Dünyanın səbri daşdı

dunyanin-sebri-dasdi
Oxunma sayı: 796


ABŞ prezidenti Barak Obama açıq şəkildə Suriya prezidenti istefa verməyə çağırıb. Bundan sonra Britaniya, Fransa və Almaniya rəhbərləri də eyni çağırışla müraciət edib. Birləşmiş Ştatlar həmçinin Suriya rejiminə qarşı yeni kəskin sanksiyalar tətbiq edir. Həmin sanksiyalarda Suriyanın bütün dövlət aktivlərinin dondurulması, bu ölkəyə sərmayə qoyuluşu və bu ölkədən mal idxalının qadağan edilməsi nəzərdə tutulur.

İsveçrə isə bu arada Suriyadakı səfirini geri çağırıb. Dünən isə Tunis öz səfirini Suriyadan geri çağırmışdı. Bir müddət əvvəl bir sıra başqa ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı da eyni addımı atmışdı.

Amma Əsəd hakimiyyətdən getmək niyyətində olmadığını nümayiş etdirir. O rəhbərlik etdiyi Baas Partiyasının toplantısında deyib ki, “Suriya güclü olaraq qalacaq, amma islahatlar da aparılacaq, çünki Suriya xalqı islahatların vacibliyini anlayır”. Suriya hökuməti bildirir ki, şəhərlərə qoşun yeridilməsi və hərbi əməliyyatlar “terrorçuların ölkəni parçalamasına imkan verməmək üçün”dür.

***

Türkiyənin baş naziri Ərdoğan Suriyadakı vəziyyəti Liviya ilə müqayisə edib. O deyib ki, avqustun 17-də Əsədlə şəxsən danışsa, bundan qabaq xarici işlər nazirini Suriyaya göndərsə də, “onlar əhaliyə qarşı hücumları davam etdirirlər”. BMT-nin yeni hesabatında deyilir ki, Suriyada dinc nümayişçilərə qarşı repressiyalar insanlığa cinayət kimi yozula bilər.

Tezliklə BMT-nin Təhlükəsizlik Şurasına təqdim ediləcək hesabatda tövsiyə edilir ki, Suriya hökuməti buna görə Beynəlxalq Cinayət Məhkəməsinə verilsin. Hesabat haqda Təhlükəsizlik Şurasına BMT-nin insan haqları komissarı Navi Pillay məlumat verəcək. Sənəddə deyilir ki, martın ortalarından bəri Suriya hökumətinin dinc əhaliyə qarşı silah işlətməsi nəticəsində azı 1900 nəfər həlak olub. Hesabatda BMT araşdırmaçıları buna görə günahkar saydıqları məmurlar arasında prezident Bəşər Əsəd (Bashar Assad) hökumətinin 50 üzvünün adını çəkirlər.

BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı hesabatın dinlənilməsi üçün toplaşmasından bir qədər əvvəl Bəşər Əsəd elan edib ki, ölkə boyu ordunun bütün əməliyyatlarını, eləcə də həbsləri dayandırır. Məlumata görə, Əsəd BMT-nin baş katibi Ban Ki Muna da deyib ki, yaxın aylar ərzində ölkədə islahatlara başlayacaq - o cümlədən, Konstitusiya və seçki islahatları.