“Dövlət buna dözə bilməz” – Müsahibə

dovlet-buna-doze-bilmez-musahibe
Oxunma sayı: 664


Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Media forum” saytının suallarını cavablandırıb. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:


- Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli fəaliyyət proqramı”nda 2012-ci il ərzində “Diffamasiya haqqında” qanun qəbul etmək tövsiyəsi də var. Diffamasiyaya dair qanun hazırlanırmı?
- Bu, elə-belə qanun hesab olunmur və onu bir gündə qəbul etmək mümkün deyil. Prezident Administrasiyası və Mətbuat Şurası “Diffamasiya haqqında” qanunla bağlı birgə fəaliyyət həyata keçirir. Fəaliyyətin bir hissəsi ondan ibarətdir ki, Azərbaycan cəmiyyətini, jurnalistləri diffamasiyaya hazırlamalıyıq. İşin digər hissəsi xarici ölkələrdə tətbiq olunan diffamasiya nümunələrinin, diffamasiyaya dair qanun qəbul olunandan sonra yaranan vəziyyətin, ölkələrin diffamasiya qanunlarının öyrənilməsindən ibarətdir. Bütün bunlardan sonra Azərbaycanda diffamasiya qanunu hazırlanacaq. Bu istiqamətdə iş gedir və xeyli iş də görülüb. Ən azından Mətbuat Şurası müxtəlif jurnalist qurumları ilə birlikdə qanun layihəsi hazırlayıb. ATƏT-in Bakı ofisinin, Prezident Administrasiyasının, QHT-lərin, mətbuat orqanlarından baş redaktorların, jurnalistlərin iştirakı ilə həmin layihə bir dəfə müzakirə olunub. Layihə ilə bağlı müəyyən tövsiyələr də irəli sürülüb, onun yenidən işlənməsi üçün təkliflər verilib.
Amma cəmiyyətin, mətbuatın diffamasiyaya hazırlanması sahəsindəki işlər zaman tələb edir və bura müəyyən sərmayə lazımdır. Bu istiqamətdə həm Prezident Administrasiyasının, həm Mətbuat Şurasının, həm də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə iştirakı və ya onların ayrı-ayrı təklifləri ilə yerlərdə jurnalist peşəkarlığı, jurnalist fəaliyyəti ilə bağlı müxtəlif tədbirlər keçirilir. Bu tədbirlər davam etməkdədir.

- Diffamasiya qanununda üç maraqlı tərəf götürmək olar: Azərbaycan dövləti, cəmiyyəti və mətbuatı. Bunlardan hansı qanunun qəbul edilməsinə hazır deyil? Yaxud hamısı hazırdır, sadəcə, texniki problemlər var?

- Mənə elə gəlir ki, hazırkı vəziyyətdə heç bir tərəf qanunu qəbul etməyə hazır deyil. Düzdür, hər üçü müəyyən iradə nümayiş etdirir ki, hazırdır, yaxud buna baxa bilər. Amma bu gün bütövlükdə Azərbaycan mediası yazılanların hamısının məsuliyyətini, o cümlədən ayrı-ayrı insanların, təşkilatların şərəf və ləyaqəti ilə bağlı məsuliyyəti öz üzərinə götürməyə hazır deyil. Təəssüflər olsun ki, hələ də bizim jurnalistikada yazıb, sonra düşünmək təcrübəsi güclüdür. Jurnalistlərdə düşünüb yazmaq praktikası zəifdir. Yazıb, sonra məsuliyyət hissi keçirmək meyli daha güclüdür, nəinki məsuliyyəti anlayıb sonra yazmaq.
Təşkilatlar, bütövlükdə cəmiyyətimiz mediada onlar haqqında yazılan tənqidlərə dözüm nümayiş etdirməyə, yaxud bununla bağlı məhkəməyə üz tutmadan keçinməyə hazır deyil. Yəni mətbuata dözümlü olmağa hazır deyil. Son günlər cəmiyyətimizdə yaşanan proseslər də bunu göstərir ki, hüququ pozulan, şərəf və ləyaqəti tapdanan və haqqında böhtan uydurulan instansiya – istər dövlət qulluqçusu olsun, istər adi vətəndaş, yaxud ziyalı, ya da müxalifət partiyasının sədri, bəzən hətta qəzet redaktoru da – birinci yol kimi dərhal məhkəməyə müraciət etməyi seçir. Belə faktları əsas götürəndə aydınlaşır ki, cəmiyyət bu qanunun qəbul edilməsinə hazır deyil.
O ki qaldı dövlətə, dövlət bu qanunun qəbul edilməsində daha çox maraqlıdır. Çünki dövlət istəyir media bu məsuliyyəti öz üzərinə götürsün, cəmiyyət medianın yazdığına daha dözümlü olsun, nəticədə dövlət də bu sahədə tənqidə daha az məruz qalsın. O anlamda ki, bəzən diffamasiya məsələsi olmayanda məhkəmənin çıxardığı qərarlar dövlətin, hakimiyyətin adına yazılır. Media ilə bağlı istənilən neqativ hal nəticədə hakimiyyətin, dövlətin imicinə bəlli ləkə salır. Mən hesab edirəm ki, biz diffamasiya qanununun qəbul edilməsinə hazır deyilik, lakin əsas odur ki, bu istiqamətdə fəaliyyətə başlamışıq. Cənab prezident İlham Əliyev öz iradəsini ortaya qoyub ki, əgər dünya ölkələri buna gedirsə, Azərbaycan da buna gedəcək. Lakin dünyada bunun vahid standartı olmalı, vahid yanaşma forması yaranmalıdır. Bir ölkədə bu siyasət xatirinə, başqa dövlətdə isə təzyiq xatirinə olmamalıdır.

