“Düşmənə qarşı birləşməli, ölüm-dirim savaşına girməliyik” – Qətnamə

dusmene-qarsi-birlesmeli-olum-dirim-savasina-girmeliyik-qetname
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, forum iştirakçıları ATƏT Minsk qrupu çərçivəsində aparılan danışıqların heç bir nəticə vermədiyini, işğalçı Ermənistanın danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutduğunu və zəbt etdiyi ərazilərdən çıxmaq istəmədiyini, Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması limitinin artıq bitdiyini, beynəlxalq təşkilatların obyektiv və ədalətli mövqe tutmaq istəmədiyini, həmçinin Azərbaycanın artan iqtisadi və hərbi imkanlarını, Azərbaycan xalqının döyüş əzmini, cəmiyyətin Qarabağ məsələsində yekdil mövqeyini, işğala artıq dözməyin mümkün olmadığını, əsas tutaraq qərar alıblar:

İşğalçı Ermənistanla sülh danışıqlarından imtina edilməli, ATƏT Minsk qrupunun fəaliyyəti dayandırılmalıdır.

Azərbaycan BMT Təhlükəsizlik Şurasında Ermənistanın işğalçı dövlət kimi tanınması, ona qarşı sanksiyaların tətbiq olunması və işğlçı qüvvələrin dərhal Azərbaycan ərazilərini tərk etməsi ilə bağlı məsələ qaldırılmalıdır.

Bütün bunlar nəticə verməsə Azərbaycan öz ərazi bütövlüyünü və işğal olunmuş torpaqlarda suverenliyini bərpa etmək üçün hərbi əməliyyatlara başlamalıdır.

Azərbaycan dövlətinin və cəmiyyətinin bütün imkanları müharibənin tələblərinə səfərbər edilməli, hər hansı fikir ayrılıqlarına, “xalq diplomatiyası” kimi oyunbazlıqlara son qoyulmalıdır.
İnsanların mənəvi ruhunu öldürən, mənəvi terrora məruz qoyan bayağı şoulara, mənəviyyatsız verilişlərə, bu fəlakət mənbələrinə son qoyulmalı, hərbi vətənpərvərlik tərbiyəsi işləri gücləndirilməlidir.

Qarabağ məsələsində ümumilli birliyin əyani şəkildə nümayiş etdirilməsi məqsədilə “Milli Birlik Cəbhəsi” tipində qurum yaradılmalı, bu qurum vasitəsi ilə bütün siyasi və ictimai təşkilatların fəaliyyəti əlaqələndirilməli, Milli Orduya ictimai dəstək təmin edilməlidir.

“Sözdə və işdə birlik!”, “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!”, “Hamı millət üçün, hamı dövlət üçün!” deyərək düşmənə qarşı birləşməli, ölüm-dirim savaşına girməliyik! Başqa yolumuz yoxdur!