Dolma bükmək kurslarına Avrovision endirimi

dolma-bukmek-kurslarina-avrovision-endirimi-
Oxunma sayı: 686

Filmdə deyildiyi kimi “qoy piyanar özü bizim səxavətimizi görsün”. Nədənsə həmişə biz qonaq gələndən gələnə təşvişə düşüb, son məqamda ayılırıq ki,şəhərimizə əl gəzdirməli, binalarımızı “makiyaj etdirməli”, hansısa bir vəzifə adamı yoldan keçəcək deyə yollarımızı düzəltməliyik. Hələ yolların maşınlarla yuyulmasını isə mən bu yaşıma gəlmişəm yalnız filimlərdə görmüşəm. Allah böyükdür, bəlkə avropalıların “titizliyini”, gigiyenalarına diqqət etdiklərini görüb bu sinəsi yanan yollara da su səpib, çimizdirərlər. Avrovision yollardan qalxan zibil qoxusunun baş yaran vaxtına düşəcək özü də. Ya Allah, böyüksən!
İki gün olar-olmaz bilmirəm, saytda oxuduğum məlumata görə, ermənilər (əlbəttə ermənilər də gələcək) Bakıda keçiriləcək Avrovisiona “xüsusi” hazırlaşıblar, belə ki, hazırladıqları kliplərində Xocalı soyqırımını erməni soyqırımı kimi təqdim ediblər. Qondarma “erməni soyqırımı” nı yenidən, özü də Bakıdan balaqlarını cırıb qışqıraraq dünayaya nümayiş elətdirmək qərarına gəliblər görünür. 1992-ci il fevralın 26-da erməni qoşunlarının Xocalıda törətdiyi soyqırım əməliyyatı zamanı olan dəhşətli fotolar, ermənilərin soyqırıma məruz qaldıqlarını göstərmək üçün klipdə nümayiş etdirilib,dünyaya “genosid həqiqətlərini “ çatdırmaq üçün istifadə olunub. Öncəki illərdə ermənilər bizim milli geyimdə, bizim qədim “Naxçıvani” rəqs havamızı götürüb, “can can” deyə-deyə oxumuşdular. Mənə maraqlı olan odur ki, səhərdən-axşama televiziya kanallarında, mətbuatda xalq mahnılarımızın, milli rəqslərimizin, muğamımızın, millli geyimlərimizin, hətta yeməklərimizin ermənilər tərəfindən oğurlanmasından ah-vay edən insanlar niyə bir dənə də milli boğaz, milli not olmayan, milli geyimlərimizi nümayiş elətdirə biləcəyimiz halda “çimərlik” geyimiylə səhnəyə çıxmasına qərar vermişdilər?
Dolmamızı oğurlayıblar, ay camaat!!!
Dolma demişkən, gəlin bir maraqlı bitki haqqında danışım sizə. Ondan hazırlanan qidalar orqanizmə dolmadan az faydalı deyil. Həm siz bilin, həm düşmən öyrənsin.
Pərpətöyün (pərpərən) bilirsiz nədir? Bilirəm ki, bilənləriniz var. Amma yenə də deyim bilməyənlər öyrənsin. Pərpətöyün yaşıl, kiçik yarpaqlı, yerə sərilməyi çox sevən, istər yaşıl, istərsə də bişirilmiş halda yeyilə bilən ot bitkisidir. Tərkibi göbələk və ətə yaxındır. Yaşıl halda yemək istəyirsizsə, yuyulduqdan sonra duzlayıb əzərək yeyə bilərsiz. Bişirmək isə dolma bükmək qədər yorucu deyil. Asanlıqla başa gəlir bişirmək də,oğurlamaq da. Deməli, bu ot əvvəlcə təmiz-təmiz yuyulur. Toxumlarını üzərindən çırpıb, çörək bişirəndə üzünü xallaya bilərsiz. Küncütdən ucuz başa gəlir, dadsız olsa da. Hə, harda qalmışdıq? Yuyurduq... Yuyub qurtardıqdan sonra taxtanın üzərinə qoyub, xırda-xırda doğrayırıq. Heyvanlardan qalan bir instiktimiz əgər bizi vadar edirsə ki, bunu elə ot şəklində yeyib keçmişimizin dadını çıxaraq, elə olduğu kimi də ata bilərik tavaya. Üstə yağ,duz nə bilim hərə öz ağzının dadını, soyuducusunda olanları nəzərə alıb, öz fantaziyasına aid ədviyyatlar,tərəvəzlər əlavə edə bilər .Yeməyimiz hazırdı.
Bu pərpətöyün ki var, çox faydalı və qiymətli bitkidir. Həzm və ifrazat sistemi orqanlarına çox yaxşı təsir edir. Bunun çox maraqlı dadı olan turşusunu da qoya bilərsiz. İnandırım sizi ki, orjinal dad hiss edəcəksiz. Hələ “mürəbbəsini” bişirənlər də var. Daha çox faydalarını saymaq istərdim, amma çox bilməyin başa ziyanı var deyirlər.

Bu dəfəlik bəsdir bu qədər. Gələn dəfə pip yarpağıyla dolma bükmək texnikalarından danışacam.

Amma Avrovisiondan danışmaq istəyirdim. Əsəbdən nə danışacağımı unutdum, elə 20 faiz torpağı işğalda olan xalqın, çıxıb dünyadan haqqını tələb etmək əvəzinə, “dolma ermənin yox bizimdi” məsələsiylə uğraşması kimi. Düzdür, milli mətbəximiz və mədəniyyətimiz də qiymətlidir, lakin torpaq qədər qiymətli deyil. Necə deyərlər, yaşasın DOLMAMIZ!