropa Birliyinin bununla bağlı mövqeyi var və onlar hesab etmirlər ki, hər hansı bir vətəndaş şahidi olmadığı və əmin olmadığı hər hansı bir faktı qəbul etmədiyinə görə bir il həbs cəzasına məhkum edilsin, bu artıq şəxsiyyətə təhqirdir. Buna görə birinci bu müstəvidə proseslərin sonrakı ssenarisini götür-qoy etməliyik. Amma digər müstəvilər də var. İlk növbədə mən düşünürəm ki, beynəlxalq təşkilatlar, Avropa Şurası və ATƏT kifayət qədər kəskin mövqe bildirməlidir. Bu qanunun beynəlxalq hüquq qanunlarına tamamilə zidd olduğumu ifadə etməldirlər”.

Azay Quliyevin sözlərin görə, Azərbaycan da bu istiqamətdə konkret fəaliyyətini koordinasiya etməlidir: “Fikrimcə, ATƏT-in gələn ay keçiriləcək qış sessiyasında biz bu məsələni qaldırmalıyıq. Mən artıq şəxsən bununla bağlı müəyyən məsələlərin qaldırılacağını düşünürəm. ATƏT-in İnsan haqları məsələləri üzrə komitəsi konkret olaraq bizim Parlament Assambleyasında qaldırdığımız məsələyə münasibət bildirməlidir. Dediyim kimi, ümumi prioritetlərdən çıxış edərək cavab verilməlidir. ATƏT və Avropa Şurası Parlament assambleyalarında və Avropa Məhkəməsində proses davam etdirilməldir. Bundan başqa, daha təsirli vasitələrdən biri də vətəndaş cəmiyyəti institutlarının bir araya gəlməsidir. Mən fürsətdən istifadə edib, qeyri-hökumət təşkilatlarına müraciət edirəm ki, onlar bu məsələylə bağlı həmrəylik nümayiş etdirsinlər, səfərbər olsunlar. Eyni zamanda Türkiyə və Fransanın da hüquq-müdafiə təşkilatlarının birgə fəaliyyətini mən çox arzu edərdim. Qeyri-hökumət təşkilatları da bu qanunun gələcək icrasını kifayət qədər əngəlləmək gücünə malikdir. Dövlətimiz buna siyasi qiymətini verib, hüquqi qiyməti isə yəqin ki, aiddiyyatı orqanlar verəcək”.

Millət vəkili düşünür ki, bu həm də Fransanın həmsədr ölkə olaraq ATƏT-in Minsk qrupundakı statusuna və fəaliyyətinə çox ciddi bir zərbə vurdu: “Artıq Fransa heç bir halda deyə bilməz ki, mən neytral vasitəçiyəm, qərəzsiz və obyektivəm. Bizim onsuz da buna şübhəmiz yox idi, amma bu bir daha Fransanın haqqın-ədalətin yox haqsızın, ədalətsizin yanında olduğunu göstərdi. Bu da Fransının həmsədr ölkə olaraq qalması kimi mənəvi bir məsələnin üstündən xətt çəkdi. Ən azından Fransanın mənəvi haqqı qalmadı desin ki, biz Azərbaycan və Ermənistan arasında sülhün və ənin-amanlığın bərpa olmasını istəyirik”.

A.Quliyev deyib ki, Fransanın bu addımı həm də Azərbaycanın və Türkiyənin müəyyən ortaq maraqlarına qarşı yönələn birbaşa təhqirdir.