Dini “həssasiyyət” zirehi

dini-hessasiyyet-zirehi
Oxunma sayı: 718

Rafiq Tağı adlı bir yazıçının islamçı terroristlər tərəfindən öldürüldüyünü, başqa rafiqtağıları da həmişə öldürə biləcəyini göstərdik;

dini və İranı tənqid edən düşüncələrinə görə heç kimin bu ölkədə belə yiyəsizcəsinə öldürülə bilməyəcəyini göstərdik;

burada da Güney azərbaycanlıların böyük çoxluğu ilə eyni düşüncələri bölüşən insanların varlığını onlara çatdırmış olduq və onlardan birbaşa dəstək aldıq;

dini problemin yaranmasında öz yanlış siyasəti ilə baş rollardan birini oynayan siyasi hakimiyyətə böyüyən problemin ciddiliyini göstərmiş olduq, baxmayaraq ki, heç bircə eyhamla da dəstəklənmədik;

siyasi müxalifətin çox yanlış olaraq, islamçılarla təhlükəli koalisiyasını yarı yolda qoymaqla onlara da, cəmiyyətimizə də faydalı olduq, ya da ən azından cəmiyyətin aktiv hissəsinin diqqətini bu qorxulu yaxınlaşmaya bir daha cəlb etdik;

dinlə zəhərlənmiş tək-tək fərdlərin öz məqalə və şərhlərində fərqli düşüncəyə qarşı hansı şiddətdə acıqlı ola biləcəklərini hamıya göstərdik və bu acığın tündlüyü hətta laqeydləri də təəccübləndirdi;

dini qızdırmaya qarşı cəmiyyətimizdə hələlik heç bir antibiotik mexanizmanın olmadığını göstərdik;

mətbuatda dini mövzularda da müzakirələr açmaq tabusunu götürməyə az da olsa nail olduq və din mövzusunda tənqidi müzakirələrin qarşısını açdıq və bu proses dayanmayacaq;

cəmiyyəti sadəcə politoloji analizlər yoxsulluğundan çıxartdıq və bir anda dini-fəlsəfi-elmi mövzular bütün yazar-cızarların hamısını burulğan kimi gərəkli intellektual dərinliyə çəkdi.

dini yüksəlişi ifşa etməklə islamçıları qabaqladıq;

bizi təkləyənlərə qoşulan, təklənmiş halda və yaxud yarı yolda buraxan “dostlar”ımızı, indiyədək kəşf etmədiyimiz dostlarla əvəzlədik;

və nəhayət, doğumunun 200 illiyini qeyd edəcəyimiz Axundov ilinə ona yaraşan açılışla başladıq.

***

Hələlik bu qədər uğurlu nəticənin əldə edilməsinin, məncə, iki səbəbi var idi: Bu problem uydurma problem deyil, gerçəkdə doğrudan da var. İkinci səbəb isə bizim diplomatik, ütülü, indi çoxlarının arzuladıqları standart cümlələrlə yox, hər şeyin adını dəqiq qoyan bir bəyanat mətni hazırlamışdıq. Və o, tarixdə bir manifest kimi qalacaq!

İran ayətulaları və onların burdakı adamları, görünür, belə hesab edirdilər ki, islam adının toxunulmazlığı arxasında gizlənib, bu “münbit ərazilər”də istənilən işi görmək, hətta Rafiq Tağı boyda dünyəvi bir yazıçını öldürmək, sonra da özünü heç nə olmamış kimi aparmaq mümkündür. Kimin ağlına gələ bilərdi ki, bu cəmiyyətdə kimlərsə dönüb deyə bilər ki, sizin dininiz özü günahkardır! Bax, bu tezis din tilsimini qırdı! Bəyanatın ən sərrast və doğru yanı dinin özünü hədəfə çevirmək oldu! İndi “islam terroru” ifadəsinə ağız büzənlər başa düşməlidirlər ki, biz dinin zireh olduğunu başqa cür göstərə bilməyəcəkdik. Heç Qərbin özündə rəsmi bəyanatlarda və mediada belə ifadənin dilə gətirilməməsi bu demək deyil ki, o, elə düşünülmür, elə bilinmir. Biz həm də göstərmiş olduq ki, Babəkdən başlayan, axundovlarla, mirzəcəlillərlə, cəfərcabbarlılarla, nəhayət, rafiqtağılarla davam edən dərin kültür savaşı bitməyib.

