Dərdimizə şərik olan tapıldı

derdimize-serik-olan-tapildi
Oxunma sayı: 648

Meksika Senatı tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılaşma maddələrindən ibarət qərar qəbul edilib.Qafqazinfo xəbər verir ki, Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatına görə, qərarda bildirilir ki, 26 fevral 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ regionunda Xocalının mülki əhalisinə qarşı hücuma keçib və beynəlxalq insan hüquqları üzrə təşkilatların tərəddüd etmədən soyqırım kimi adlandırdığı hadisə zamanı əsasən etnik mənsubiyyətinə görə yüzlərlə insanın ölümünə səbəb olublar. Qərarda, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən bəhs olunaraq, Madrid prinsiplərinin mahiyyəti açıqlanaraq Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyi və məcburi köçkün və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmalarının vacibliyi qeyd edilib.
Qərarda Deputatlar Palatası Azərbaycan və Ermənistan xalqlarının suverenliyinə tam hörmətlə yanaşaraq, mümkün hesab edilən formatda ən qısa və sürətləndirilmiş tərzdə Dağlıq Qarabağ regionunda münaqişəyə davamlı şəkildə son qoyacaq razılığın əldə edilməsi üçün Azərbaycan və Ermənistan hökumətlərini səy göstərməyə və ATƏT-in Minsk qrupunun həmsədrlərini münaqişənin sülh yolu ilə davamlı həllinin təmin edilməsi məqsədilə hər iki hökumətə bütün tələb olunan dəstəyin göstərilməsinə davam etməyə çağırır.

Həmçinin, qərarda qeyd olunur ki, Xocalı soyqırımından 19 il ötməsinə baxmayaraq, qətliamın qurbanlarının hələ də ədalətə nail olmadıqları göstərir ki, hər hansı sülh razılaşması üçün mərkəzi element qısa zaman ərzində öz yerini tapmalıdır, o cümlədən, insanlar arasında əlaqələr bərpa edilməli və mümkün qədər tez bir zamanda hər iki cəmiyyət arasında yenidən harmoniya yaranmalıdır.