Deputatlardan müxalifətə mesajlar gəlir

deputatlardan-muxalifete-mesajlar-gelir
Oxunma sayı: 637

İsa Qəmbər bəyan edib ki, Milli Məclisin bəzi deputatları onlara mesajlar göndərib mövqelərini dəstəklədiklərini bildirməyə başlayıblar.

Müsavat başqanı deyib ki, mesaj müəllifləri deputat seçildiyini iddia edən deputatlardır: “İctimai Palatanın əsas tələblərindən biri, bəlkə də birincisi mövcud saxta parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsidir. Biz bilirik ki, parlamentdə az da olsa özü seçilmiş adamlar var. Hər halda parlamentdə olan bəzi deputatlar iddia edirlər ki, onlar özləri seçiliblər. Son vaxtlar onlardan bəzi mesajlar almağa başlayırıq ki, biz də sizinləyik, biz də sizinlə bir yerdə olacağıq zamanı gələndə”.
İsa Qəmbər həmin deputatların səmimi olduqlarına inanmaq üçün onların ciddi bir addım atmasının vacibliyini vurğulayıb: “Mənə elə gəlir ki, bu cür mesajlar göndərməkdənsə, mövqe bildirmək lazımdır. Bizim parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi təklifimiz ziyalılar tərəfindən dəstəklənməyə başlayıb. Son vaxtlarda bir sıra ziyalılar bu mövqeyə şərik çıxıblar. O cümlədən hörmətli Əkrəm Əylisli müsahibələrinin birində bildirmişdi ki, ölkədə mövcud ictimai-siyasi böhrandan çıxmağın yolu hazırkı parlamentin buraxılıb yeni demokratik seçkilərin keçirilməsidir. Hesab edirəm ki, parlamentdəki özünə arxayın deputatlar da bu şüarı, təklifi dəstəkləməlidirlər. Demirlər ki, özləri seçiliblər? O zaman bu haqlı tələbə qatılsınlar və parlamentin buraxılması ideyasını parlamentdə səsləndirsinlər. O zaman biz onların göndərdikləri mesajların səmimiyyətinə, ciddiliyinə inanarıq və ciddi bir mövqe kimi qiymətləndirərik”.

musavat.com