***

Problem burdadır ki, ölkəmizdə “tənqidədözümsüz” deyil, özünü “tənqidedilməz” sayan və belə də qəbul etdirmək istəyən “bir kabus dolaşır”, bunun adı islamdır. Onun tənqidədözümsüzlüyü tənqidedilməzliyə inanmasındandır. Bunların baxışına görə, hamı tənqid edilə bilər – bütün dünyagörüşlər, bütün tarixi şəxsiyyətlər və s., ancaq və ancaq bir istisna qalmalıdır: islam dinini tənqid etmək olmaz, onu bəyənməmək olmaz, Ərəbbalaya söz demək olmaz! Hansı dünyəvi haqla?

Bütün tarixi və real təcrübə göstərir ki, öz tənqidedilməzliyinə inanan islam kimi bir dünyagörüşün və həyat tərzinin cəmiyyətdəki yeri qıraqdan – sekulyarist hakimiyyət və humanist intellektuallar tərəfindən – müəyyənləşdirilməzsə, o cəmiyyət gec-tez bədbəxt olur.

Diqqətlə baxsanız siz də görərsiniz ki, iki dini zümrə – dini məişət çərçivəsində saxlayan sadə müsəlman əhali və başını aşağı salıb, sufilər kimi, dini öz içində yaşayan tək-tük mistiklər – bütün bu hadisələrə tamamilə əhəmiyyətsiz yanaşırlar. Çünki bəzi islamçıların “dini həssasiyyət” adı verdikləri keyfiyyət sadə müsəlmanlarda və mistiklərdə olmur. “Həssasiyyət”dən danışan islamçılar isə nə sadə müsəlmançılıqla məşğuldurlar, nə də mistik yaşantıları ilə. Məhz onlar təşkilatlanmış, mübarizəyə qalxmış, dini təbliğatla məşğul olan islamı təmsil edirlər. Və məhz onlar Sovet dünyəviliyindən bizə qalan, yeri gələndə lağa qoyduğumuz, moizələrinə qulaq asmadığımız, sadə müsəlmançılığı təmsil edən molla sinfini “bozbaş mollaları” adlandırıb alçaldırlar. Çünki islamçılar dinin cəmiyyətdə bu pillədə dayanması ilə artıq kifayətlənmək istəmirlər. Halbuki “bozbaş mollaçılığı” sekulyarizmi mütləq qorunub saxlanmalıdır.

Bir sözlə, ancaq hicablı qadınlar namuslu olmadıqları kimi, “həssasiyyət” də ancaq dindarların inhisarında olan imtiyaz deyildir, olmamalıdır. Din də daxil, bütün dünyagörüşlərin daşıyıcıları olaraq hər birimiz eyni dərəcədə həssasiyyətə malikik və eyni dərəcədə tənqid edilə bilərik. Heç kim həssasiyyətdən öz ideologiyasına tənqidkeçirməz zireh düzəltməsin.

***

Sonda, xahiş edirəm bu linklərə baxasınız: http://haqqyolu.com/articles/view/3452/458 və http://www.fazellankarani.com/azari/news/4996/ Hər iki linkdə eyni məqalə qoyulub. Rafiq Tağıya ölüm hökmü verən ayətulanın ayətula oğlunun məqaləsidir. Bu, həmin şəxsdir ki, qətli alqışlamış və bizə təbriknamə göndərmişdi. Göstərdiyim linklərdə bu adam mürtədlərin nə üçün öldürülməsini dini baxımdan əsaslandırır. Bu məqalə saytlara bizim bəyanatımızdan təxminən bir həftə qabaq yerləşdirilib. Təbii sual yaranır: Bu saytların arxasında Azərbaycanda kimlər dayanır? Və Rafiq Tağının istintaqı ilə məşğul olanlar bu saytları izləyirmi? “Mürtədi öldürmək olar” tezisi məqalə janrında ifadə edilmiş “Mürtədləri öldürün!” əmri deyilmi?!