Dünya Azərbaycanlıları Konqresində daha bir qırğın - Yenilənib

dunya-azerbaycanlilari-konqresinde-daha-bir-qirgin-yenilenib
Oxunma sayı: 775

Bu gün Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin növbədənkanar toplantısı keçirilib. Bir neçə gün əvvəl ləğv edilən DAK-ın Azərbaycan Nümayəndəliyinin keçmiş rəhbəri Səftər Rəhimli Qafqazinfoya bildirib ki, toplantıda bir sıra qərarlar qəbul edilib. İclasda qəbul olunan protokolda bildirilir ki, DAK-ın XI-ci Qurultayından bü günə qədər DAK Həmsədrləri Sabir Rüstəmxanlının, Frudun Pərvizniyanın və DAK Daimi Şurasının sədri Əjdər Tağızadənin qanunsuz fəaliyyətləri DAK İdarə Heyətinin gündəliyinə salınaraq müzakirə olunub.

DAK İdarə Heyətinin üzvləri gündəlikdə duran məsələlərin müzakirəsindən sonra DAK Nizamnaməsinin 5. 5 maddəsini əsas tutularaq bir necə qərarlar qəbul olunub: “DAK Həmsədrləri Sabir Rüstəmxanlı, Firudun Pərvizniya və DAK Daimi Şurasının sədri Əjdər Tağızadə DAK-ın Nizamnaməsini davamlı olaraq kobud şəkildə pozaraq özbaşına, məsuliyyətsiz qərarlar vermələri, Nizamnaməyə heç bir məhəl qoymadan öz şəxsi istəklərinə uyğun qanunsuz hərəkətlər etmələri, DAK-ın fəaliyyətində yüksək xidmətlər göstərmiş şəxsiyyətlərə qarşı apardıqları neqativ fəaliyyətləri müzakirə olunaraq qərara alınmışdır:
1. DAK-ın Nizamnamənin 5.5 maddəsinə əsasən DAK Həmsədrləri Sabir Rüstəmxanlı və Frudun Pərvizniya DAK Həmsədrliyindən azad olunsunlar. DAK-ın növbəti qurultayına qədər DAK Həmsədrlərinin səlahiyyətləri DAK Nizamnaməsinin 5. 9 maddəsinə əsasən DAK İdarə Heyətinə həvalə edilsin.

2. DAK Daimi Şurasının sədri Əjdər Tağızadə DAK Daimi Şurasının sədrliyindən azad edilsin. DAK Daimi Şurasının fəaliyyəti növbəti qurultaya qədər dayandırılsın.

3. DAK İdarə heyətinin üzvü Sabir Rüstəmxanlıya və DAK İdarə Heyətinin üzvü Əjdər Tağızadəyə DAK-ın Nizamnaməsini dəfələrlə kobud şəkildə pozduqlarına, DAK-ın Ali orqanı olan Qurultayın verdiyi qərarlara məhəl qoymadıqlarına, Dünya Azərbaycanlıları Konqresinin fəaliyyətində göstərdikləri bir çox neqativ hərəkətlərinə görə töhmət elan edilsin”.

Sonda, DAK Nizamnaməsinin 4. 3 maddəsi əsas götürülərək, DAK-ın növbədənkənar qurultayının çağırılmasi məsələsi müzakirə edilib. Müzakirələrdən sonra növbədənkənar qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradıldı. DAK İdarə Heyyətinin üzvləri Mirəşrəf Fətiyev, Bəhruz Həqqi, Hüseyin Vüsuqi, Baba Tağıyev, Oktay Hüseynov, Fərəməz Quluzadə və Səftər Rəhimli Qurultaya Hazirliq Təşkilat Komitəsinin üzüvləri seçiliblər.

DAK NTK-nın sədri Samir Əsədli isə “Qafqazinfo”ya bildirib ki, əslində belə bir iclas olmayıb. Onun sözlərinə görə, DAK-ın fevralın 27-də İstanbulda keçirilən iclasında orada adları göstərilən Bəhruz Həqqi ilə Fərəməz Quluzadə DAK xaric olunublar. : “Burada cəmi 5 nəfər qalır və 5 nəfərin iştirak etdiyi iclası səlahiyyətli deyil. DAK İH-nin 17 üzvü olub və onun 2-si təşkilatdan çıxarılıb. Hazırda İN-nin 15 üzvü var. Orada adları göstərilən şəxslərin əksəriyyəti ilə əlaqə saxlanılıb və onlar bildirib ki, bu iclasdan xəbərimiz yoxdur. Bu Səftər Rəhimlinin özbaşına yaydığı yalan məlumatdır və heç bir hüququ əsası yoxdur”.

S. Əsədli onu da qeyd edib ki, sabah DAK NTK-nın Bakıda fövqəladə iclası çağırılıb və məsələyə aydınlıq gətirəcək.