Düüd eləyənin qabağına düdüüüd eləmək

duud-eleyenin-qabagina-duduuud-elemek
Oxunma sayı: 680

İsti idi! Yandakı marketdən yarım litrlik “Aquamineral” alıb laqqaluqla boğazıma boşaltdım, sonra ağır addımlarla hər tərəfindən miskinlik, yoxsulluq və deməli doğmalıq yağan çayxananın həyətinə daxil oldum. Vay bə! Gözüm şair Fərmayıl Həsrəti profildən almazmola?! İnan elə sevindim ki! Əslində zəhləm gedirdi bu milçəköldürənə oxşayan uzundıraz şairdən! Amma neyləyəsən, darıxmaq axmaq şeydi, adamı kimə desən möhtac qoyar!

Yaxınlaşıb ali təhsilli, qırmızı diplomlu bir salam verdim. Əllərindəki dominodan başlarını qaldırıb mənə baxanda üzbəüzdə oturan ağsaqqal kişini də tanıdım. Adını unutmuşdum. Bir dəfə işlədiyim nəşriyyata kompyuterdə yığılmış böyük bir material gətirdi. Dedi, səni tanıyıram və zövqünə seyid cəddinə inanan kimi inanıram, mümkünsə bu pyesi oxu, fikrini denən. Açığı, həmin vaxt Knut Hamsunun “Seçilmiş əsərləri”ni təzəcə almışdım, oxumağa bir türlü imkan tapa bilmirdim. Dedim, müəllim, mənim fikrimin sizin əsərin çapına heç bir təsiri yoxdur. Ona görə oxusam nə olar, oxumasam nə olar?! Dedi, mənə sadəcə və sadəcə sənin fikrin lazımdır. Üzə düşüb kompyuterdən çıxma qalın vərəqləri aldım, amma heç vaxt oxumadım. Bəlkə 20 dəfə zəng çaldı mənə, hər dəfə də bir bəhanə gətirdim.

Ağsaqqal sovet dövründə bir çox vəzifələrdə işləmişdi. Və xoşbəxtcəsinə irəli çıxan qarnı, qızıl dişləri, ədalı hərəkətləri, iddialı baxışları göstərirdi ki, babat işləyib! İndi təqaüddə idi. Bekarçılıqdan ədəbiyyatla məşğul olur, boş vaxtlarını isə bu cındırı çıxmış çayxanada domino oynamaqla keçirirdi.

Budur indi mən onların stolundayam! Ağsaqqal əvvəl gülümsəsə də sonra mənə tərəf hinduşka kimi burun salladı. Özümü o yerə qoymadım.

Üçüncü adamı tanımırdım. Milçəköldürənə oxşayan donqar burunlu şair tanışım filan-filan yerləri misal çəkib nə qədər çalışdı ki, bu ağbaş, kədərə meylli kişini yadıma salsın, alınmadı. Yalandan, həəə tanış gəlir deyib sovuşdurdum.

Üç nəfərə telefon oynayırdılar. Hərə özünə yazırdı. Bu oyun da, bildiyiniz kimi, çox maraqsızdır. Axsayan oyunçu gah birinin, gah da o birinin əl-ayağına dolaşıb rəqibə xal qazandırır. Etmədiyin səhvlərə görə uduzmaq ədalətsizlikdir! Bu üçlükdə isə, gedən andan anladım, zəif bənd tanımadığım bu adam idi və əliaşağa düşdüyü vaxt hər iki rəqibi onu azarlayırdı.

Duzsuz bir oyun gedirdi. Başa çatandan sonra şair də, ağsaqqal da təkidlə məni dominoya cəlb etməyə girişdilər. Nə qədər, “marağım yoxdur”, “mən tez durub gedəcəm”, “tamaşa etmək daha maraqlıdır” – söyləsəm də, bir şey çıxmadı. Saqqızımı oğurladılar! Mən tanımadığım 50-55 yaşlarında olan həmin qəzəbli adamla düşdüm, xaşalqarın ağsaqqal isə şair tanışımla! 101 oynadıq. Ağsaqqalla şairin saxtalıqları, him-cim, işarə və ya açıqca danışmaları, mənim zəif oyunum və tərəf müqabilimin hirslənməsi təbii ki, rəqiblərin xeyrinə işlədi. 2:0.

