Dini komitə qanunun sərtləşdirilməsi ilə bağlı açıqlama yaydı

dini-komite-qanunun-sertlesdirilmesi-ile-bagli-aciqlama-yaydi
Oxunma sayı: 656

Mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan açıqlamada bildirilir ki, «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 237-IVQD nömrəli Qanunla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-ci, 167-1-ci və 168-ci maddəsinə müvafiq dəyişikliklər edilib.Məcəllədə dini ayinlərin icra etməyə mane olmağa görə əvvəllər cəza «yüz manatdan beş yüz manatadək» müəyyən edilmiş, hazırda isə həmin cəza «min manatdan iki min manatadək» artırılıb. Dinə etiqad etməyə məcbur etməyə görə əvvəllər cəza «beş yüz manatdan min manatadək» olduğu halda, hazırda bu məbləğ «üç min manatdan beş min manatadək» müəyyən edilib. Qeyd olunan əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə, qabaqcadan əlbir olan bir neçə qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə əvvəllər cəza «min manatdan iki min manatadək» müəyyən edilmiş, hazırda isə «yeddi min manatdan doqquz min manatadək» artırılıb.
Məcəlləyə 167-2-ci maddə («Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma») əlavə olunub. 167-2.1-ci maddəyə əsasən, müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayılmasına görə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etməklə cəza növü nəzərdə tutulub.
Eyni zamanda həmin maddədə ağırlaşdırıcı hallar da nəzərdə tutulub: qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, təkrar törədildikdə. Hətta vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə həmin cinayətin törədilməsi də nəzərdə tutulmuşdur. Cinayətin bu şəkildə törədildiyinə görə yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etməklə cəza müəyyənləşdirilib.

Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etməyə görə də cəza artırılıb. Belə ki, əvvəllər cəza «yüz manatdan beş yüz manatadək» müəyyən edilmiş, hazırda isə həmin cəza «yeddi min manatdan doqquz min manatadək» artırılıb.

«Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 238-IVQD nömrəli Qanunla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 300-cü maddəsinə müvafiq dəyişikliklər edilib.

Qeyd etmək lazımdır ki, həmin maddəyə həm dəyişikliklər, həm də əlavələr olunub. Məcəlləyə 300.0.1-ci və 300.0.2-ci maddələr əlavə edilib. Bunların əlavə olunması qanunsuz olaraq dini təhsil almaq üçün vətəndaşların xaricə göndərilməsinin, din xadimlərinin mübadiləsinin, İslam dininə aid ayin və mərasimlərin Azərbaycan Respublikasından kənarda dini təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilməsinin qarşısını alır.

Həmin maddəyə əlavə edilmiş qeyd, yəni əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən qanunsuz olaraq dini təbliğat apararaq dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını yaymaqla (satmaqla) törədildikdə cinayət məsuliyyətinə səbəb olunması həmin vətəndaşların din sahəsində məsuliyyətini daha da artırır.
Həmin maddədə nəzərdə tutulmuş əməllərin pozulmasına görə inzibati tənbeh dəyişdirilmədən saxlanılmışdır.
Qeyd edilməlidir ki, Cinayət və İnzibati Xətalar məcəllələrinə əlavə və dəyişikliklərin olunması dini durumdakı mövcud reallıqlardan qaynaqlanıb. «Öyrənmələr göstərir ki, bu sahədə baş verən qanun pozuntuları bir çox hallarda eyni dini icmalar və şəxslər tərəfindən təkrarlanır. Hətta, bəzi məqamlarda həmin dini qurumlar və şəxslər bilərəkdən qanunvericiliyin tələblərini pozaraq, dini təbliğat aparır, zərərli dini ədəbiyyat yayırlar. Müvafiq dövlət qurumları bununla bağlı lazımi tədbirlər gördükdə isə kiçik məbləğdə olan cərimələri ödəməklə «kifayətlənirlər».

Bu baxımdan əminliklə demək olar ki, dini fəaliyyət sahəsindəki qanunvericilik bazasının təkmilləşdirilməsi həm zərərli dini ədəbiyyatın yayılmasının, həm də qanunsuz dini təbliğatın aparılmasının qarşısının alınmasında, eləcə də dini durumda gedən proseslərin daha da şəffaflaşmasında önəmli rol oynayacaqdır».