Dövlət Neft Şirkəti fırıldaqçılara xəbərdarlıq etdi!

dovlet-neft-sirketi-firildaqcilara-xeberdarliq-etdi
Oxunma sayı: 810

Son dövrdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) qazandığı nailiyyətlərdən və xalq arasında nüfuzunun artmasından istifadə edən bəzi işbazlar tərəfindən ayrı-ayrı vətəndaşların işə düzəldilmək adı ilə aldadılması faktları qeydə alınıb. “Qafqazinfo”nun məlumatına görə, bu açıqlamanı ARDNŞ-nin mətbuat xidməti yayıb. Açıqlamada bildirilib ki, bu günlərdə Bakının Keşlə qəsəbəsində, Qasım bəy Zakir küçəsi, 24 ünvanında yaşayan Səfərov Elmin Namaz oğlu ARDNŞ-ə müraciət edərək Gülüşov Rizvan Mətləb oğlu tərəfindən aldadıldığını, Şirkətin Kompleks Qazma İşləri Trestinin “Neft Daşları” Dəniz Qazma İşləri İdarəsinə fəhlə vəzifəsinə işə düzəltmək adı ilə ondan və həmkəndlisi Zaur Quliyevdən müəyyən məbləğdə pul alındığını bildirib. “Neft Daşları” Dəniz Qazma İşləri İdarəsində qazmaçı köməkçisi vəzifəsində çalışan Rizvan Gülüşov bu məsələ ilə bağlı verdiyi izahatda Elmin Səfərovu və Zaur Quliyevi işə düzəltmək adı ilə aldadaraq onların etibarından sui-istifadə edib pul aldığını etiraf edib. ARDNŞ rəhbərliyi Rizvan Mətləb oğlu Gülüşovun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətinin əlamətləri olduğu üçün daxili təhqiqat zamanı toplanmış materialları onun əməllərinə hüquqi qiymət verilməsi məqsədi ilə hüquq-mühafizə orqanlarına təqdim edib.

Vətəndaşları ARDNŞ-nin idarə və müəssisələrinə işə düzəltmək adı ilə yol verilmiş dələduzluq faktları əvvəllər də qeydə alınıb. Bir müddət əvvəl Şirkətin Kompleks Qazma İşləri Trestinin “Bayıl Limanı” Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsində Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin rəisi Mehdiyev Fərhad Mehdi oğlunun 2 nəfərdən pul alaraq, onları “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsində işə düzəltməsi haqda şikayətlər ARDNŞ-nin Baş ofisinin Audit Departamenti tərəfindən səlahiyyətləri çərçivəsində araşdırılıb, onun izahatı alınaraq müvafiq hüquq-mühafizə orqanına göndərilib. F. Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması təmin edilib və barəsində toplanmış cinayət işinin materialları baxılmaq üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.

Mətbuat xidmətindən bildirilib ki, Dövlət Neft Şirkəti bundan sonra da belə hallara qarşı qətiyyətlə mübarizə aparacaq. ARDNŞ bir daha ölkə vətəndaşlarının nəzərinə çatdırır ki, onun idarə və müəssisələrində işə düzəltmək haqqında verilən vədlərə aldanaraq fırıldaqçı əməllərin girovuna çevrilməsinlər. Dövlət Neft Şirkətinə işə qəbul yalnız və yalnız vakant yerlər üzrə müraciət edən vətəndaşların bilik, bacarıq və səriştəsi Şirkətin İnsan Resursları Departamenti tərəfindən yoxlanılmaq şərti ilə həyata keçirilir və bu prosesdə iddiaçıların peşə keyfiyyətləri həlledici rol oynayır.

Nigar Məmmədli