Biz uduzduqca dəhşətli dərəcədə məzələnirdilər “naparnik”imlə. Mənə bir söz deyən yox idi. Halbuki səhvləri mən eləyirdim. “Naparnik” artıq siqareti gəmirirdi.

Sən demə, bu adamların arasında domino mübahisəsi varmış və biri-birinə uduzmaq şərəf-ləyaqət məsələsiymiş! Odur ki, hər səhv qoyduğum daşa görə tərəf müqabilim sifətimə nifrətlə baxır, tanımadığı üçün bir söz demir, siqaretə güc gəlirdi. Üstəlik, ağsaqqal qisas almağa imkan tapmışdı elə bil. Naşılığımdan istifadə edib “Ə dördü vurmayacaqsan ki?!”, “Beşi olmamış olmaz kişinin!”, “Qoşanı atmaq vaxtıdır!” kimi sözlərlə məni çaşbaş salırdı. Bilmirdim dediyinin lehinə gedim, ya əleyhinə. Hər iki variantda hiylə qura bilərdi bu çoxbilmiş! Bir dəfə qoşa altını əlimdə öldürdü də! Öldürməzdən əvvəl əllərini göyə açıb uzun müddət dua elədi, sonra ləzzətlə salavat çevirdi. Ordaca anladım ki, bu milli kommunistimiz ömrü boyu yalnız iri dubelləri öldürəndə dua edib Allaha! Yəqin ki, öz beynində yaratdığı oyun Allahına!

Nə isə, üçüncü oyunu birtəhər biz udduq. Dördüncünü də! Və inanmazsınız, beşincini də! Qotur keçiyə dönmüş tərəf müqabilimin qorxudan imkan düşdükcə “Ya qismət!” deyib bağladığı oyunlar bizim xeyrimizə işləyirdi. Budur, 3-2 irəlidəyik. Onun gözləri gülürdü.

Mən “vədə vaxtım gəldi, getməliyəm” – deyib meydanı qalib kimi tərk etdim. Amma çayxanadan əlli addım aralanmamış geri qayıtmağa ehtiyac duydum. Məşhur “üçlük” yenə telefon oyununa qayıtmışdı. Yanlarında da daşları kirlənmiş köhnə şötgə!

“Bağışlayın, “naparnik”imə bir söz demək istəyirəm, olar?” – stola ehmalca yaxınlaşaraq söylədim.

“Olar, niyə olmur” – ağsaqqal heyrətlə milçəköldürənə oxşayan şairin üzünə baxdı. Şair də bir şey anlamadı. “Naparnik”im laübalı tövrlə qalxıb mənimlə bir az aralandı. Dedim, müəllim, siz məni tanımırsınız, amma istəmirəm ki, yadınızda aciz adam kimi qalım. Biz onları niyə udduq bilirsizmi?

“Niyə?” – o nəhayətsiz maraqla gözlərimin içinə baxdı.

“Siz oyunları bağladıqca mən hər dəfə əlimdə həmin vaxt diqqət çəkməyən böyük xallı bir daş gizləyirdim. Məsələn, bir dəfə altının beşini, bir dəfə altının dördünü, bir dəfə beşin dördünü və s...”

Kişini dəhşətli gülmək tutdu. Hətta boğuldu da! Öskürdü, çeçədi, rəngi qızardı. Elə bil boğazına noxud uçmuşdu.

Əlavə etdim:

“Demək istəyirəm ki, sovet hökumətindən yeyib səmrimiş bu adam, nə qədər hiyləgər olsa da mənə kələk gələ bilməz. Yoxsa vurub özümü öldürərəm!”

“Naparnik”imin əlini sıxdım, o yenə öskürə-öskürə bəlğəmli səslə xeyli güldü.

Çayxanadan aralanıb küçəyə burulanda çiynimin üstündən baxdım ki, hələ də yorğun gözlərini arxamca zilləyib gülümsünür.

O, kim idisə, həmin gün ürəkdən sevindirməyi bacarmışdım!