BDU-da imtahanlar ictimai nəzarət altında keçirilib

bdu-da-imtahanlar-ictimai-nezaret-altinda-kecirilib
Oxunma sayı: 1549

Bakı Dövlət Universiteti rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, millət vəkilləri, təhsil ekspertləri, qeyri-hökumət təşkilatları, KİV nümayəndələri, valideynlər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 2018/2019-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında imtahanlara baxış keçirilib.

"Qafqazinfo" xəbər verir ki, ictimai nəzarətin əsas məqsədi imtahan sessiyasının şəffaf keçirilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması ilə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.

İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, media nümayəndələri və digər iştirakçılar Tədris Departamenti nəzdindəki monitorinq otağında olub, auditoriyalarda keçirilən imtahan prosesini izləyiblər. İmtahan sessiyasının gedişinə nəzarət etmək məqsədi ilə Qərargah yaradılıb. Qiymətləndirmədən narazı qalan tələbələrin Qərargaha müraciəti üçün şərait təmin edilib.

İmtahanlara baxış keçiriləndən sonra İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri və media nümayəndələrinin Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanovla görüşü zamanı imtahanların təşkili və keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, Bakı Dövlət Universiteti rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının yeni tərkibinə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslan, millət vəkili Sevinc Fətəliyeva, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və başqaları daxildir.