Dövlət qurumları Azərbaycanın hava problemini müzakirə etdi

dovlet-qurumlari-azerbaycanin-hava-problemini-muzakire-etdi
Oxunma sayı: 653

Dəyirmi masada Ekologiya və təbii sərvətlər və Nəqliyyat nazirliklərinin, Dövlət Neft Şirkətinin, o cümlədən, “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərneft” və “Azərkimya” istehsalat birliklərinin, Baş Dövlət Yol Polisi İdarəsinin, Milli Elmlər Akademiyasının, həmçinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə atmosfer havasının mühafizəsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə geniş müzakirələr aparılıb, problemin həlli yolları barədə təkliflər səsləndirilib. Magistral avtomobil yollarının ətrafında və digər ərazilərdə yaşıllıq sahələrinin artırılması, meşə ilə örtülü ərazilərin miqyasının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin atmosfer havasının mühafizəsi sahəsində mühüm əhəmiyyət daşıdığı xüsusi vurğulanıb.

Görüş zamanı, iqlim dəyişmələrinə qarşı mübarizədə ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının istilik effekti yaradan qazların tullantılarının azaldılması üzrə kəmiyyət öhdəliyi götürməyən tərəf olması, bununla belə tullantıların azaldılması istiqamətində konkret tədbirlərin həyata keçirilməsi, son illər iqtisadiyyatın intensiv inkişafına baxmayaraq tullantıların azalmasının məhz ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması da daxil olmaqla davamlı inkişaf prinsiplərinə böyük önəm verilməsi nəticəsində nail olunması, istilik effekti yaradan qazların tullantılarının azaldılmasına müvəffəq olunması, həmçinin alternativ enerji sektorunun inkişafının prioritet istiqamət kimi seçilməsi barədə fikirlər səslənib.

Eyni zamanda, son illərdə nəqliyyat vasitələrinin sayının kəskin dərəcədə artması və tikinti sektorunun inkişafı ilə bağlı atmosferə atılan zərərli maddələrin miqdarının çoxalması nəticəsində atmosfer havasının daha çox çirklənməyə məruz qalması müzakirə mövzusu olub, hər il mütəmadi olaraq keçirilən “Təmiz hava” aylığı çərçivəsində nəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin normalara uyğunluğunun ölçülməsi məqsədilə tədbirlərin həyata keçirilməsi qeyd edilib.

Dəyirmi masada atmosfer havasının mühafizəsi sahəsində mövcud problemlərin aradan qaldırılması məqsədilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin zəruriliyi bildirilib, dövlət orqanları ilə yanaşı qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin bu sahədə aktiv rolunun, əhali arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanıb.

Nigar Məmmədli