- Dünyadakı durum necədir? Dünya ilə Azərbaycan arasındakı əsas fərq nədən ibarətdir?

- Müqayisədə götürdükdə təxminən oxşar vəziyyətdir. Diffamasiyanı qəbul edən bir çox ölkədə sonradan diffamasiya əleyhinə ciddi ictimai fikirlər yaranmağa başlanıb, hətta bəziləri qanunun fəaliyyətini dayandırıb da. Yaxud da elə ölkələr var ki, diffamasiya haqqında qanunu qəbul etmir, heç qəbul etmək haqqında düşünmür də. Amma bir moratorium qoyublar ki, yazıya görə jurnalistlər həbs edilməsin. Bu ölkələr sırasında Azərbaycan da var. 2005-ci ildən indiyə kimi Azərbaycanda heç bir jurnalist yazdığı yazıya görə həbs olunmayıb. Jurnalistlərin ayrı-ayrı fəaliyyətlərə görə həbs olunması, cinayət məsuliyyətinə cəlb edilməsi halları var, amma heç bir jurnalist yazdığı yazıya görə həbs edilməyib. 2005-ci ilə qədər yazısına görə həbs olunan jurnalistlər isə əfv olunublar. Bu gün Azərbaycanda beynəlxalq aləmlə oxşarlıq var.

- Belə olan halda Azərbaycan jurnalistləri bu məsələni nə vaxt qanun formasında görə biləcəklər?

- Bunu demək çətindir. Yenə də bu ondan asılıdır ki, jurnalistlər özlərini necə aparacaqlar, öz peşəkarlıqlarına, qəbul etdikləri əxlaq kodeksinə necə yanaşacaqlar və cəmiyyət jurnalistlərin tənqidlərinə, o cümlədən təhqir və böhtanlarına necə münasibət bəsləyəcək. Mən burada məsələnin ən çətin tərəfini – əxlaq kodeksinin fəaliyyətə daxil olması məsələsini önə çəkmək istəyirəm. Bu kodeks Azərbaycan jurnalistlərinin qurultayında səs çoxluğu ilə qəbul edilib, amma heç kim gündəlik fəaliyyətində onu nəzərə almaq istəmir, hətta bəzi qəzet rəhbərləri “Mətbuat Şurası kimdir ki, onun qəbul etdiyi kodekslə işləyim” deyir. Bu kodeks Mətbuat Şurasının deyil axı. O, Azərbaycan mətbuatının, jurnalistlərin kodeksidir. Ən çətini budur. Bu kodeks işləyəndən sonra düşünürəm ki, cəmiyyət jurnalistlərimizdən daha ölçülü-biçili, daha nizamlı, başqasının şərəf və ləyaqətinə, imicinə daha sayğılı münasibət görəcək. Düşünürəm ki, bundan sonra məhkəmələrə müraciət praktikası getdikcə zəifləyəcək, sonda da diffamasiya mühitinin Azərbaycanda formalaşmasına səbəb olacaq.

- Xeyli müddətdir qəzetlər, xüsusən də gündəlik çıxan və satış dövriyyəsi böyük olan mətbuat orqanları qəzet satışı ilə bağlı problemlə üzləşib. Həmin qəzetlərin rəhbərləri bu problemi həll etmək üçün danışıqlar aparırlar. Eyni zamanda Mətbuat Şurası paytaxtın mərkəzindən köşklərin yığışdırılmasına aydınlıq gətirilməsi, qəzet satışına normal şərait yaradılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu problemin həlli yolu varmı? Ümumiyyətlə, qəzet köşkləri niyə götürülür?

