Dilxor Space, haqlı sanki?

dilxor-space-haqli-sanki
Oxunma sayı: 655

Amma özünü haqlılar haqlısı elan edən bu kanal barədə nəsə yarımçıq qalmışlarımı deməyə ehtiyac yarandı. Bu heç mənlik də deyil, jurnalistikanın teletənqid deyilən sahəsinin vəzifəsidir.

Space sən demə mayın 1-nə, bu böyük günə “maraqlı” planlar, priyomlarla hazırlaşıbmış. Halaldır. Ən əvvəl Amacisini camaatdan çox elə əvvəlki yazımda dediyim kimi öz əməkdaşları sevib, əzizləyirmiş. Bunu ötən gün verilişdə aparıcılar Aynur və Mikayılın özlərinə əl qatmağından bilmək olar. Mikayıl verilişin başında onlara edilən teletənqidin acığına “Kim haqlıdır”ın əməlli-başlı tərifinə çıxdı. “Mən verilişimiz barədə yazanları yazar hesab etmirəm, biz burada gəlin-qaynana münasibətindən danışırıq”, - dedi. Mikayılın bütün qınaqlara baxmayaraq eyni tempdə verilişə davam etməsi isə bir başqa rüsvayçılıqdır. Bəli, bu söz bəlkə də ən zəif və yumşaq səslənən ifadədir. Siya və Amaci tərəfdarları deyərək studiyaya uşaqlı-böyüklü yaxınlarını, evdar qadınları yığan bu “veriliş”in vəziyyəti doğrudan da acınacaqlıdır. Hələ bunu “layihə” adı ilə camaata sırıyan kanal rəhbərliyinin otağında qürurla izləməsi lap gülüncdür. “Yaradıcı” kanalın səviyyəyə badalaq atan variantı axır ki, Teleradio Şurasının diqqətini də çəkdi. Deyirlər, kanal Nuşirəvan müəllimi yamanca hirsləndirib. Bir baxın da, axı bu verilişdə əslində qadağan olunmuş serialın ardı yağ kimi davam edir. Özü də nağıldanışan Mikayılın şərhi ilə. Serialın səhnələrini izah etdikcə, onun maraqdan gözləri böyüyür. Əslində bura ondan da yaxşısını tapa bilməzdilər. O, özünü populyar biri hesab edir, onun gözündə Amaci və Siya ideallarından başqa heç kəs yoxdur. Guya ictimai rəyi belə üstün tutan Space bu dəfə də Amacisiz yaşaya bilməyən millətin qayğısına qalıb. Bu qədər dərdin içində hələ camaatın cibinə girib serial “inciləri” üçün sms dilənir. Səhv etmirəmsə, Siya adlı obraz filmdə çoxdan ölüb. Durub desək ki, bir ağır xəstəyə yardım üçün sms atın atan olmaz, amma millət nə qədər Amacinin hipnozuna tutulubsa, simiclik də etmir, konturunu fəda edir. Ən ağrılısı isə odur ki, ağsaqqallar, ağbirçəklər də Amaci “xəstəliyinə” yoluxublar.

Sizi yaxşı başa düşürəm. TV qanunlarını bilən kimi tək onu deyə bilərəm, dərdiniz yenə də zəhrimara qalmış puldur. Heç olmazsa səmimi şəkildə bunu boynunuza alın. Bunun üçün Mikayıllı məhkəmə qurmaq nəyə lazım. Hələ Mikayılın hakim obrazı, bu əndirabadi görkəmi. Cənab aparıcı, yoxsa siz bizim məhkəmə sistemində dəyişiklik etmək istəyirsiz? Nə vaxtdan bizim hakimlər serialı müzakirə ediblər. Olmaya belə nümunəylə nə vaxtsa rastlaşmısız? Axırı bilmirəm, pul sizi serialın kölgəsində cılızlaşmağa vadar etdi.

Jurnalistikanın bir çərçivəyə sığmayan qüvvəsini ona satdınız. Həmin efir vaxtında sosial dərd - sərimizi demək əvəzinə, guya bu hind qadınlarının qeydinə qaldınız. Hə də, zarafat deyil, serialı almaq, onu tərcümə etmək, dublyajı hamısı puldur. Qabaqcadan pulu alınmış reklam sifarişlərinin aqibətini demirəm hələ. Axı siz xərclərinizi bolluca, artıqlamasıyla çıxarmısız. Vaxtiylə serialın dərman kimi gündə bir neçə dəfə verildiyi vaxtda reklam qanununu da yaxşıca pozmusuz. Dilxor Space və əsəbdən zövqü dağılmış insan yığını. Kanalın bu fürsəti yaxşı dəyərləndirmə siyasəti. Yoxsa, “biz xalqımızın fikirlərini bilmək istəyirik, görək Siya haqlıdır, yoxsa Amaci” deməklə kimlər aldadılır. Başqa məsələlərdə nə əcəb camaatın rəyi soruşulmur. Niyə “filankəs sən bu gecə öz yatağında yatdın, yoxsa küçədə?”, “Uşağınız siqaret çəkir, ya yox?”, “Diplomlu, iş tapa bildin, ya yox?”, “Ay Eurovizion sən başımıza bəlasanmı, ya yox?” suallarına sms yığılmır. Razıyam qoy yığılsın, amma insanlar manqurt yerinə qoyulmasın. İndi bütün auditoriya hətta aktrisa, ziyalı qarışıq Amacinin əsirinə çevrilib. İşə bax da.
Bu serial çox ölkədə yayımlanıb və hazırda yayımlanır. İnanmıram ki, bir serial üçün bu qədər özünü həlak edən kanal tapıla. Space Nuşirəvan müəllimi sadəcə sındırmaq istəyir. Bu kişinin sözünü tutmasına inanmır və inanmaq da istəmir. Özü kimi amacisevərləri onun üstünə qaldırmaq istəyir. Türkiyənin Radio Televizyon Üst Qurumu adlı idarəsinə bir baxın, istədiyi vaxt oranın hələ yerli sevilən serialına “barmaq silkələyir”, onun iradının haqlı –haqsızlığı barədə səsini çıxaran da yoxdur. Nuşirəvan müəllim artıq dəfələrlə demişdi ki, sözüm sözdü, maya hazır olsunlar. Space heç inanmamışdı, heç... Space, kim haqlıdır, kim? Belə söz var deyərlər, igidi öldür, haqqını ver... Saytını da dağıtdılar, sən də hələ bizə acıq verib Amacini Bakıya gətirirsən, gətir. Serial qəhrəmanına sözüm yoxdur, o qadın rolunu əməlli- başlı yerinə yetirib. Sənin rolun nədir? Rolunu gözləyirik...