Dünya dualizm məngənəsində

dunya-dualizm-mengenesinde-
Oxunma sayı: 831

Amma nə yazıqlar ki, bu ikiliyin, bu dualizmin ortasında dayananlar, seçim etməyənlər daha böyük çoxluğa malikdir. Dünyamızın problemlərdən qurtulmamasının başlıca səbəbi də elə budur. Xeyir də, Şər də bu "ortada" qalanları öz tərəfinə çəkməklə məşğuldur - hansı məqamda onlardan hansının üstünlük təşkil edəcəyi isə yenə də hər bir fərdin iman dərəcəsindən, gücündən-qüvvətindən asılı olacaq. Elə isə gəlin görək, nələr baş verir...

Bir tərəfdə əzəmətli Xeyiri görürük: dünyadakı münaqişələrin həlli üçün böyük güclər danışıqlar aparır, intensiv səfərlər az qala bütün aparıcı dövlət başçılarının prioritet məsələsinə çevrilib, müharibə çağırışları azalıb, barış üçün saysız-hesabsız dəyirmi masalar keçirilir, maddi-mənəvi yardımlar çoxalır və s. Digər tərəfdə isə geri çəkilmək istəməyən Şəri görürük: atom sınaqları, maliyyə böhranı, üçüncü dünya savaşına çağırışlar, dəniz quldurluğu, terror və qəza artımları, quş qripi, donuz qripi, təhlükəli qidalar, iqlim dəyişikliyi və s. Göründüyü kimi, biri digərinə qarşı ciddi müqavimət göstərməkdədir.

Yaşamağa məhkum edildiyimiz Yer planetinə həm də dünya deyirik. Həmin bu dünya qitələrdən, qitələr dövlətlərdən, dövlətlər bölgələrdən, bölgələr də regionlardan, şəhər və kəndlərdən, məhəllə və küçələrdən, nəhayətdə isə bunlar da ailələrdən və ən sonda fərdlərdən ibarətdir. Deməli, dünyamızda baş verənlər zəncirvari reaksiyaya girərək sonucda ailələrimizə və özümüzə mütləq təsir göstərir. Bu da o anlama gəlir ki, hər birimiz bir fərd olaraq dünyamızın Xeyirə və ya Şərə istiqamətlənməsində əsaslı rol oynayırıq.

Bir də var, "hər pis günün bir yaxşı sabahı", "hər ziyanda bir xeyir" amili və bu amildən doğan ümid işartıları. Doğrudan da, rastlaşdığımız və ya könüllü-könülsüz iştirakçısı olduğumuz situasiyalar çox vaxt gördüyümüz kimi olmur, necə ki, siyasətdə əsas işlər danışılan və ya göstərilən olmur. Əgər belə olmasaydı, ATƏT-in Minsk qrupu həmsədrləri hələ mərhum Heydər Əliyevin vaxtından hər dəfə prezidentlərin görüşü olanda "bu görüş münaqişənin həlli istiqamətində irəliyə doğru böyük bir addım oldu" deməzdilər.

Bəli, siyasətdə "protokol qaydası" deyilən bir termin var. Məsələn, arası soyuq olan dövlət başçıları görüşəndə jurnalistlər qarşısında sifətlərinə təbəssüm qatıb bir-birinin əlini sıxır, sanki komik bir əsərin təqdimat mərasiminə hazırlaşırmış kimi ümumi və quru sözlər danışır, necə deyərlər, diplomatik gedişlər edirlər. Belə məqamlarda mütləq vasitəçi olan kəslərdən kimsə elə bir ifadə işlədir ki, hər iki tərəf hətta qəhqəhə də çəkir və bu təsvir müxtəlif media qurumlarının manşetini bəzəyir. Deyilənləri efir vasitəsilə hər biriniz dəfələrlə gördüyünüz üçün dərinliyinə varmıram. Əsas məqam odur ki, ölkə rəhbərləri jurnalistlərə "protokol qaydası"nı nümayiş etdirdikdən sonra təkliyə çəkilib məhz vacib məsələləri müzakirə edir, mübahisə və təhdidlərə başlayırlar, hətta söyüşürlər də. Sonda yenə media qarşısına çıxıb quru təbəssümlə görüşün "tarixi əhəmiyyət" daşıdığını söyləyirlər.

Belə "protokol"larla hər gün rastlaşırıq. Siyasi dünyagörüşü olanlar pərdəarxası müzakirələri ehtimallar əsasında təxmin etməyə çalışır, uğurlu və ya uğursuz qənaətlərə gəlir, təxmini proqnozlar verir, fanatlar radikallaşıb çığır-bağır salır, hər şeyin puç olduğunu söyləyirlər. Qalan insanlar - "ortada qalanlar" isə nə baş verdiyini anlaya bilmir, münasibət bildirməkdə çətinlik çəkirlər. Yuxarıda dediyim kimi məhz üçüncü qismə aid olan bu adamlar daha böyük çoxluğu təşkil edirlər. Halbuki əsas mübarizə dualizmə dayaqlanır. Məncə, dünyamızın hazırkı problemi də bu qeyri-müəyyənlikdən doğur.