- Cənab prezident İlham Əliyevin tapşırığı əsasında mən bu məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti, eləcə də bir sıra yerli icra hakimiyyəti orqanları ilə müzakirələr aparmışam. Bakı şəhərinin mərkəzində heç bir yerdən qəzet köşkü götürülməyib. Nə “Qasid”in köşkləri, nə “Azərmətbuatyayımı”nın, nə də “Qaya”nın. Əvvəlki illərdə Bakıda qəzet köşklərinin yerdəyişməsinə dair müəyyən hallar olmuşdu, amma son illərdə, demək olar ki, bir dənə də köşk götürülməyib. Sadəcə olaraq yeri dəyişdirilib. Misal üçün, Bakı Şəhər İcra Hakimiyyəti şəhərin mərkəzində istər “Qasid”in, istərsə də digər firmaların qəzet köşklərini yeniləyir. “Paris-köşk” adlanan yeni köşklər qoyulur və ola bilsin ki, bu yeni köşklərdə qəzet-jurnal satışı nizama düşməyib. Amma nizama düşmək üzrədir və mən hər gün onların fəaliyyəti ilə bağlı monitorinq aparıram, bu fəaliyyət tənzimlənir.
Şəhər ətrafında, o cümlədən rayonlarda əvvəlki köşklər qalır. Bəzi köşklərin yeri dəyişdirilib, şəhərin abadlığı, küçələrin genişləndirilməsi, yaşıllaşdırılması ilə bağlı belə hallar olub. Düşünürəm ki, bu ilin sonuna qədər köşklərin bütün ölkə üzrə tam yenilənməsi və sayının da adekvat vəziyyətə gətirilməsi prosesi tamamlanacaq. Ümumiyyətlə, digər problemlər varsa, bunlar öyrənilir və aradan qaldırılır.

- Yəni bu hansısa planlı şəkildə qəzet satışına mane olmaq deyil?

- Qətiyyən. Azərbaycanda söz, mətbuat, məlumat azadlığı dövlətin prioritet siyasətlərindən biridir. Azərbaycan dövləti bunlarsız nə özünü təsəvvür edir, nə də öz cəmiyyətini.

- Mayın 1-dən Azərbaycan televiziyalarında xarici teleserialların yayımı dayandırılacaq. Bəzi ekspertlər hesab edirlər ki, bu, televiziyaların fəaliyyətinə mənfi təsir göstərəcək. Sizcə, belədirmi?

- Bilirsiniz ki, bu qərara bir ilə yaxındır hazırlaşırıq. Azərbaycan prezidenti cənab İlham Əliyevin sərəncamı ilə milli serial çəkilişini stimullaşdırmaq və dəstəkləmək məqsədilə televiziya şirkətlərinə xüsusi qrant ayrılıb. Bu qrant da ona yönəlib ki, xarici teleserialların yayımı dayandırılanda yarana biləcək müəyyən efir boşluğu kompensasiya olunsun. Gec-tez bütün sivil ölkələr kimi Azərbaycan televiziyaları da milli mentalitetə uyğun teleserial çəkilişinə başlamalı idi. Bəziləri başlayıb, bəziləri başlamaqdadır. Düşünürəm ki, gec-tez biz buna başlamalı idik. Bütün dünya ölkələrində teleseriallar millidir.
Əlbəttə, müəyyən xarici filmlər də olur. Amma balans yaradılmalıdır. Təəssüf ki, Azərbaycan televiziyaları arasında elə bir yarış gedir, səhərdən axşama qədər xarici ölkələrin Azərbaycan mentalitetinə, mənəviyyatına zidd teleserialları göstərilir. Düzdür, bu filmlər Azərbaycan dilində göstərilir, lakin fərqi yoxdur, yenə də bizim mentalitetə uyğun gəlməyən filmlərdir. Ona görə də mən bu qərarı dəstəkləyirəm, hesab edirəm ki, may ayının 1-dən əcnəbi teleserialların kəsilməsi bizim üçün heç bir itki olmayacaq. Buna görə heç bir televiziyamız bağlanmayacaq.
Vaxtilə ümummilli lider Heydər Əliyev latın qrafikasına keçidlə bağlı sərəncam verəndə də deyirdilər ki, qəzetlər bağlanacaq, problemlər yaşanacaq. Amma göründüyü kimi, heç bir problem yaşanmadı. Sonra bəlli oldu ki, elə ən doğru qərar bu idi. Azərbaycan televiziyaları milli teleserial çəkilişini nizama salacaq və tamaşaçılar öz teleseriallarımıza baxacaq.

- Azərbaycan telekanallarının çoxu Türkiyə serialları göstərir. Bu teleserialların yayımının dayandırılması Türkiyə ilə münasibətlərdə problem yarada bilərmi?

- Mən hesab etmirəm ki, kanalların çoxu Türkiyə seriallarını göstərir. İki televiziyada – İTV-də və “Space”də səhərdən-axşama qədər Hindistan serialı gedir. Digərlərində isə Braziliya və Meksika seriallarıdır. Əlbəttə ki, bunların arasında Türkiyə serialları da var. Düşünmürəm ki, türk qardaşlarımız Azərbaycanda milli teleserial çəkilişinin stimullaşmasını özlərinə qarşı addım kimi qəbul etsinlər. Ən azından ona görə ki, Türkiyənin Azərbaycanda birbaşa yayımlanan TRT kanalı var. Orda bu seriallar dublyajsız və birbaşa gedir. Azərbaycanın kabel televiziyasında bütün Türkiyə kanalları var, bu sistem bütün Azərbaycan ərazisinə yayılır. Yəni vətəndaşlarımız üçün seçim imkanı var. Milli teleserailın yaranması, stimullaşması dövlətin siyasətidir.

- Bəs keyfiyyət necə olacaq? Artıq bir neçəsi çəkilib. Bəlkə tamaşaçıya seçim imkanı verilərdi?

- Başa düşürəm, amma yavaş-yavaş biz öz səviyyəmizi də tutmalıyıq. Azərbaycanda bu gün Harvard səviyyəsində universitet qura bilmiriksə, o demək deyil ki, bütün universitetləri bağlayıb gəncləri Harvarda göndərməliyik. Zaman-zaman Azərbaycan teleseriallarının səviyyəsi dünya teleseraillarının keyfiyyət səviyyəsinə gəlib çıxacaq. 10 il bundan əvvəl Türkiyədə Şaban filmləri vardı. Amma görün 10 il ərzində Türkiyə teleseriallarının səviyyəsi necə yüksəldi. Qardaş ölkənin bu sahədə əldə etdiyi uğur bu gün dünya səviyyəsinə çatıb, Türkiyə serialları dünya serialları ilə rəqabətə girib. Bu mənada Azərbaycan yaradıcılığının, Azərbaycanın kino sənayesinin, dramaturgiyasının yavaş-yavaş dünya səviyyəsinə çatacağına inanıram.

- Cəmiyyətdə televiziyaların fəaliyyətindən narazılıq var. Parlamentin iclaslarında da bir neçə dəfə televiziyalar tənqid olunub. Ziyalılar, müxalifət partiyaları dəfələrlə telekanallardan narazılıq edib. Nəhayət, Nazirlər Kabinetinin 16 aprel iclasında prezident İlham Əliyev televiziyaların fəaliyyətini tənqid etdi. Bu sahədə əsas problem nədir?
- Təəssüf hissi ilə qeyd edilməlidir ki, Azərbaycan teleməkanında vəziyyət o qədər də ürəkaçan deyil. Nazirlər Kabinetinin aprelin 16-da keçirilən iclasında cənab prezident İlham Əliyev də bu məsələyə toxundu, mətbəx verilişləri ilə bağlı mövqeyində bu narazılıq ifadə olundu. Dövlət başçısı həmin verilişlərdə sağlam qida mədəniyyətinin təbliğ olunmasının vacibliyini vurğuladı. Qeyd etdi ki, mətbəx verilişlərində bəzən Azərbaycan mentalitetinə, mətbəx mədəniyyətinə, dəyərlərinə zidd hallar olur, sağlam qida mədəniyyəti təbliğ olunmur, əksinə, bu işə xələl gətirilir.
Amma problemlər yalnız bu deyil. Televiziyalarda çox veriliş var ki, Azərbaycan cəmiyyətinin ayrı-ayrı təbəqələrini, xüsusən də ziyalıları, yaradıcı kəsimi qane etmir. Müxtəlif dövrlərdə bunun səbəblərini araşdırmışıq. Əsas səbəb odur ki, televiziyalar reytinq arxasınca qaçır. Bəzi hallarda isə onlar yalançı reytinq göstəricilərinin köləsinə çevrilir. Milli-mənəvi dəyərlərə, Azərbaycan mentalitetinə, əhalinin tələbatına, ayrı-ayrı zümrələrin ehtiyaclarına söykənərək yaxşı verilişlər yaratmaq, ən yaxşı nümunələri ekrana çıxarmaq əvəzinə daha çox sensasiya, bayağı şou arxasınca qaçırlar. Bu da cəmiyyətin haqlı olaraq televiziyalardan narazı qalmasına gətirib çıxarır və bunu nümayiş etdirir. Bir daha təkrar edirəm ki, bu, reytinq məsələsidir.
Artıq dünyada ayrı-ayrı ölkələr reytinqölçmə kampaniyalarının fəaliyyətinə müdaxilə edir, onların işinin şəffaflığını təmin etməyə çalışırlar. Görünür, biz də zaman-zaman bu işin üzərinə yeriməli olacağıq. Şəffaflığı, ölçü meyarları şübhə doğuran, bəzən müəyyən qrup insanın istək, arzu və zövqü üzərində qurulan reytinqölçmə texnologiyası neçə illərdir ki, Azərbaycan televiziyalarını bayağı şou arxasınca qaçmağa yönəldir. Bu da bizim milli mentalitetimizə ziddir. Dövlət buna dözə bilməz. Problemləri aradan qaldırmaq üçün yəqin ki, həmin reytinqölçmə texnologiyalarının üzərinə gedəcəyik, onların fəaliyyətinin şəffaflaşdırılması istiqamətində addımlar atacağıq.

