Din həyat üçün təhlükəli maddədir

din-heyat-ucun-tehlukeli-maddedir-
Oxunma sayı: 3197

İslam mövzusunda hörmətli Fazil Mustafa mənim opponentim deyil. Ancaq o, az qala heç bir mövzuda proponentim də deyil. O dərəcədə ki, mən onun yazısını oxuduqca, hətta hər ifadəsinə etiraz edə biləcəyimi gördüm. Lakin yazmaq özüm üçün, oxumaq da oxucular üçün də maraqlı olsun deyə, onun ən güclü tezislərini seçdim və insaflı həcmdə yazmağa çalışdım. İslamlaşma və Babək mövzusuna isə heç toxunmadım.

***

“Təhrif olunmuş İslam”, “İslamın mahiyyətinə zidd olan”, “İslamın mahiyyətinə yad təzahürlər”...

Neyləyək, görəsən, indi biz, dünyanın hansı universitetinə, hansı üləmanın yanına, hansı ayətullanın mədrəsəsinə gənclərimizi göndərək ki, gedib bizim üçün islamın əsl mahiyyətini öyrənib, gəlib ölkəmizdə belə problemləri həll etsinlər? Onlar gələnəcən, bəs, özümüz islamın əsl mahiyyətini öyrənmək üçün hansı kitabları oxumalıyıq? Gələcəyimizi təhrif olunmamış islamla necə quraq? Ərəbcəmi öyrənək, Quranı kimin tərcüməsindən oxuyaq, hansı məzhəbə yazılaq? Daha köklü sual: Yuxarıda sadalanan bu tip suallara kim cavab verəcək?

Adama deyərlər, ay evin tikilsin, bunlar heç özləri 1400 ildən çoxdur öz aralarında əsl islamın nə olduğuna qərar verə bilmirlər, biz nəmənəyik ki, islamın mahiyyətini üzə çıxaracağıq. Məsələn, F. Mustafa özü təhrif olunmamış islamın əsl mahiyyətini 1), 2), 3)... deyə beş-on tezislə ifadə edə, bunu Azərbaycanda hansısa islamçıya “Səninki təhrif olunmuş islamdır” deyə və ona bunu inandıra bilərmi? Söhbət dədəsinin goruna and içən, qarşısındakına acıqlananda onun allahına söyən, mollanın dalısınca daş atan sadə müsəlmandan yox, bizi daşlamağa hazır olan təşkilatlanmış islamçılardan gedir. Elə dava bunun davası deyilmi ki, Azərbaycan islamçılara qalası olsa, bunlar bir-birini elə “Sən düz islam deyilsən!” deyibən qıracaqlar.

Bizim məlum Bəyanatımıza “Haqq yolu” saytının mövqeyinə baxın və vəziyyəti özünüz görün: “Azərbaycanda İran aşağılananda şiələr, Türkiyə aşağılananda sünnilər, Ərəbistan aşağılananda vəhabilərin qıcıqlanması təbiidir. Ölkədə sabitlik istəyən fərd və ya qurum hansısa təbəqəni qəsdən qıcıqlandırmamalıdır”. Şərhə gərək varmı?

Bu yerdə soruşan gərək, bəs, Hindistanı aşağılasaq, hansı məzhəb qıcıqlanacaq? Bəs Uruqvayı? Onda mən təklif edirəm, islamın təhrif olunmamış mahiyyətini ifadə edən kodekslə yanaşı, bir də “islamın nevroloji qıcıqlanma xəritəsi” hazırlansın, biz də işimizi bilək.

***

Buna görə də, bizim üçün ən optimal yol sekulyarizm yolunu izləməkdir. İnsanlara dinin yerinin qəbiristanlıq, iman, ibadət kimi məsələlərin də hərkəsin şəxsi vicdan məsələsi olduğunu başa salmaqdan başqa yolumuz yoxdur. Və sekulyarizm də dinin tamamilə yox edilməsi yox, onun minimal həddə saxlanması deməkdir. Çünki insan təbiətinə xas olan mal-mülk ehtirası, şan-şöhrət ehtirası, eyş-işrət ehtirası, taxt-tac ehtirası kimi dünyəvi arzuların öhdəsindən az-çox gəlmək olur, ancaq dini ehtiras bütün şüura hakim kəsildikdən sonra o, demək olar ki, qarşısıalınmazdır.

