...Dodaqlarından öpdün

<b>...Dodaqlarından öpdün</b>
Oxunma sayı: 161

Bazar axşamı, bozbaş müğənnilərin dili ilə desək, el şənliklərindən birində, yurd-yuvamız talan olandan bəri üzünü görmədiyim, yaxın, yapyaxın bir dostumla qarşılaşdım. Biz həm də qohumuq! Son görüşümüzün tarixçəsini yadıma salmağa çalışdım, bir şey çıxmadı. Ama tarixləri domino daşı kimi tutuşduranda sarsıldım: biz 20 ildən artıq idi ki, görüşmürdüm. Huh bə! Mən də tərcümeyi-halında 20 illik dostluq tarixçəsi olan, bakenbardları ağarmış statistik insanların sırasına daxil olmuşdum artıq.

Bizi maraqlı xatirələr bağlayırdı. “Can-cana” mahnısının sədaları altında ətdən yeyib araqdan vura-vura daldıq eee... keçmişimizə!
“Görən qayıda biləcəyik oralara bir də!” – dostum dedi.
“Bəlkə də” – yekə bir bozartma tikəsini içəri ötürərək üstündən qazlı su içdim.
“Göy atımız yadındadı? Yalmanı ağarmışdı, özü tünd göy rəngdə idi. Qaçağan atı deyirəm. Həmişə yalvarardın ki, ver minim, özümü istədiyim qıza göstərim.”
“Yadımdadı.”
“Tərəkəmə Sehranın qızını deyirəm e... Döşləri təzə çıxmışdı, nübarını sən elədin.”
“Bəsdi, məzələnmə!”
“Əmimin goru düz deyirəm!”
“...”
“Novçalı bulağına getmişdik, atınız hürkdü, su betonlarını aşırdı, biri deşildi. Nə qədər çör-çöp soxduq suyu saxlamadı.”
“Yadımdadı. Rəhmətlik dədən siqaret çəkməyin üstündə necə döydü səni. “Xınalı daş”ın üstündə üzbəüz oturmuşduq, gördüm dədən gəlir, nə qədər qaş-göz elədim başa düşmədin. Ağac yendi kürəyinə. Səni yundan yumşaq elədi. Kişi aralaşan kimi “oy nənə belim sındı” deyib ovcunda gizlədiyin siqareti yenidən sümürməyə başladın. Mən onda bildim ki, ömrün boyu siqareti atmayassan!”
“Day demə! Neyləyim, dağda siqaret tapılırdı ki?! “Göy döş”ün yaxasında yemlik yeməyimiz heç yadımdan çıxmır. Mərcanlı itləri qəfil töküldü üstümüzə, sən keçi kimi dik bir daşın üstünə dırmaşıb canını qurtardın, itlər məni tutdu. Namərd dost! Vuraqmı?”
“Vuraq!”
“Bu “Can-cana” mahnısı yaman sümüyümə düşür, istəyirsən duraq bir az hərlənək, sən də bir şeir oxuyarsan.”
“Olar.”
“Üçgöllər” yadındadı, atları batırdıq bir dəfə, sonra “Novçalı”nın arxında çimizdirdik.”
“Bu yadıma düşmür nədənsə...”
“Sonra da ötüşdük. Bizim Göy at sizin Kəhəri ötdü.”
“Ola bilməz, bizim atı heç bir at ötə bilməyib.”
“Vallah ötdüm səni!”
“Yalan demə!”
“Vuraq...”
“Vuraq!”
“Səni Sehranın qızı ilə bir dəfə də tutdum. İki bacı mal nobatına getmişdilər, balacanı heyvanı qaytarmağa göndərib böyüyün kürəyini qayaya söykədin.”
“Ola bilməz ki, sən onu görəsən, duman idi hava!”
“Mən sizdən on addım aralı çınqıla su başına çıxmışdım. Gördüm gəlirsən, gizlənib pusdum sizi. Qız da etiraz eləmədi, dodaqlarından öpdün ləzzətlə... Oğulsan vallah!”
“Birini də vuraqmı?”
“Niyə vurmuruq.”
“Gəl axşam bizə gedək, doyunca dərdləşək.”
“Yox, əmimin goru, imkan yoxdu, başqa vaxta qalsın. İstəyirsən sən bir gün yolunu Füzulidən sal, mən orda oluram, Kürdmahmudlunun yanında.”
“Sağlıq olsun.
“Bzim yerləri bir də görsəm həyəcandan ürəyim partlayar!”
“Mənə də elə gəlir ki, dözə bilmərəm.”
“Hərdən yuxuma girir oralar... Səni də görürəm yuxuda. Ama ovaxtkı yaşda. Mən də yuxularımda heç böyüməmişəm.”
“Mən heç yuxuda da görmürəm!”
Vuraqmı?”
“Vuraq...”


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi