Dördüncü “Uğur” sahiblərinə verildi – Fotolar

dorduncu-ugur-sahiblerine-verildi-fotolar
Oxunma sayı: 667

3–bloklu 273 mənzildən ibarət 14-mərtəbəli yaşayış kompleksi Xırdalan şəhərinin mərkəzində, Abşeron rayon İcra Hakimiyyətinin yaxınlığında yerləşir. Yaşıllıqlara qərq olunmuş geniş Heydər Əliyev parkına gözəl mənzərəsi olan kompleksdə sakinlərin rahat və firavan yaşayışı üçün bütün şərtlər nəzərdə tutulub. 1-,2-,3-otaqlı rahat, rasional planlaşdırılmış mənzillərin su və elektrik təchizatı tam şəkildə həyata keçirilib. Binada müasir liftlər quraşdırılıb. Bütün mənzillər telefon və yüksək sürətli internet rabitəsi üçün kabel sistemi ilə təmin edilib. Binanın hər üç girişi və mənzillərin eyvanları fotoelementli işıq sistemi ilə təchiz edilib ki, bu da sakinlərin rahatlığı ilə yanaşı elektrik enerjisindən qənaətli istifadə baxımından da çox əlverişlidir. Kompleksdəki sakinlərin daimi su təchizatının təmini üçün binanın yaxınlığında iri həcmli, müasir standartlı su anbarı tikilərək istifadəyə verilib. Sakinlərin rahatlığı üçün kompleksin zirzəmisində 50 avtomobillik yeraltı dayanacaq inşa edilib. Bütün bunlarla yanaşı, “Akkord”un indiyədək təhvil verdiyi bütün binalarda olduğu kimi, kompleksin ətrafı tam şəkildə abadlaşdırılıb, binanın ətrafında sakinlərin və xüsusilə də, uşaqların istirahəti üçün nəzərdə tutulmuş gözəl həyət kompleksi yaradılıb. Yelləncəklər, skamyalar, oyun və ünsiyyət meydançaları, yamyaşıl qazon burada yaşayacaq hər bir sakinin zövqünü ən yüksək səviyyədə oxşamaq iqtidarındadır. Binanın həyəti də müasir işıqlandırma sistemi ilə təchiz edilib.

“Uğur-4” kompleksi adından da göründüyü kimi, “Akkord”un “Uğur” seriyasından olan komplekslərindən dördüncüsüdür. Buna qədər Korporasiya Bakı şəhərinin müxtəlif yerlərində - H.Aslanov metrostansiyasının yaxınlığında ümumi sahəsi 105 679 m2 olan “Uğur-1” (1236 mənzil) , Bakıxanov qəsəbəsindəki Y.Əliyev küçəsində 144 403 m2-lik yaşayış sahəsi olan “Uğur -2” (1788 mənzil) , paytaxtın Nizami rayonu ərazisində 34 988 m2-lik “Uğur-3” (495 mənzil) kompleklərinin inşasını həyata keçirib. Bu komplekslərdən “Uğur-1” artıq 3 ildir ki, tam şəkildə sakinlərin ixtiyarına verilib. “Uğur-2” kompleksinin isə, cari ilin sonunadək təhvil verilməsi planlaşdırılır. Ümumilikdə, 3792 mənzilə malik olan bu komplekslərdəki mənzillərin 75 faizi, yəni 2816-sı artıq “Akkord” Korporasiyasının əhaliyə təqdim etdiyi əlverişli satış-kredit şərtləri ilə öz sahibini tapıb. Bu sırada “Uğur-4” kompleksinə daxil olan 273 mənzilin 207-i də kompleksin rəsmi açılış gününədək sakinlər tərəfindən əldə edilib.

Kompleksin rəmzi açılış lentini indiyəqədərki ənənələrdən fərqli olaraq rəhbərlik nümayəndələri deyil, bütün ailələrin səadət mənbəyi olan uşaqlar kəsdilər.

Sonra “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Daşınmaz Əmlakın İstismarı Şöbəsinin rəisi və kompleksin tikintisində əvəzsiz əməyi olan İlyas Mirzəyev təbrik nitqi söylədi. O, sakinlərə rahat həyat və gözəl günlər arzuladıqdan sonra mənzillərin açarlarını təqdim etdi. Tədbir incəsənət ustalarının çıxışları ilə davam etdi.

Qeyd edək ki, “Akkord” Korporasiyası mülki yaşayış komplekslərinin tikintisi sahəsində fəaliyyət göstərdiyi 6 il ərzində ümumi yaşayış sahəsi 793 840 m2 (10 477 mənzil) olan 1 şəhərcik, 6 yaşayış kompleksi və 3 binanın tikintisini həyata keçirib. Cari ilədək 3 bina, “Uğur-4” də daxil olmaqla 2 yaşayış kompleksi və 4200 mənzilli “Abşeron Gənclər Şəhərciyi”nin böyük bir hissəsini sakinlərin ixtiyarına verən Korporasiya hazırda digər yaşayış kompleksləri üzrə tikinti-tamamlama işlərini davam etdirir.

Sevindirici haldır ki, indiyədək inşa etdiyi bütün mənzilləri əhaliyə respublikada ilk dəfə olaraq ilkin ödənişsiz və uzunmüddətli kredit şərtləri ilə təqdim edən Korporasiya ötən müddət ərzində ölkə əhalisinin əsasən, aşağı və orta təminatlı hissəsinin, xüsusilə də gənc ailələrin, o cümlədən, xüsusi təşəbbüs əsasında ölkə mediasının müxtəlif sahələrində çalışan jurnalistlərin mənzil təminatında əhəmiyyətli rol oynayıb. Bu proses son illər ərzində həyata keçirilən müxtəlif əlverişli kredit-satış kampaniyaları ilə reallaşdırılıb və hal-hazırda da davam etdirilir. Korporasiyanın cari ilin sentyabr ayında start verdiyi “Yeni mənzillər, yeni təkliflər” kampaniyası da belə əlverişli kampaniyalardan biridir. Mənzil satışında 36 ay müddətində faizsiz kredit şərtləri, həmçinin 1 ildən 15 ilədək ilkin ödənişsiz kreditlərlə mənzil sahibi olmaq imkanı təqdim edən Korporasiyanın bu aksiyası hazırda da böyük uğurla davam etməkdədir.