“Dövlət özü şərait yaradır ki, mövhumat genişlənsin”

dovlet-ozu-serait-yaradir-ki-movhumat-genislensin
Oxunma sayı: 658


- Hüquq mühafizə orqanları son günlər əməliyyatlar keçirir, dini kəsimə aid onlarca şəxs həbs olunub. Rəsmi açıqlama verilmir deyə neçə nəfərin və nə səbəbə həbs olunduğu ictimaiyyətə məlum deyil. Amma bu həbslər İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda aparılır. Sizcə, nə baş verir, son həbslərin səbəbi nədir?

- Hesab edirəm ki, son həbslərin İranla bağlılığı yoxdur. Azərbaycanda bu cür proseslər dinə təhlükə kimi baxılmasından qaynaqlanır. Ölkədə islamın güclənməsinə qorxu ilə yanaşılır. Bu, yanlış münasibətdir. Çünki islamın Azərbaycanda hər hansı şəkildə radikal instituta, oturuşmuş qüvvəyə çevrilmək imkanı yoxdur.

Məsələn, İranda vəziyyət fərqlidir. Orada ruhanilər zəngin kateqoriyaya aiddirlər, güc sahibidirlər, siyasətə təsirləri var. Azərbaycanda isə vətəndaşlar daha çox sosial-iqtisadi şərtlərdən dinə yönəlməyə meyllidir. Ona görə də bu cür sıxışdırılma əks-effekt verəcək, dinin daha radikal hissəsinin güclənməsinə şərait yaradacaq. Əslində dövlət dinə daha tolerant yanaşmalıdır, bunu bacarmalıdır. Əgər bunu etməsələr, sonra daha böyük fəsadlar ortaya çıxacaq.

- Bu həbslər nəyə gətirib çıxara bilər? Azərbaycanda dini kəsimin etiraz səsi daha çox hicab qadağası ilə başlandı...

- Atılan hər addım İranla əlaqələndirilməməlidir. Çünki bu gün Azərbaycanda türk məscidləri də bağlanır. Bu o deməkdir ki, ölkədə din siyasəti yanlışdır. Bu, radikal islamın ölkədə ayaq tutmasına gətirə, İrandan, eləcə də Səudiyyə Ərəbistanından gələn dini cərəyan və ideyaların güclənməsinə səbəb ola bilər. İranın müəyyən dairələri Azərbaycandakı bu cür həbslərdən bəhanə kimi istifadə edərək ölkənin daxili işlərinə qarışır. Məncə, bu məsələdə bir qədər soyuqqanlı olmaq gərəkdir. Dini motivli həbslərdə, ümumən dindarlarla davranışda bir qədər ehtiyatlı olmaq lazımdır.

- Yəni Azərbaycan İrana bəhanə verməməlidir?

- Bəli, ən başda İran bundan istifadə edəcək və Azərbaycanda daha çox mövhumatın yayılmasına şərait yaradacaq, təkan verəcək.

- Həbs olunanların siyahısına baxdıqda maraqlı mənzərənin şahidi oluruq. Məlum olur ki, əksəriyyəti yaxın qohumlardır - qardaş, xalaoğlu, qayın, əmioğlu və sair. Bu, Azərbaycanda dindar kəsimin çevrəsinin o qədər də geniş olmadığını göstərirmi? Belə olan təqdirdə dövlət nədən bu qədər ehtiyatlanır?

- Ümumiyyətlə, Azərbaycanda radikal islamın böyük bazası yoxdur. İrandan fərqli olaraq islami kəsim Azərbaycanda təbəqə, sinif olaraq formalaşmayıb. Amma hökumətin repressiyaları genişlənsə, Azərbaycanda radikal islam özünü qabarıq şəkildə göstərəcək.
İmkan yaratmaq lazımdır ki, ölkədə dini maarifçilik güclənsin, insanlar mövhumatdan daha çox islamın gerçək mahiyyətini öyrənə bilsinlər, bu istiqamətdə işlər görülsün. Problem budur. Əgər dövlət qadağa siyasətinə üstünlük verirsə, əlbəttə ki, mövhumat, radikalizm üçün münbit şərait yaranacaq. Fikir verin, Ramazan ayı ərzində ölkə televiziyalarından biri veriliş hazırlamır, islam, Ramazan haqda proqram verilmir. Bu nə deməkdir? Deməli, dövlət özü müəyyən formada şərait yaradır ki, ölkədə mövhumat genişlənsin. Halbuki bu fürsətləri düzgün qiymətləndirib insanlara dinin mahiyyətini olduğu kimi çatdırmaq, siyasətdən ayrı, inanc sferasına aid olan din anlayışını möhkəmlətmək olardı.

Yanlış siyasət indi də davam edir. Dinə, dini ədəbiyyata qadağa qoymaq, dini ədəbiyyatın ekspertizasını bu dərəcəyə salmaq vəziyyətin daha da kəskinləşməsinə səbəb olacaq. İl ərzində ölkədə minlərlə dini ədəbiyyat dərc olunur. Bunun ekspertizasını kim keçirəcək? Tədqiqat işində hər kəsin özünün subyektiv yanaşması var. Kimə demək mümkün olacaq ki, bu əsəri belə yazma, elə yaz. Demək istəyirəm ki, dövlətin dinlə bağlı siyasəti yanlışdır. Bu yanlışlıq isə dinin əsaslarına hücum etmək üçün şərait yaradır.

- Sizcə, Azərbaycanda islamçıların arxasında İran dayanırmı?

- Gəlin islamçılar ifadəsi işlətməyək. Ümumiyyətlə, islam adında partiya yaratmaq özü bir hoqqabazlıqdır. İslam partiya çərçivəsinə sığacaq bir din deyil. İslam insanın vicdan və inanc məsələsidir. Tutaq ki, islam adını daşıyan partiya hakimiyyətə gəldi və verilən vədləri yerinə yetirə bilmədi. Onda islam gözdən düşməlidir? Bu, tamamilə yanlışdır. Bəzi adamların islam adından istifadə edərək partiya, qurum yaratması spekulyasiyadır, İrandan gələn bir dünyagörüşüdür. Əslində bir qrup adamın “islamçı” adı ilə tanınması, kimlərinsə dindən siyasi vasitə kimi istifadə eləməsi dövlətin təqiblərini stimullaşdırır.
Məncə, daha səmimi yol tutsalar, narahatlıqlar da bu qədər qabarmaz. İslam kiminsə inancıdırsa, bunu davam etdirsin, amma bunu təşkilata çevirib təsisat halına gətirmək, ölkədə hansısa başqa dövlətin əlaltısına çevrilmək yanlış yoldur. Belə qüvvələr həqiqətən də İrandan dəstək alırlar və Azərbaycanda gizli işlər görürlər. Dövlət bunları bəhanə edərək digər normal inanclı insanlara da məhdudiyyət yaradır.

- Azərbaycanda dindarların, İranla bağlı olduğu güman edilən şəxslərin həbsi davam edərsə, İranın mümkün reaksiyaları nə ola bilər?

- Azərbaycana qarşı təbliğatı gücləndirə bilər. Başqa nə olacaq ki?..