BDU-da bir tələbəyə görə jurnal dəyişdirilib

bdu-da-bir-telebeye-gore-jurnal-deyisdirilib
Oxunma sayı: 1268

Bu gün Yasamal rayon məhkəməsində BDU-nun “İlahiyyat” fakültəsinin dekan müavini Nigar İsmayılzadənin 4-cü kurs tələbəsi Zəka Mirağayevə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə əlavə şahid ifadə verib.

Fakültədə tyutor işləyən Aynur Məmmədova deyib ki, dərsə gəlməyən tələbənin imtahanda iştirakını təmin etmək üçün dekan müavini yeni jurnal hazırlatdırıb: "Jurnal Lalə Hacıyeva adlı bir tələbəyə görə dəyişdirilib. Fakültədəki rüşvət hallarının araşdırılmasını istəyən tələbələrin adından BDU-nun rektoruna ünvanlanmış ərizədən sonra araşdırma aparan komissiya da jurnalın dəyişdirilməsi haqda rəy verib. "Din sosiologiyası” fənnindən “qayıb”larına görə Lalə Hacıyeva imtahanda iştirak edə bilməyəcəkdi. Dekan müavini buna görə jurnalı dəyişmək göstərişi vermişdi.  Yeni jurnala köçürəndə fənn müəllimi Faiq Əhmədzadə əlaçı tələbələrdən Gülnar Cəfərlinin adını bir səhifədə yazmamışdı. Mən yoxlayanda bunu gördüm, Faiq müəllimə zəng elədim. Dedi ki, saat yarıma gələcək. Mən isə tələsirdim, jurnalı təhvil verməliydim, ona görə də Faiq müəllimlə danışıb həmin tələbənin adını jurnala əlavə elədim. Komissiya yoxlama zamanı bunu da qeydə aldı. Buna göstəriş verən dekan müavini bir tərəfdə qaldı, heç bir günahım olmadığı halda, mənə şiddətli töhmət verildi”.

Aynur Məmmədova jurnalın yalnız rektorluğun icazəsi ilə dəyişdirilə biləcəyini deyib: “Fakültədə rüşvət söz-söhbəti vardı. Mən kiminsə rüşvət aldığını görməmişəm. Hətta tələbələr gəlib deyirdilər ki, məsələn, Lalə pul verir, dərsə gəlmir, biz də elə eləyə bilərik? Mən Lalədən bu haqda soruşdum, əvvəl demədi, amma sonradan bildirdi ki, qayınatası dekan müavini Nigar İsmayılzadəyə 500 manat pul verib”.

Məhkəmə iyunun 29-da davam etdiriləcək.

Qeyd edək ki, Z.Mirağayev mətbuata açıqlamasında fakültədə rüşvət hallarının olması ilə bağlı danışıb. O, bu işdə dekan müavini Nigar İsmayılzadənin adını hallandırıb. N.İsmayılzadə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin bacısıdır.

Murad Əhməd