Din, qanun, yoxsa mentalitet?!

din-qanun-yoxsa-mentalitet
Oxunma sayı: 647

Bu barədə şəxsi qənaətimi gizlədərək dərhal başqa bir mətləbə keçirəm.

Mənə elə gəlir ki, din və insan münasibətləri fərqli cəmiyyətlərdə fərqli assosiasiya yaradır. Yəni ki, bir para qərb alimlərinin söylədiklərini qədirşünas xalqımıza birbaşa aid etmək bizi yanlış məcraya yönəldə bilər. Biz heç düz-əməlli din adamı da deyilik axı...

Dində cəmiyyətin tənzimlənməsi Allah xofuna əsaslanır, elm isə illüziyaları qəbul etmir. Elm zəkaya ümidlidir, insanın bilməsini və başa düşməsini tərcih edir. İnsan isə, deyəsən başa düşmək istəmir!

Bizdə tərəqqinin başlıca əngəli mentalitetdir, nəinki din!

Məsələn, yalan danışmaq!

Dində bu ağır günahdır. Ancaq mentalitetimizdə elə də böyük fəlakət sayılmır. Kiminsə camaatı aldatdığını bilirik, ancaq üzə vurmuruq, açıb-ağartmırıq. “Nəmə lazım?!” – deyə ötüşdürməyə çalışırıq. Hətta bu bizdə yumor hissi yarada bilir! Təki özümüz aldanmayaq, kimə nə olur-olsun!

Kiminsə qəflətən vəzifəyə keçib varlanması mentalitetimizdə az qala qanunauyğunluq hesab edilir. Necə olmalıdır ki? O boyda vəzifəsi var kişinin. Pul onda olmayıb, məndə olası deyil ha?!

Halbuki, dində rüşvət almaq və beytül-mala xəyanət ən ağır günahlardan sayılır.

Ən başlıcası, həqiqəti nələrə görəsə danmaq!

Cinayət törədib evinə pənah gətirən qohumunu polisə xəbər edən neçə nəfər tapmaq olar bu məmləkətdə? Və yaxud bu addımı atan adama pis baxmayan, onu “suka” adlandırmayan?

Mentalitetimizdə dostluğa, qohumluğa, kirvəliyə görə həqiqətdən asanlıqla üz çevirmək mümkündür. Hətta, bunu “mən dostluğumuzun xətrinə bu addımı atdım!” – deyib fəxrlə bəyan edə bilərik.

Halbuki, dində Kərbəla hadisələri kimi mükəmməl əxlaq mücəssəməsi var.

Və yaxud aşağıdakı əhvalat:

İslam peyğəmbəri Həzrət Əliyə dinin sirlərini açır və onu müsəlman olmağa dəvət edir. Həzrət Əli gəncdir, içində bəzi tərəddüdlər var. Üstəlik o, atasını çox sevir və ondan qalan dəyərləri (bütpərəstlik) düşünmədən ötüşə bilmir. Bu yandan da bir olan Allah! Axı o var, ona iman gətirmək vacibdir. Odur ki, buyurur: “Ya Məhəmməd, gedim atamdan izn alım, İslamı qəbul etdiyimi ona bəyan edim”.

Qapıdan çıxır, iki-üç addım atmamış geri qayıdır və qətiyyətlə söyləyir: “Ey Allahın rəsulu, mən atamı da, məni də, küllü-aləmi də yaradan Allaha itaət üçün heç kəsdən icazə almayacam! Sənin gətirdiyin dini qəbul edirəm!”

Gözləri dolan peyğəmbər onu sinəsinə sıxır, Ya Əli, sən məni başa düşdün, deyir.

Lütfən, bəzi dindar yoldaşlar bu əhvalatı təftiş etməyə qalxmasınlar. Bu əhvalat ola da bilər, olmaya da! Ancaq daşıdığı məna çox dəyərlidir.

Mentalitetimizdə əmin olduğu həqiqət üçün atasına, özündən böyüyə, hər hansı bir ixtiyar sahibinə qarşı gələnlərə necə baxırlar?

Mətləbi çox uzatmadan bunu söyləmək istəyirəm: bizim cəmiyyət dinlə mübarizəyə hazır deyil. Çünki biz, hələ ibtidai mental instinktlərdən xilas olmamışıq. Biz nə qanuna, nə dinə boyun əyirik. Bizim bircə hökmdarımız var, o da mentalitetdir.