Mövcud siyasi hakimiyyətin dinə münasibəti doğru, fəqət din siyasəti (məsələn, saunada axund şəkli çəkmək, islamçını şərləyib tutmaq) yanlışdır. Və əgər təkcə elə bu yarıtmaz təhsil sistemi belə davam edərsə, 5 il sonra bu ölkədə islamçılar heç hakimiyyətə də gəlməsələr, onların əlindən heç evdə də yaşamaq mümkün olmayacaq. Əgər belə davam edərsə, bu siyasi hakimiyyəti həm də ona görə və üstəlik təcili dəyişdirmək lazımdır ki, böyüyən islam təhlükəsi sovuşsun. Ancaq bunu kim edəcək?!. İndiki islamçı müxalifətmi?

Mövcud siyasi hakimiyyət cəmiyyəti, o cümlədən də islamçıları bu bərbad yaşayış səviyyəsindən çıxarmalıdır. Unutmaq olmaz ki, islamçıların əksəriyyəti sosial etirazçılardır. Artan dinilik sosio-psixoloji proses olub, nə idraki-əqli yüksəlişin, nə də mənəvi-əxlaqi ucalığın göstəricisidir.

İslamçının psixologiyasında, görün, nələr qovuşur: mövhumi qorxu; seksual aclıqdan əziyyət çəkən insanların cənnətdə huri intizarı; itaət həzzi; cəhalətdən gələn təkəbbür; dinlə özünə mənsubiyyət və şəxsiyyət yaratmaq cəhdi; dinlə özünütəsdiq; dindar imici ilə insanlar arasında nüfuz qazanmaq arzusu; tez-tez ali dəyərlərin adını çəkərək özünün də elə o dəyərlərin guya daşıyıcısı saymaq aldanışı; bu başgicəlləndirici sürətlə dəyişən dünyada özünü itirmək və köhnəlmək ehtimalından yaranan acıq; öz sosial və şəxsi faciəsinə anlam verə bilməmək əzabından xilas olmaq istəyi; ətrafında baş verən bu qədər haqsızlıq və ədalətsizlik qarşısında gücsüzlük və s. Bunlar kökdə hamısı insani arzular, qorxular, ehtiyaclardırlar və təbiidirlər.

Ancaq əgər siz (siyasi hakimiyyəti nəzərdə tuturam) bu dünyada insanlara cənnətin heç “c”sini də göstərməsəniz, onlar o dünyadakı “cənnət”in eşqi ilə burda hamımıza “cəhənnəm”in hamısını göstərməyə hazır olacaqlar və intiqamlarını da cihad sayacaqlar. İnidiyəcən nə itirilibsə, itirilib. Ancaq indi yeniyetmə yaşlarında olan, gic-gicə mahnılara qulaq asan, məktəbə bıçaqla gələn, zır cahil məktəblilərin böyük bir hissəsi sabahın aktiv islamçılarıdırlar. Bu gedişat dayandırılmalı, təhsil sistemi və telekanalların efiri təcili düzəldilməlidir.

***

“Bizim cizgimiz böyüklərimiz olan Əli bəy Hüseynzadənin, Əhməd Ağaoğlunun cizgisidir, bəlkə onları da səhv düşündüklərinə görə topa tutasınız?” İnciməyin, bu artıq elmi yox, demoqoji, yəni küyə basıb, başqalarını, bu durumda oxucuları öz tərəfinə çəkməklə, qarşısındakını təkləmək istəyən tərzdir. Məsələn, bir sərnişinin marşrut sürücüsünə öz şəxsi narazılığını öz adından yox, “Bu qədər camaatı sən nə sayırsan?!” kimi ümumi bir ifadə ilə qışqırması eyni demoqoji üsuldur. F. Mustafanın “Axundovun ... Azərbaycan insanının ən böyük mənəvi dəyərinə saldırması” cümləsi də eyni demaqoji üslubda yazılıb. Əslində isə nəinki Əli bəy Hüseynzadəni, Əhməd Ağaoğlunu, Babəki də topa tutmaq olar, Axundovu da, Rafiq Tağını da, məni də. Ancaq Məhəmmədi də! Avropa dəyərləri və həyat tərzini də. Ancaq islamı da! Şəxsən mən nə Babəkçiyəm, nə Axundovçu, nə Rafiq Tağıçı, nə Asif Ataçı və s. Topa tutmaq “olar” nədir, “olar” azdır, bu, gərəkli və faydalıdır da! Biz bütpərəst deyilik ki! İslamı dünyadan və zamandan geri qoyan nə oldu? Həmin bax, bu, bütpərəst tənqidboğma mövqeyi!

