Duz bazarında “duzsuz”luq

duz-bazarinda-duzsuzluq-
Oxunma sayı: 672

Azərbaycan Duz İstehsalçıları İctimai Birliyi ölkə ərazisində satılan duzların tərkibindəki mövcud problemləri nəzərə alaraq duz istehsal müəssisələrində və satış nöqtələrində monitorinqlər keçirib. Monitorinqin nəticələri ilə bağlı bu gün mətbuat konfransı keçirən İctimai Birliyin sədri Yaşar Nəbizadə deyib ki, 2 aya yaxın dövrü əhatə edən yoxlamalar Bakı şəhərini əhatə edib: “Satış nöqtələrində əhaliyə təklif olunan keyfiyyətsiz duzların mənbəyini araşdırarkən məlum olur ki, bu duzlar respublika ərazisində yerləşən müxtəlif göllərdən toplanan duzların hesabına istehsal olunmaqdadır. Hal-hazırda Qaradağ rayonu ərazisində son dərəcə təhlükəli tərkibə malik açıq duz göllərindən duz toplanaraq satışa çıxarılmaqdadır. Təəssüflə bildiririk ki, hələ də mövcud duz bazarında yodlaşdırılmayan, təmizlənməyən, rəngarəng qablara qablaşdırılmış belə keyfiyyətsiz duzların satışı davam edir. Bakı şəhərində və respublika ərazisində əfsuslar olsun ki, çörək bişirmə, pendir hazırlama sahəsində əksər hallarda yodsuz, təmizlənməyən, mənşəyi bəlli olmayan, təhlükəli duzlardan istifadə olunur. 2001-ci ildə “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” qəbul olunmuş qanunun 8.3 maddəsinə görə “Yodlaşdırılmamış duzun qida və yem məqsədi ilə istehsalı, satışı və Azərbaycan Respublikasına idxalı qadağandır”. Bu istiqamətdə İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən aparılan mübarizə saxta duzların satışının qarşısının alınmasında əhəmiyyətli dərəcədə müsbət təsir göstərib”.

Y. Nəbizadənin sözlərinə görə, satışa çıxarılan duz məhsullarının tələblərə tam cavab verməsinə nail olmaq üçün, duz istehsalı ilə məşğul olan kiçik sahibkarlar mütləq müasir texniki avadanlıqlarla təmin olunmalıdırlar: “Hazırda Masazır Duz Zavodundan başqa Azərbaycanda fəaliyyət göstərən heç bir duz istehsalı müəssisəsində duzun rafinə-qaynatma üsulu ilə istehsalı aparılmır. Nəticədə köhnə duz istehsal müəssisələri kustar üsullarla duz istehsalını həyata keçirirlər. Duzun müasir sənaye üsulu ilə istehsalı kifayət qədər sərmayə tələb etdiyindən və azgəlirli sahə olduğundan kiçik sahibkarlar bu sahəyə sərmayə qoymağa maraq göstərmirlər”.

Birlik sədri onu da qeyd edib ki, monitorinq zamanı aydın olub ki, Azərbaycan İnvestisiya Şirkəti və “Azərsun Holdinq” tərəfindən inşa olunmuş Masazır Duz Zavodu texnoloji sxeminə görə son dərəcə müasir texnoloji avadanlıqlarla və avtomatik idarəetmə sistemləri ilə təchiz olunub: “İstehsal çıxarılan xam duzun rafinasiya yolu ilə təmizlənməsinə, dəqiq dozatorlarda yodla zənginləşdirilməsinə, qurudularaq və standartlara uyğun olan paketlərdə qablaşdırılmasına əsaslanır. Diqqətimizi çəkən məqam, duza əlavə olunacaq miqdarca xeyli az olan yodun dəqiq dozatorlar vasitəsi ilə duzun hər bir qramına lazım olan eyni miqdarda paylaşdırılmasıdır. Bu xüsusiyyət duzda yodun lazımi miqdarda olmasına tam zəmanət verir. Bundan başqa rafinasiya üsulu ilə təmizləmə duzun saflığını ən yüksək həddə çatdırır və lazımsız maddələri tam olaraq ondan kənarlaşdırır”.

Nigar Məmmədli