Dünyəvilik sualları

dunyevilik-suallari-
Oxunma sayı: 1102

Ola bilsin, Əli bəy bunu demokratik cinahın uğurları, faydaları naminə bilərəkdən edir, amma bu, Azərbaycanda dünyəvi dövlətçiliyə təhlükə yaradan amildir, sonucda demokratik qüvvələri ruhdan salır və hətta bu proses hər bir cizgidən yararlanan bizim oğru hakimiyyətə sərf edə bilər.

Əli bəyin Ilqar bəyə xoş münasibətinə, şəxsi hörmətinə qarışa bilmərik. Amma nüfuzlu bir siyasətçi kimi onun münasibətində ictimaiyyəti yanlış yönəltmə cəhdi olduğu üçün, buna sakitcə baxmaq olmaz. AXCP sədri deyir: “Mən başa düşmürəm, Hacı Ilqar 2003-cü ildə seçki məhbusu olanda yaxşı idi, indi bizim aramızda olmağı IP-ə qarşı nə böyük kompromat olub?”.

Məgər biz seçki məhbuslarının hər yanlışına dözməliyik? Bilmirəm Əli Kərimli digər seçki məhbusu Iqbal Ağazadəni niyə müdafiə etmir? Bu gün Əli Kərimlinin halal mandatına sahib olan Fərəc Quliyev də siyasi məhbus olub. Bəyəm Əli Kərimli özü 2003-də müdafiə etdiyi namizədi indi müdafiə edirmi ki, bu dəlilə söykənir. Mən şəxsən dünənin dünya şöhrətli vicdan məhbusu olan Eynulla Fətullayevi artıq müdafiə etmirəm, üstəlik, onunla bağlı mənə gələn tənəli sözlərə, məktublara dözməli oluram. Çünki bunun əksini etsəm haqlı olmaram, ictimai maraqlara da əlavə zərbə vurar və “şərin ocağına odun daşımış” olaram.
Gəlin, doğrudan da məsələni şişirtməyək, Əli bəyin milli demokratik cinahda saydığı Ilqar Ibrahimoğlu və başqaları demokratlıq edərək Iran ayətullahının qətlinə fitva verdiyi yazıçının ölümü ilə bağlı sayğı duruşuna qarşı çıxır. Amma Əli Kərimli və Isa Qəmbər durub çağırış etmir ki, dinin tənqidinin mümkünlüyü dünyəviliyin, müasirliyin, demokratiyanın əsas prinsiplərindən biridir, biz bu sayğı ilə Rafiq Tağıdan öncə həmin prinsiplərə qarşı çıxanlara etiraz etməliyik. Deməyiblər. Mən Ilqar Ibrahimoğlunu anlayıram, o öz idealları uğrunda dirəniş göstərir. Amma dünyəvi siyasətçilərimiz neynəyir?

