“Dolu ayaqların, sinən boğazın...” – Şeirlər

dolu-ayaqlarin-sinen-bogazin-seirler
Oxunma sayı: 1037





Şeir belə olacaq

(Demişdi, mənə şeir yazarsan, mən də söz verdim. Bir gün zəng eləyib soruşdu ki, noldu, şeir hazırdımı? Dedim, yazmamışam, ancaq təxminən bilirəm, necə şeir olacaq. Dedi, necə olacaq, tez de mənə! Mən də bu şeiri yazıb ona göndərdim və dedim ki, təxminən belə olacaq...)

Mən səni sevirəm ilk sətri yazdım
Sən məni sevməyə bilərsən artıq
Bilirəm sən daha qızğın sevirsən
Lakin cəmiyyətin qanunları var
Qəhr olsun bu qoca vərəmli qanun
Qəhr olsun insanı çürüdən ədəb
Qəhr olsun yalançı sırtıq qanacaq

Əllərim belinə dəymək istəyir
Qanım tanış olmaq istəyir sənlə
Dəli biləyimdə gücüm var hələ
Qanlı sevgilərdə uduzmamışam
Qaçıb qucağıma sığın utanma
Tale səni mənə qovubdu artıq
Həyat səni mənə qısqalayıbdı
Xaraba bəxtimə sürgün olmusan
Hara qaçacaqsan bu sürgünündən
Sən mənə sıxılmış insan gülüsən
Durub baxmağınla ətir saçırsan
Vəhşi dodaqların cərgə dişlərin
Sənə vurulmağa kömək eləyib
Dolu ayaqların sinən boğazın
Səni sevməyimə kömək eləyir
Bəhanəm odur ki, səni sevirəm
Bəhanəm odur ki, məni sevirsən
Məni sevirsənsə bədbəxtsən artıq
Məni sevmirsənsə ondan da betər
Sən gözəl bir qızsan mən qoca sarsaq
Sarsaq qoca kimi öpürəm səni
Ancaq dodaqların nə qaynar imiş

Gün gələcək sən də qocalacaqsan
Sarsaq bir qarı tək sevgin olacaq
Gözəl bir oğlana vurulacaqsan
O da sənin kimi gənc olduğundan
Öpüşdən o yana buraxmayacaq
Bax onda düşəcəm sənin yadına
Deyəcən, ey göydə yanan ulduzlar
Ey küncdə tor quran əziz hörümçək
Ey qədim yarpaqlı cavan ağaclar
Ey külək ey yağış ey göy qurşağı
Ey dağın döşündə otlayan quzu
Ey küçədə gəzən oğru pişiklər
Ey gecə oxuyan qatar səsləri
Mənə izah edin bu günahımı
Niyə incidirdim o gənc qocanı
İmkanınız varsa məni əfv edin
İmkanınız varsa mənə dəyməyin
İmkanınız varsa məni anlayın
İmkanınız varsa yardım eləyin
İmkanınız varsa qoymayın məni
Bu qoca yaşımda dəli olmağa...


Mənim qətlimdən sonra
nərmin


...Ama öldürdüyü adamın
Bir damcı qanı düşmüşdü
Sinəsindəki xalın üstünə
Qanını batırmaq üçün
Su şırnağının altına girdi
Saçlarından axan su
Xalın üstündəki qana toxundu
Bir damcı qan
Çəhrayiyə çevirdi axan suları
Sinəsindən axan çəhrayi sular
Bədəninə, baldırına, topuğuna axırdı
Totuq ayaqları altından
Burula-burula axıb gedirdi

Saçlarından süzülən şampun köpükləri
Sinəsindəki xala dəyib
Şaftalı çiçəkləri kimi
Bədənində oynaşa-oynaşa
Aşağı tökülürdü
Şampun ağarana qədər
Xalındakı qan ləkəsini sürtdü
Lakin ovcunun içindən
Xına rəngi getmədi...

Dəsmalla saçını qurulayanda
Yaddaşından silirdi hadisəni
Lakin divara söykənmiş gitarasının
Çanağındakı çatlar gözünə dəydi...


Küçəyə çıxanda polis saxladı
“Yox, bu deyil,
Qatilin xalında qan ləkəsi var!”