***

“Azərbaycanda insanların çoxluğunun monoteist inanclardan uzaq olduğu, falın, bütlərin, pirlərin tüğyan etdiyi gerçəyini hər halda nəzərə almamış deyiləm”.
“Monoteist” (təkallahçı) inanc nə deməkdir?

Dünyanı allah-şeytan, xeyir-şər, inanan-inanmayan kimi binarlıqlarla (ikiliklərlə) qavrayan və ierarxiya quran monoteizm tarixə müharibə şəraiti gətirdi. “Mənnən deyilsənsə, mənə qarşısan!”, “islamı tənqid edirsənsə, deməli, şeytansan, yox olmalısan!” hökmləri monoteistik düşünmənin nəticələridir. Çünki monoteizmdə hamı özünü bircə dənə olan xeyirin yanında sayır və qarşıda dayanan da dərhal şər ordusunun əsgəri durumuna düşür. Çağdaş dünyada özündən qıraqda düşmən obrazı uydurub, daxili siyasəti onun üzərində qurmaq cəhdləri də həmin monoteistik baxışın meyvəsidir. Monoteist dinlər dünyaya müharibələr gətirdilər. Bütün dünya yığışıb, minbir layihə, proqram və s. ilə hələ də bu üç monoteist din arasında dialoq yaratmağa çalışır. Bütün dünya baş sındırır ki, monoteistlər necə tolerant olsun?

Monoteizm totalitar və monopolist idarəetmə üsuluna daha əlverişlidir. Hətta bütün təbiətin canlı olmasına inanan qədim animizm də bu gün üçün ekoloji baxımdan daha gərəkli dini dünyagörüşüdür. Bunu isə təkcə mən demirəm, xristian almanların yaşayan böyük filosofu H. Kimmerle də deyir.

Çağdaş Qərb fəlsəfəsində poststrukturalist-postmodernist fəlsəfə həmin bu və hər cür monizmə, eyniləşdirmə və ümumiləşdirmə yanaşmasına qarşı çıxmaqla son nəticədə politeist modelə qayıdır. Elmdə də hakim paradiqma sadələşdirmə yox, mürəkkəbləşdirmədir. L. Zadənin “fuzy məntiqi” də monoteizmin bəslədiyi binarlığa etirazdır. Qloballaşma bir tərəfdən kültür imperializmi ilə müşayiət olunursa, digər tərəfdən də lokal kültürlərin boy atmasına, çiçəklənməsinə şərait yaradır. Bütün bu mənzərə polifonik (çoxsəsli), plüralist (çoxçu) mənzərə təqdim edir və bu, qədim dövrlərin politeizminə qayıdışdir. Arxaik qəliblərin əzbərçiləri isə elə bilirlər ki, monoteizm yaxşı matahdır.

***

Axundov nəzərdə tutularaq, “Bu əslində mövhumatla mübarizə aparmaq istəyən bir aydının ateist mövhumatçılığın əsasını qoymasına səbəb olmuş, sonradan sağlam din modelimizin formalaşmasına da öz mənfi təsirini göstərmişdir”.

Mövhumat nədir, din nədir? Bizdə əzbərlənmiş və çox geniş yayılmış qəliblərdən biri də budur ki, guya mövhumat ayrıdır, din ayrı; və axundovlar, zərdabilər, mirzəcəlillər və başqaları guya dinlə yox, mövhumatla mübarizə aparırlarmış. Belə çıxır ki, sən demə, bu adamlar gecələr qəza namazları qılır, gizlincə oruc tuturlarmış, hətta hamıdan gizlin beş-altı dəfə həccə də gedib gəliblərmiş.

İslamçı saytların, müxalifət qəzetlərinin apardığı AzTV sayaq kampaniya hansı məzmunda idi, xatırlayın: Bəyanatı imzalayanlar – müraciət mətnini oxumayıblar, “hökumətə və xüsusi xidmət orqanlarına yaxın şəxslər”dirlər, xaricdən idarə edilən təxribatçı qrupdurlar, şəxsən mən guya Qərbdən maliyyələşdirilirəmmiş və s. bu kimi bir torba məkr ssenarisi. Bir sözlə, bunların fikrincə, heç kim həmin Bəyanatda yazıldığı kimi düşünə bilməz!