- Burada bir ziddiyyət var. Televiziyalardan narazı olan ekspertlərin, siyasətçilərin, müxalifət partiyalarının, QHT-lərin, ziyalıların vəziyyətə ciddi təsir etmək imkanları yoxdur. Amma onlarla eyni formada narazı olan hakimiyyət nümayəndələrinin vəziyyətə müdaxilə, təsir etmək üçün geniş imkanı və səlahiyyəti var. Çünki telekanalların sayı çox deyil və onlar hakimiyyətə bağlıdırlar, müstəqil biznes subyekti olmaqdan çox ideoloji işi həyata keçirirlər, hakimiyyətlə siyasi bağlılıqları mövcuddur. Belə olan halda narazılıq etməkdənsə vəziyyətə müdaxilə edib problemləri aradan qaldırmaq daha doğru olmazmı?

- Əksinə, sizin dediyinizdən tam fərqli olaraq televiziyalar müstəqil biznes subyektləridir. Onların hakimiyyətlə bağlılıqları şərti ölçü və şərti dəyərləndirmədir. Hər bir televiziya kommersiya strukturu olaraq ilk növbədə özünü saxlamalıdır. Əgər kommersiya strukturu özünü maliyyələşdirib saxlamırsa, onun ideoloji fəaliyyəti yalnız dövlətə və cəmiyyətə məxsus olur.
Cəmiyyət, dövlət, bütün əhali, idarəçiliyi həyata keçirən hakimiyyət televiziyaların ideoloji işinə, onun tərbiyə, mənəviyyatın qorunması, yaşadılması, təbliğ olunması funksiyalarına daha çox ehtiyac duysa da, televiziyalar bir kommersiya strukturu kimi yaranıb. Özəl televiziyalar fəaliyyətlərini əsasən reytinqli, pul, reklam gətirən verilişlərə yönəldir. Ona görə də dövlətin bunlara müdaxiləsi o qədər də asan deyil. Ola bilər ki, bu, kimlərəsə asan görünür. Amma belə deyil. Dövlət nə etməlidir? Ya televiziyaları pulla təmin etməlidir, onların yaşaması üçün lazım olan vəsaiti dövlət büdcəsindən ayırmalıdır, ya televiziyaların özlərini saxlamaq üçün şou axtarmalarına dözməlidir, ya da televiziyaları bağlamalıdır. Qoy cəmiyyət bu üç seçimi bilsin və buna cavab axtarsın.
Biz nə etməliyik? Bundan sonra da televiziyaların sayını artırıb, bunu bir qədər də bayağılaşdırmalıyıq, yoxsa bu sahəyə hansısa bir məhdudlaşdırıcı veto qoymalıyıq, yaxud özəl televiziyalara dövlət büdcəsindən ayırmalar olmalıdır və ya reytinqölçmə mexanizmləri şəffaflaşdırılmalıdır? Necə olur ki, cəmiyyətin böyük bir qismini, ziyalıları qane edən veriliş hansısa reytinqölçmə qrupuna cəlb olunmuş insanları razı salmır? Hesab edirəm ki, bu məsələlərdə müəyyən qaranlıq məqamlar var və yəqin ki, biz bunun üzərinə gedəcəyik.

(Ardı olacaq)