“Dünyanı dəyişə biləcək 10 gənc müsəlman” mükafatı təqdimat olundu

dunyani-deyise-bilecek-10-genc-muselman-mukafati-teqdimat-olundu-
Oxunma sayı: 693

“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində keçirilən təsis qurultayında İƏT-in üzvü olan ölkələri təmsil edən gənc iş adamları birliklərindən, eləcə də bu təşkilatın üzvü olmayan dövlətlərdə yaşayan gənc innovatorlar da daxil olmaqla 150-dək nümayəndə iştirak edir.

Şəbəkə İƏT-in üzvü olan ölkələrdə fəaliyyət göstərən gənc iş adamları üçün birgə fəaliyyət üzrə platforma rolunu oynamaqla, onların arasında biznes sahəsində məlumat və təcrübə mübadiləsinin, iqtisadiyyatın inkişafına töhfə verə biləcək biznes fəaliyyətinin stimullaşdırılmasının, o cümlədən qlobal səviyyədə innovativ ideyaların dəstəklənməsinin həyata keçirilməsinə imkan yaradacaq.

Qurultayın açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, DƏ-İKGF mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva, DƏ-İKGF–nin baş katibi Elşad İsgəndərov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura, “İbrahim Assiciates” şirkətinin prezidenti İbrahim Əzim təbrik nitqi ilə çıxış ediblər.

Mərasimdə İƏT-in baş katibi Ekmələddin İhsanoğlunun təbrik məktubu oxunub.

Qurultayda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə İƏT-in üzvü olan ölkələrin kreativ və işgüzar gənclərinin həvəsləndirilməsinə yönəlmiş “Dünyanı dəyişə biləcək 10 gənc müsəlman” mükafatının təqdimatı da olub. Mükafat 30 yaşadək biznes, incəsənət, idman və ətraf mühitin qorunması sahəsində mühüm uğurlar əldə etmiş müsəlman gənclərə verilib.

Bakı tədbirinin nəticələri cari il dekabrın 3-5-də İstanbulda keçiriləcək İşgüzarlıq üzrə II Qlobal Sammitin iştirakçılarına təqdim olunacaq.
İƏT-in üzvü olan ölkələrin Gənc İş Adamları Şəbəkəsinin təsis qurultayında Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyeva deyib ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan ölkələrin Gənc İş Adamları Şəbəkəsinin yaradılması İslam ölkələri gənclərinin sahibkarlıq fəaliyyətində yeni imkanlar açacaq.
Leyla Əliyeva bildirib ki, bu şəbəkə davamlı, dayanıqlı inkişaf üçün bir platforma olunmalıdır. Bütün cəmiyyətlərdə təbii resursların istifadə olunması, enerji mənbələrinin işlənməsi məsələləri də nəzərə alınmalıdır. Bununla yanaşı, ətraf mühitin qorunması məsələləri nəzərdən keçirilməlidir.

“Dünyanın bütün bu çağırışlarında, bu məsələlərin həll olunmasında İƏT-in üzvü olan ölkələrin gənc sahibkarlarının da öz rolu olmalıdır”, - deyən Leyla Əliyeva qeyd edib ki, gənc sahibkarlar yeni iş yerlərinin açılmasında böyük rol oynayır.