Eyni məntiqlə də inanırlar ki, Axundovdan başlayan maarifçilərimiz də guya dinə qarşı yox, əslində mövhumata qarşı çıxıblar. Maarifçi (əslində aydınlanmaçı) fəlsəfəyə görə isə elm olan yerdə din özü batil etiqaddır, kor-koranə inamdır, mövhumatdır! Var məfhum(at), var məvhum(at). Məfhum(at) bir şeyin zehindəki təsəvvürü, düşüncə, ideya deməkdir, Qərb dillərində tərcüməsi konsept və nosyondur. “Fəhm” kökü başa düşmək, anlamaq deməkdir. Məvhum(at) isə gerçək olaraq var olmayan deməkdir, Qərb dillərində fiksiya, illüziya kimi ifadə edilir. Səbəbsiz qorxu anlamında vahimələnmək də eyni kökdən, “vəhm”dən törəmişdir. Beləliklə, mövhumatın mifik, psixoloji və s. kimi minbir növü ola bilər. Biri də dinidir. Necə ki, doqmatizmin siyasi, dini, ictimai və s. minbir növü olduğu kimi. Yəni “dini mövhumat” dedikdə, bu, “din ayri şeydir, mövhumat ayri” demək deyildir. Nə də dinin mövhumat olan hissəsi ilə qeyri-mövhumat olan hissəsini ayirmaq da demək deyildir. Axundov da daxil heç bir maarifçi də “bax, bu, dinin mövhumat hissəsi, bu da doğru, faydali hissəsidir” deməmişdir. “Dini” mövhumat mövhumatin dini səciyyə daşidiğini bildirir. “Din” – maarifçi fəlsəfənin leksikonunda elə “mövhumat” deməkdir! Çünki o, elm deyildir. Bir sözlə, Axundov “əslində mövhumatla mübarizə aparmaq istəyən bir aydın” yox, dinlə, özü də konkret olaraq islamla mübarizə aparan aydın olub.

***

İddia edilir ki, Nisa surəsi, 34-cü ayəsində Allah deyibmiş ki, “arvad itaət edərsə ta ağ eləmək lazım deyil”, yəni “arvadı döyün ifadəsi əksər tərcümələrdə yer almadığına görə bunu mütləq sübut kimi irəli sürə bilmərik”mişik. Bu, mənə ünvanlanmış etiraz olmasa da, baxaq buna.

Birincisi, nə əcəb bu “itaət” sözü diqqətinizdən yayınır? Dünyanın bu çağında qadının kişiyə, yəni bir insanın o birinə itaət etməsindən danışılması quldarlıq quruluşunu assosiasiya etmirmi? (Bu da başqa bir karikaturadır ki, bizim gender ekspertlərinin çoxu danışmağa Quranı tərifləməklə başlayırlar).

Gələk, arvadı döymək məsələsinə. Həmin ayədə söhbət namussuzluq ya da ərinə xəyanət edən qadından da yox, ərinə qarşı dikbaşlıq edən qadından gedir. İtaət məsələsi də buna görə vurğulanır. Ərəbcədə “daraba” feli bizdə “zərbə” kimi səslənir. Bəziləri iddia edir ki, daraba ilə Allah guya demək istəyib ki, belə halda ayaqlarınızla yeri döyəcləyin, yəni arvaddan uzaqlaşıb gedin. Mən Quranı alman dilindəki tərcümələrini oxuyuram və almanlara da özümüzkülərdən və türkiyəlilərdən daha çox güvənirəm. Quranın almanca bütün tərcümələrində həmin yerdə açıq-aydın yazılıb: itaət etməyib, dikbaşlıq edən arvadı axırda zərbələyin, yəni döyün! Bir şillə çəkib vurun da yox, M.Ə.Sabirin ifadəsilə desək, “şarpa-şarp” çırpın!

Sonra da belə kitabı müqəddəs, islam əxlaqını ən gözəl, islam hüququnu da İnsan Haqları ilə bir tuturlar, utanmırlar. Nə isə.

Sonuncu müsahibəmdə Quranda təbiət haqqında xeyli yanlışlara yol verildiyini və orda çoxlu elmi səhvlər olmasına dair misal kimi Quranda Yerin məcməyi şəklində təsvir edildiyini də demişəm. Bizim milli Quran tərcüməçilərimizdən biri isə etiraz edib deyirmiş ki, yox, Quranın həmin ayələrində yazılıb: “O, yeri kürə yapdı, kürə kimi fırlatdı”. Halbuki, almanca tərcümədə 2-ci surənin 22-ci ayəsində: “O, ... yeri sizə dincəlmək üçün yataq, döşək; göyü də çardaq, tavan elədi”; 79-cu surənin 30-cu ayəsində: “O, bundan sonra yeri sərdi”; 91-ci surənin 6-cı ayənin də tərcüməsində də eyni fel, “ausbreiten” feli işlənib. Alman dilində “ausbreiten” felinin yan-yana düzmək, döşəmək, açmaq, sərmək kimi mənaları var, ancaq əsla kürə yapmaq, ya da kürə fırlatmaq kimi bir mənası yoxdur.