Dualizm dini müstəvidə daha sürətlə inkişaf etməkdədir. Qərb ölkələrində (xüsusən də Fransada), ABŞ-da, Rusiyada müsəlmanlığı qəbul edənlərin günbəgün artdığı, islamın durmadan möhkəmləndiyi bir məqamda əks göstəricilər də gündəmə soxulmaqdadır. Məsələn, əvvəl Bakıdakı "Əbu Bəkr" məscidi bağlandı, ardınca Yasamalda və Pirallahıdakı məscidlər söküldü, daha sonra Türkiyənin inşa etdirdiyi və möhtəşəm cümə namazları keçirilən "Şəhidlər" və "İlahiyyat" məscidləri qapadıldı. Xırdalanda və Goranboyda da oxşar hallar barədə xəbərlər dolaşdı, hətta müstəqil mətbuat ölkəmizdə fəaliyyət göstərən 1700 məscidin sökülməsi barədə gizli qərar verildiyini də yazdı. Əgər bu bədbin proqnoz özünü doğruldacaqsa, nəticəsi çox ağır olacaq. İranda, İraqda, Türkiyədə və Pakistanda məscidlərin partladılması da vəziyyətin ciddiliyindən xəbər verir. Bilənlər bilir ki, bu proses vəhhabilərin hakim olduqları Səudiyyə Ərəbistanından başlandı. Ötən il dünyanın xəbər agentlikləri bildirdi ki, islamın rəsmi mərkəzi olan bu ölkədə guya 20-dən artıq məscid səhv tikilib və neçə onilliklərdir, əsrlərdir ki, möminlər namaz qılarkən üzlərini Kəbəyə deyil, başqa istiqamətə yönəldibmiş. Sonda isə qərara gəlindi ki, həmin tarixi məscidlər sökülsün. Bu yerdə "Kurtlar vadisi - Pusu" serialındakı bir epizod yadıma düşür: Memati ərəblərə silah satdığını Polat Alemdardan gizlətmək üçün onlara guya mazut satdığını söyləyir. Polat dəfələrlə "Ərəblərə? Mazut satırsan?" soruşsa da, Memati "Hə, usta" deyir. Məkkədən min kilometrlərlə uzaqda yerləşən hansısa Azərbaycan kəndində sıravi bir kişi toyuq-cücə və ya qoyun kəsərkən günün istiqamətinə və evlərin səmtinə əsaslanıb qibləni təyin edirsə, islamın pərvəriş tapdığı, gözüyumulu Məkkə istiqamətinin bəlli olduğu Səudiyyədə guya qiblə yanlış tikilib. Çox maraqlıdır... Əcəba, yoxsa dinsiz bir dünya qurulur? Bəlkə dünyanın islama axışdığını görüb təşvişə düşənlər var? Nə məsələdir görəsən? Əgər Azərbaycanda bəlkə də qədərindən daha çox göstərilən 1700 məscid sökülərsə, hakimiyyətdə oturan səlahiyyət sahibləri mömin insanların qəzəbinə düçar olar, böyük ixtişaşlar, hətta çevrilişlər baş verər. Dünya ölkələrində bu vaxta qədər təxminən 80 faiz belə olub. Amma mən inanmıram ki, cüzi bir qurumu ateist olan məmurlar dinimizə qarşı belə xəyanət edələr. Deməli, tapşırıq ya "yuxarılar"dan, ya da səhih informasiyaya malik şəbəkədən gəlib. "Məscid bağlama" prosesini ictimaiyyətə daha çox "təmirə dayanıb" kimi sırıyırlar. Amma bununla tam razılaşa bilmirəm. Çünki özüm də cümə namazlarını paytaxtın bir neçə məscidində, xüsusən də "Şəhidlər" camisində qılırdım və onların heç birində təmirə ehtiyac duyulduğunu görməmişəm. Deməli, təmir məsələsi əsas fakt deyil. Burada ağla gələn ən bariz dəlil yuxarıda bəhs etdiyim "protokol qaydası"dır. Məsələn, ola bilsin ki, xüsusi xidmət orqanlarında səhih məlumatlar var ki, məscidlərdə terror törətmək istəyən qüvvələr aktivləşib, amma əhalidə təşviş yaratmamaq üçün təmir adı altında müvəqqəti qoruma prosesinə rəvac verilib. Nə bilək, bəlkə "əl-Qaidə" və ya "Həmas" kimi, "Hizbullah" və ya PKK kimi terrorçu təşkilatların təhlükəli nümayəndələri artıq Azərbaycana keçib?! Hələ mən bütün dünyanı çalxalamaq məqsədi güdən, dövlətimizi isə ümumiyyətlə sevməyən Rusiya faktorunu demirəm. Deməli, məscidlərin və xarici dini icmaların fəaliyyətinə qoyulan mədəni qadağa sonucda hansısa bir xeyirə, hansısa bir mərhəmətə sığınır.
Göründüyü kimi, əsl həqiqətin harada olduğunu bilmək, çox vaxt mümkün olmur. Necə deyərlər, bilənlər bilir, bilməyənlər isə bilə bilmir.