Onlar bundan öncə Iran ayətullahlarının sevinc bəyanatına, demək olar ki, susmadılarmı? Bu, dindar azərbaycanlını ateist qardaşına düşmən saymaq çağırışı idi. Bu təhdid idi - azad fikirli adamlara, ateistlərə və hər kəsə. Ümumilikdə, Azərbaycanın azadlığına. Amma dünyəvi demokrat liderlər bu insanları tək qoydu meydanda. Nəticədə cəmiyyətdə bir qorxu yarandı.
Söhbət Ilqar Ibrahimoğluda, onun IP-də olmasında, Rafiq Tağıya münasibətlərdə deyil. Kimisə zorla ayağa durğuzmaq olmaz. Amma kimlərsə elə həmin iclasda başqalarının oturmasına baxmayaraq, ayağa qalxa bilərdi, indi də fırtına və suallar yaranmazdı.
Əli bəy deyir: “Bizim ölkəmizin inanclı insanlarına, onların fikirlərinə normal münasibət göstərməyimizi qəbahət sayırlar”. Yox, belə deyil. Amma inanclı insan öz dediyini yeridəndə, Güneydəki soydaşlarımızın öz haqları uğrunda mübarizəsini separatçılıq sayanda susmaq yaxşıdırmı?
Gələk liderlərin Pənah Hüseynin Aşuranın istirahət günü olması ilə bağlı təklifinə susmasına. Əli bəy Pənah Hüseyni nədənsə müdafiə etmir, amma o təklifi Ilqar Ibrahimoğlu da söyləmişdi. Hər dövrün dəbinə görə ateist, yarıdindar, dindar olan Pənah bəydən fərqli olaraq mən həmişə inanclı adam olmuşam. Savadım da mənə imkan verir ki, Imam Hüseyni bəşəriyyətin dönməzlik və dürüstlük simvollarından biri sayım. Amma mən bilirəm ki, Aşuranın kədəri üzərində qurulan ifrat müsibətçilik siyasi amildir və bizim qonşu Iranın siyasi mexanizmlərindən biridir. Bəs Pənah Hüseyn görmür ki, həmin xəttin üzərində qurulan rejim qədim mədəniyyətə, böyük tarixə sahib olan fars xalqını hansı zillətə qoyub?! Onu bura da gətirir hələ?! Bizim demokratik cinah isə buna susur.
Imam Hüseyn qətliamdan öncə, bilərək ki, onları ölüm gözləyir, iki gəncə toy etmişdi. Budur mayak. Pənah Hüseyn isə, əksinə, Aşura günü ikiqat işləməyi təklif etsəydi, heç kimdə sual yaranmazdı. Ölkədə rəsmi statistikaya görə, təxminən 1 milyon 300 min adam işləyir. Onların hamısı həmin gün bircə günlük maaşını toplasa, xaricdə müalicəyə ehtiyacı olan bütün insanları dərddən qurtarmaq olar.
Gəlin, heç olmasa böyük Məhəmməd Əmin Rəsulzadəyə qarşı çıxmayaq. O, yazırdı: “Hüseyni məzlum bilib də halına ağladığımız halda hər qism bəla və müsibətləri ancaq ağlamaq və yalnız ağlamaq təriqi ilə istiqbal etmək məzlumiyyətinə öyrənən bizlər, imamın bu böyük ruhu ÿilə aşina olub ona imtisal etmək xəyalında heç olmuyoruz. Bəlkə də bu hal Kərbəla şəhidini qəbrində də rahatsız etməkdədir. Din, fikir, elm və millət naminə şəhid və məzlum olanlar bəşəriyyət tarixi ilə islamiyyət tarixində çoxdur. Bunlar həmişə və hər ÿbir millət arasında təqdim olunar və adları ehtiramla anılar. Bu,ÿkimilər haqqında göstərilən ən böyük ehtiram, onların böyüklüklərinə imtisal etməkdən ibarətdir. Əqidə, amal və məsləki yolunda ölümünə razı olub da nəfsini fəda edən kim olursa-olsun böyükdür. ”Iqbal”, 14 noyabr 1914-cü il”.
Tarix boyu sadə müsəlmanları çox qüvvələr aldadıb, lakin demokratlar buna yol verməli deyillər. Hətta ərəb xalqlarının qalxıb dünyəvi ölkə uğrunda çabalar etdiyi bir dövrdə biz Azərbaycanı əks yola aparanlara susuruqsa, elə Islama da düşmənçilik edirik. Çünki həmin yol Islamı gerilik və zülmə yoldaş edir. Amma dünyəvi ölkə inancların qorunduğu, dinin mütərəqqi rollarının oyandığı bir cəmiyyətdir. Tarix də bunu sübut etdi. Tarixdə nə ateist, nə də dindar rejimlər uğur qazanıb. Axı din də azadlıq istəyir. Hər şeyin gözəlliyi, tam faydası azadlıqda bilinir və yalnız dünyəvi ölkələr azaddır. Biz də onun bəhrəsini görmək istəyirik, çünki dünyəvi libasa girən indiki rejim mahiyyətcə dini despotizmlə qardaşdır. Odur ki, narahatıq: qədərincə doğru səylərin olmaması narıncı inqilabların dayanmasına səbəb olduğu kimi, Ərəb baharını da Iran payızına çevirə bilər. Narahatçılığımız və suallarımız bu səbəbdəndir.