“Dinə baxış” mövzusunda tədbir keçirildi

dine-baxis-movzusunda-tedbir-kecirildi
Oxunma sayı: 889

“Qafqazinfo”nun məlumatına görə, qonaq, MDHP sədrinin ideoloji və siyasi məsələlər üzrə müavini, analitik Tahir Seyidov olub. Tədbirə İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı, Borçalı Cəmiyyəti Gənclər Təşkilatının idarə heyətinin üzvü Nadir Məmmədli, ilahiyyatçi Cəlil Məmmədsoy və MDHP Gənclər Təşkilatının üzvləri qatılıblar.

MDHP Gənclər Təşkilatının sədri Seymur Həsənli təhsil sahəsinə toxunub. O, bildirib ki, Azərbaycan təhsil sistemində böyük sistemsizlik var. “Universitetlərdə nə sovet təhsil sistemi, nə də Baloniya sistemi düzgün tətbiq olunmur. Hər il nəsə tətbiq olunur, sınaqdan keçirilir və beləliklə bütün bəlalar elmin başında çatlayır. Buna görə də tələbələr asudə vaxt tapıb ideoloji cəhətdən maariflənə bilmirlər. Ki, sonradan da sossial tələbatında artması həmin gənci pulla hansısa yad ideologiyanın qurbanına çevirir.”

Tahir Seyidov çıxışına din anlayışının mahiyyətini açmaqla başlayıb: “Din anlayışı – inanc anlayışıdır. İnsanlar ikili mahiyyətdir: cismi və ruhi. Allahın yaratdığı insan kainatdan kənar deyil. Allah insanı aləmlər içərisində təbiətin tərkibində şüurlu bir varlıq olaraq yaradıb. Allahı dərk etmək anlayışı isə 2600-3000 il öncə yaranıb. Deməli, dindən qabaq millətlər yaranıb. Bəs din niyə yaranıb? Din insanları bir istiqamətə, bir yön olaraq tək Tanrıçılığa sitayiş etmələri üçün yaranıb. Yaranan dinlər içərisində yalnız İslam dinidir ki, onun kitabı Qurani-Kərim dəyişilməyib. Amma Qurani-Kərim kitabdır, onun üzərini parça ilə bağlayıb gizlətmək yox, oxumaq lazımdır.”

Tahir Seyidov deyib ki, Dini geyim kimi təqdim etmək böyük yalnışlıqdır: “İnsan geyimi ilə təbiətə uyğunlaşan bir varlıqdır. Məsələn, Ərəbistanda qumlu küləkdən qorunmaq üçün əbadan, Sibirdə soyuqdan qorunmaq üçün qalın geyimlərdən və s. istifadə edirlər. Ərdoğan öz xanımının başını bağlatdırıb reklam edir ki, mən müsəlmanam. Adama deyərlər ki, o zaman özün niyə ərəb kimi paltar geyinmirsən?”

Tədbirin gedişatı daha çox dinin siyasiləşdirilməsi məsələləri üzərində davam edib. Tahir Seyidov bu məsələyə də münasibətini açıqlayb: “Hazırda özünü islam nümunəsi kimi təqdim etməyə çalışan İran İslam Respublikası Qərbdə (konkret Fransada) yaradılmış və İrana göndərilmiş bir bəladır. Məqsəd odur ki, Avropa insanı islamı anlamasın. Digər tərəfdən vaxtilə Avropanı belə öz nüfuz dairəsində saxlayan Osmanlı imperiyası islamlaşmaq əvəzinə ərəbləşdi. Hazırda isə siyasət olaraq Türkiyə özü də xristiyanlığın təsiri altındadır. Başını bağlayıb bütün gününü məsciddə keçirmək Avropanın bir siyasəti olaraq millətləri kilsələrə doldurmaq deməkdir. Adamlar baş örtüsünü bağlayıb universitetə daxil olmalı deyə dava aparır. Sən islamı baş örtünlə yox, ağlınla yaymalısan. İslam ağılsız olmağı bizə təqlid edirsə, gəlin ağılsız olaq. İslam dinində seçim olmamalıdır. “Mən məscidin rəhbəriyəmsə, səndən üstün müsəlmanam deyə” bir anlayış yoxdur.”

Dünya müsəlmanlarının yarım milyarda yaxını türk millətidir. Dünyanın qorxusu da türklərin birliyinin yaranmasındandır. Çünki türk döyüşkəndir. Tarix boyu döyüşüb dövlətini quran millətdir. Mən düşünürəm ki, ərəblər türkü önə çıxartmalıdır ki, parçalanmasınlar, ayaq altında qalmasınlar. Bir sözlə bütün müsəlmanların da xilas yolu türk millətçiliyidir. Kimsə unutmasın ki, Məhəmməd Peyğəmbərdən sonra dinə ən çox önəm və dəyər verən şəxs Mustafa Kamal Atatürk olub.”

Tahir Seyidov sonda deyib ki, dünyada bütün təriqətlərin yaradılması, müsəlmanların içinə atılması, parçalanmaların yaradılmasının kökündə yeraltı sərvətlərə sahiblənmək dayanır. Elə son aylar yaşanılan “Ərəb baharı” dalğası da buna hesablanıb.”

Tədbirin ikinci hissəsində İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı, ilahiyyatçi Cəlil Məmmədsoy, Azərbaycan Yazıçılar Birliyinin üzvü Habil Yaşar, MDHP gənclərindən Fərid Qasımov, Elnar Rzazadə, Nicat Cəmilzadə, Elbrus Hacıbəyli və digər qonaqlar çıxış ediblər.