Dirəkli asmalı körpü

direkli-asmali-korpu-
Oxunma sayı: 3816

Zaqatala rayonunda yerləşən Asmalı körpü Tala çayının üzərində yerləşir. Körpünün tikintisinə 3 il öncə başlanılıb, onu yaponlar yox, yerli ustalar tikib. Amma bu il istifadəyə verilən Asmalı körpünün adını dəyişdirməli olublar.

Sakinlər deyirlər ki, ustalar beton tökərkən körpü əyilib. Onu düzəltmək üçün körpüyə dirək vurublar. Bundan sonra körpünün adını dəyişdirilərək “Bir dirəkli asmalı körpü” qoyulub.

Bir dirəkli asmalı körpünün uzunluğu 170, eni 11 metr, aşırımı 160 metr, maşınlar üçün hərəkət hissəsi 8 metrdir. Hər 2 tərəfi eni 1 metr yarım ərazisi var. Zaqatala 17 saylı yol istismar idarəsinin müdiri Mövlud Qəhrəmanov körpü tikilməyə başlayarkən jurnalistlərə bildirmişdi ki, bu körpünün sorağı bütün dünyadan gələcək. “Asma körpünün trostları Sinqapurdan gətirilib. Körpü ən azı 150 il selin-suyun qarşısında duruş gətirə biləcək. Körpünün bir xeyli hissəsi də Azərbaycanda istehsal olunub. Körpünün metal hissələri Heydər Əliyev adına Dərin Özüllər Zavodunda hazırlanıb. Asma hissəsinin qurşaqları metal tökmə zavodunda düzəldilib. Körpünü Zaqatalanın inşaatçıları inşa edirlər”- M. Qəhrəmanov 2008-ci ildə verdiyi açıqlamada deyib.

Qeyd edək ki, körpünün trostlarının bərkidilməsi üçün Azərbaycanda mütəxəssis olmadığından Gücüstandan dəvət olunub. Körpünün əsas yük götürən trostları 1000 tona yaxın yük götürmə qabiliyyətinə malikdir. Bir dirəkli asma körpü Yuxarı Tala, Aşağı Tala, Muxax, Yuxarı Çardaqlar, Qımır Bazar və Qax istiqamətdə kəndləri birləşdirir.
Sakinlər əlavə ediblər ki, rayonun dağlıq ərazisinə kanalizasiya xətti çəkirlər. 6 aydır başlanan iş hələ yekunlaşmayıb. Onlar məlumat verib ki, iş ustaların naşılığından yarımçıq qalıb. “Əraziyə plastmas borular gətiriblər. Amma düşünmürlər ki, dağlıq ərazidə, daşlıq olan yerdə bu borular dağılacaq. Pul da israfa gedəcək”- həmsöhbətim bildirib.

“Bizim yol” qəzeti