Yerli ayətullalardan biri bir dəfə Azadlıq radiosunun efirində mənə deyirdi ki, Quran iqrə sözü ilə başlayır, yəni görürsünüzmü, bizim kitab deyir, gedin kitab oxuyun. Əvvəla hansı kitabı, “Nəhcül-Bəlağə”ni, ya “Növlərin mənşəyi”ni? İkincisi, bu adam həyasızcasına yalan deyirdi! “İqrə” – bu sözün başqa variantını tanıdığımız qiraət sözüdür, yəni bir şeyi karaoke oxuduğumuz kimi ucadan oxumaq, Quran qaresi olmaq deməkdir. Ərəbcədə bizim mütaliə anlamındakı söz isə “tilavət” sözüdür. Yəni o oxumaqla bu oxumaq arasında heç bir əlaqə yoxdur. Gopa basırlar.

Bir sözlə, əziz dostlar, biləsiniz, islamçılar əksəriyyətimizin ərəb dili bilməməyindən və belə incəliklərə getməyə həvəsimizin olmamasından istifadə edib, bizə kələk gəlmək istəyirlər. Bir çox ayə və hədisləri heç açıb-ağartmırlar, Quranın boş yerlərini mötərizələrlə tamamlayırlar, sözləri qəsdən dəyişdirirlər, islam tarixinin bir çox hadisəsini gizlədirlər və s. Yuxarıda bir-iki misal verdim, ancaq belə saxtakarlıqların sayı qat-qat çoxdur. Özü də bunu nə mən kəşf etmişəm, nə də təkcə mən müşahidə edirəm. Üstəlik bu hal islam tarixinə də yad deyil, elə təkcə onminlərlə hədis uydurulması dediyimə sübutdur. İslamın bilə-bilə gizlədilən üzü haqqında öyrənmək istəyən oxucular http://www.turandursun.com saytına da baxa bilərlər. Turan Dursun 1990-cı ildə İstanbulda evinin yaxınlığında öldürülmüş böyük islam alimi və tənqidçisi olub.

Eyni taktika ilə F.Mustafa da, məsələn, belə deyir: “Peyğəmbərin öz oğulluğunun boşadığı qadınla evlənməsi... ”. “Boşadığı” nə deməkdir?! Təbii ki, belə deməli idi: “Peyğəmbərin öz oğulluğundan boşatdırdığı qadınla evlənməsi...”. Hadisəni qısaca yazıram, bilən bilir. Məhəmməd oğulluğa götürdüyü Zeydin evində onun arvadı, yəni öz gəlini sayılan Zeynəbi yarıçılpaq vəziyyətdə görür və heç cür özünə gələ bilmir. Zeydi, yəni qadının ərini göndərir ki, get Zeynəbə de ki, onu istəyirəm! Zeyd də yetim quldur, özünə Məhəmməd kimi atalıq tapıb, ağzı nə idi, etiraz etsin. Ancaq qıraq-bucaqda dillənənlər olur. Onda Məhəmməd belələrini susdurmaq üçün təcili bir ayə gətizdirir: Əhzəb surəsi, 37-ci ayə: “... Zeyd o qadını boşayan kimi, o, artıq sənindir. ...”. Beləcə, Zeynəbi övladlığa götürdüyü adamdan boşatdırıb, onu özünə arvad edir. F. Mustafa da deyir: “Bəli İslam Peyğəmbərinin həyatı müsəlmanlar tərəfindən örnək olaraq götürülürsə, demək ki, ən kiçik detallara qədər bu həyat vəhylə tənzimlənmişdir”. Ancaq Məhəmmədin arvadı Aişə F. Mustafa kimi düşünməyib və belə hallar üçün Məhəmmədə məşhur etirazını səsləndirib: “Belə baxıram, sənin Rəbbinin işi-gücü sənin şəhvətinin nazı ilə oynamaqdır” (Buxari, ə’s-Səhih, Təfsir/7; Təcrid, hədis № 1721, Müslüm, ə’s-Səhih, Rıda/49, 50, hədis № 1464).