Dovşan mitinqi necə yedi?

dovsan-mitinqi-nece-yedi
Oxunma sayı: 674

Meriya da müsbət cavab verəndən sonra başlayıb hazırlıqlara. Həmin bu hadisəni danışan dostumuzu da 1 gün sonrakı aksiyasına dəvət edərək, dəvətin ardınca bir az da lovğalanıb ki, “Gəl sabah elektorata bax e. Gör qaqavın nə qədər fanatı, pərəstişkarı var”.

Məkan da ”Qələbə” meydanıymış. Deyir, təsəvvür elə ay Elşən artıq aksiyanın başlama vaxtıdır. Saat üç tamamdır. Gəlmişəm. Amma ortada üçcə nəfər adam var, Biri mən, biri özü, biri də kamera çəkən. Və anidən meydana elə bir sükut hakim kəsilib ki, kimsə nəsə söyləyib söhbəti ötüşdürə bilmir. Hamı hərəkətsiz vəziyyətdə qalıb. Allah kimsəni o duruma salmasın. Onun biabırçılığı, rüsvayçılığı sanki mənim üstümə hopmuşdu...
”Sakitcə maşına oturub ordan aralandım. Heç sağollaşmadım da. İnanılmaz gərgin bir ortam vardı. Hətta o qədər gərgin idi ki, həmin məqamda əl uzadıb görüşməyin, göz-gözə gəlməyin özü də ayrı bir cəsarət istəyirdi”.

Amma demə ki, prosesin ən maraqlı gedişati bundan sonrakı mərhələyə təsadüf edirmiş...

Aylar sonra hansısa məclisdə söhbət təsadüfən mitinqdən düşərkən həmin partiya sədri, yanında biabır olduğu dostumuza müraciətən qayıdıb ki, - “Bax bu yoldaş görüb mənim mitinqimi! Ordakı möhtəşəmliyi. Mitinq elə olar e, yoxsa hər yoldan keçən də deyir ki mən mitinq elədim”.

Sonra da utanmadan gözlərini müəllimin gözlərinin düz içinə zilləyərək davam edib: ”Ay qardaş, sənə qurban, sən ki Allah şahidisən danış da orda nələr elədiyimi!”.

Deyir, çaşdığımdan matım-mutum qurumuşdu! Həyatım boyu belə bir həyasızlığa rastlamamışdım. Bunun tək bir adı var. O şoğərib də nə deyilən şeydi, nə də yazılan!

***

Məhləmizdə bir Vadim kişi var. Mitinqin atası, qardaşı, day nə bilim əmisi oğlu ...qısaca hər şeyi odur. Adam elə bil dünyaya “Azadlıq”, ”İstefa” qışqırmaq üçün gəlib. Vəzirov hakimiyyətindən üzü bu yana hamının vaxtında qışqırıb. Hamıya qarşı qışqırıb. Özü demişkən bu artıq onda xobbi xarakterli aludəçilikdir və bəzi köşə yazarları” cuqquş”dan vurmamış qələm tuta bilmədikləri kimi, bu da içməmiş mitinqin ləzzətini ala bilmir. Ən qəribəsi isə odur ki, Vadim mitinqdə nə qışqırırsa evdəkilər də axşam eyni şüar və tələblərlə onun özünə qarşı çıxırlar. Qısaca döyüş alnına yazılıb adamın! Və məncə mitinq qərarı verilən anda kimsə müxalif liderlərə və bu işi təşkil edənlərə Vadim kişinin gəlinindən daha çox dua yağdıra bilməz. Çünki həmin ərəfədə vətənşüvən qaynatanın başı plakat-filan daşımağa qarışdığı üçün gəlinin həyatını müvəqqəti də olsa haram eləmir.

Dünən axşam gördüm asiton iyi verə-verə yenə hardansa gəlir. Nəsə soruşmağa macal tapmamış özü qayıtdı ki, ”Mitinqi yuyurduq. Zor keçdi. Müəllim, canım üçün axırınıza az qalıb. Gəlib dərsinizi verəcəyik sizin. Şəxsən mən özüm nazir (!) olan kimi birinci əmrim hamınızı dama basmaq haqda olacaq.

Gələcək nazir bütün bunları dedi və nazir səviyyəsinə uyğun 2 dəfə də hıçqırıb getdi.

Heç dəyişməyiblər...Və dəyişmək kimi bir arzunun, işartının olmadığı da dəqiqdir.

Hamıya aid etmirəm, amma qaraguruh sarıdan gerçəkdən heç problem yaşamadı bunlar. Hər zaman kiminsə yerini dolduracaq kimlərsə tapıldı. Ənənə ölmədi. Ənənə yaşadı.

Həmin simalar. Həmin kontingent...
Bir zamanlar sünnət toylarında belə, ”Elçibəy-Elçibəy”qışqıran HƏMİN kontingent!

***

Yadıma anidən bir əhvalat düşdü.

Uşaqlıqda dostumun əmisini ”mənə lətifə danış”-deyə bir gün necə bezdirdimsə adam yadına heç nə sala bilməyib özündən yeni bir lətifə uydurmağa məcbur oldu. Həmin lətifə isə bütün həyatım boyu eşitdiklərimin ən əndrabadisi idi: “Demək bir gün biri dənizə girib başlayır üzməyə. Üzür, üzür, üzür...birdən dənizin ortasında yadına düşür ki, aaa, mən axı üzə bilmirdim və boğulub ölür”.

Vəssalam!

Hələ uşaq ağlımla fərqinə varmışdım-adam mənimlə konkret məzələnib!
Amma illər keçəndən sonra yavaş-yavaş, dünənsə qəflətən anladım ki, ağsaqqalın sözündə əməlli- başlı hikmət varmış. Görən üçün! Belədə ki, əgər 20 il siyasətlə məşğul biriləri həmin siyasətin heç ”S” hərfinə belə dəxli olmadıqlarını anlamadan dəryanın düz ortasında üzməyə davam edirlərsə, başqasının nəyi əksikdir onlardan?
İndi noolsun , üzə bilmədiklərini hələ kimsə yada salmayıb?!

P.S. Ayrıca, dovşanı kim köpdürmüşdü dünən?!