BDU-da Yaponiya Mədəniyyət festivalı keçirilib

bdu-da-yaponiya-medeniyyet-festivali-kecirilib
Oxunma sayı: 637

Bakı Dövlət Universitetində III Bakı Yaponiya Mədəniyyət festivalı keçirilib. 

Universitetdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, şərqşünaslıq fakültəsinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının təşəbbüsü ilə baş tutan festivalı BDU rektorunun ümumi işlər üzrə müşaviri, professor İsmayıl Əliyev açaraq tədbirin Azərbaycan-Yaponiya mədəni əlaqələrinə töhfə olduğunu, tələbələrin yaradıcılıq potensialını, təşkilatçılıq bacarığını aşkara çıxardığını, onlarda məsuliyyət hissini daha da gücləndirdiyini bildirib. 

Yaponiya səfirliyinin mədəniyyət və informasiya şöbəsinin müdiri Uçidate Saki Yaponiya-Azərbaycan əlaqələrinin fərqli aspektlər üzrə inkişaf etdiyini, iki ölkə arasındakı dostluq və əməkdaşlığın yeni töhfələr verdiyini vurğulayıb. 

Festival mahnı müsabiqəsi və rəngarəng səhnələrlə davam edib, Abdulla Şaiqin "Tıq-Tıq xanımın nağılı" əsərinin yapon dilində tamaşası təqdim edilib. Tələbələrin yapon dilindən tərcümə edərək alt yazılarını yerləşdirdiyi "Hotaru meşəsi" adlı yapon animesi böyük sevgi ilə qarşılanıb və yapon incəsənətinin nümunəsi kimi tamaşaçıları duyğulandırıb. 

Festivalın ikinci hissəsində yapon mədəniyyətinin oriqami, yapon milli geyimləri, çay dəstgahı, ikebana, xəttatlıq, yapon xalq oyunları, kospley, yapon milli mətbəxi, şifahi xalq ədəbiyyatı, şodou və s. sahələri ilə tanış olan iştirakçılar bu özünəməxsus, orijinal milli mədəniyyətə böyük maraq göstəriblər.