Diqqət: “Radar var!”

diqqet-radar-var
Oxunma sayı: 686

Milli Məclisdən Trend-ə verilən məlumata görə, "Yol hərəkəti haqqında" qanuna bununla bağlı əlavə təklif edilib. Qanunun 50-ci maddəsinə bununla bağlı xüsusi hissə əlavə olunacaq.

Qanun layihəsində qeyd olunur ki, hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda yolda radarın mövcudluğu barədə məlumat verən servis nişanı və ya həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 "Maksimum sürətin məhdudlaşdırılması" nişanı quraşdırılmalıdır.

Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır.

Qeyd edək ki, hazırda yolda radarın olması barədə yol nişanının quraşdırılması məcburi deyil.

Qanuna təklif olunan digər bir dəyişikliyə görə, şəxs qayda pozuntusu və ya tətbiq edilən tənbeh növü ilə razılaşmadıqda, inzibati protokol icraatın həyata keçirilməsi üçün 1 iş günü ərzində aidiyyəti icra hakimiyyəti orqanına göndərilir. Bu halda həmin şəxsə dərhal protokolun surəti və baxılmanın yeri və vaxtı barədə bildiriş verilir.

Digər bir dəyişiklikdə isə qeyd olunur ki, şəhərdaxili (rayondaxili) sərnişin daşımaları ilə məşğul olan sürücü qaydaları pozduqda, yol polisi əməkdaşı ona qayda pozuntusunu elan etdikdən və dövlət qeydiyyat nişanını qeydə aldıqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokolu sonuncu dayanacaqda da tərtib edə bilər. Bu dəyişiklik müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında ləngimələrin qarşısını almaq məqsədilə nəzərdə tutulub.

Qanun layihəsi Milli Məclisin müzakirəsinə verilib.